Baş redaktor 22 gündür komadan ayılmır
Ölçü:



Komaya düşən jurnalist, Mediapress İnformasiya Agentliyinin baş redaktoru Natiq Qocaman bir neçə gün öncə Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb.

Jurnalistin həyat yoldaşı Könül Qocayevanın Koordinat.az-a verdiyi məlumata görə, həyat yoldaşının bu xəstəxanaya köçürülməsinin səbəbi həmin səhiyyə müəssisəsinin ixtisaslı tibb ocağı olmasıdır.

Bu gün Natiq Qocamanın durumunu öyrənmək üçün həyat yoldaşı ilə yenidən əlaqə saxladıq. O, əməkdaşımızla söhbətində həyat yoldaşının durumunda heç bir irəliləyiş olmadığını deyib:

“Artıq 22 gündür, Natiq komadadır. Hələ də durumunda irəliləyiş qeydə alınmayıb.

Prezident İlham Əliyevin nəzarəti altında müalicəsi davam etdirilir. Həkimlər eyni şeyi deyirlər. Yenidən onun cərrahiyyə əməliyyat edilməsi, hər hansı müdaxilə olunması mümkün deyil. Yeganə çıxış yolumuz gözləməkdir ki, komadan ayılmasına ümid edək. Hər bir halda durumunun geriləməməsinə, heç olmasa stabil qalmasına şükür edirik”.

Qeyd edək ki, jurnalist Natiq Qocaman fevralın 1-i axşam saatlarında insult diaqnozu ilə əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) xəstəxanasına, oradan da Mərkəzi Klinik Xəstəxanasına  yerləşdirilib. Mərkəzi Klinik Xəstəxanada o, beyin əməliyyatı keçirib. Natiq Qocamanın beyin kötüyünə, tam mərkəzə maye yığılmışdı.

Jurnalistin xanımı Könül Qocayeva həyat yoldaşının müalicəsinə dəstək üçün ölkə Prezidentinə müraciət edib. Prezident İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Administrasiyanın şöbə müdiri Əli Həsənov ölkə başçısına bu haqda məruzə edildiyini  və prezidentin jurnalistin səhhəti ilə bağlı müvafiq yardım göstərilməsi üçün tapşırıq verdiyini söyləyib.

Məlumat üçün bildirək ki, Natiq Qocaman uzun müddət ”Oxu məni” qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində çalışıb.
22.02.2019 12:01:00
Oxuma sayı: 616