Mətbuat Şurası 91 KİV-in adını “qara siyahı”ya salıb
Mətbuat Şurasının “qara siyahı”sındakı son vəziyyət necədir?
Koordinat.az xəbər verir ki, bununla bağlı Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Modern.az-a danışıb. Onun sözlərinə görə, bu il də Mətbuat Şurası kifayət qədər aktiv şəkildə işləyərək həm Şikayətlər üzrə Komissiya, həm də Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyası işlərini davam etdiriblər: "Hər ay onların toplantısı keçirilib və xeyli müraciətlərə, şikayətlərə baxılıb. Müraciətlərin bir qismi yerindəcə həll olunub və barışıq əldə edilib, yaxud media qurumları verilən rəyləri nəzərə alıb. Bəziləri isə Mətbuat Şurasının rəyləri ilə hesablaşmayıblar, öz neqativ əməllərini davam etdiriblər. Onların adı Mətbuat Şurasının “qara siyahı”sına daxil edilib. Bu baxımdan 2017-ci ildə də xeyli KİV qurumunun adı həmin siyahıya əlavə olunub”.
M.Ələsgərli qeyd edib ki, 2017-ci ildə adları “qara siyahı”dan çıxarılan KİV nümunələri yoxdur: “Hazırda “Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları”nı mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, səhifələrində insanların şərəf və ləyaqətini aşağıladıqlarına görə 91 nəşrin adı “qara siyahı”da qalır. 2017-ci ildə 9 KİV-in adı “qara siyahı”ya daxil edilib. Bunlardan yalnız biri qəzetdir, qalanları saytdır. (“Obyektiv.org” saytı, “Korrupsiyaya yox” qəzeti, “Aztoday.az” saytı, “Dövrün nəbzi” (dovrunnebzi.com) informasiya portalı, “Dünyapress.com” saytı, “Nia.az” saytı, “Reallıq.info” saytı, “Qanunxəbər” İnformasiya Agentliyi (“Qanunxeber.az” saytı) və “Xalqınsesi.com” saytı)”.
18.12.2017 15:21:00
Oxuma sayı: 852