Anbarlarda 577 milyon manatlıq satılmamış mal yığılıb
Ölçü:


İstehsalçı müəssisələrin anbarların hazır məhsul qalığı artmaqdadır. Belə ki, anbar qalığı 01 yanvar 2015-ci il vəziyyətinə 355,1 milyon manat, 01 yanvar 2016-cı il vəziyyətinə 415,8 milyon manat, 01 yanvar 2017-ci il vəziyyətinə 471,2 milyon manat olduğu halda 01 noyabr 2017-ci il vəziyyətinə 577 milyon manat təşkil edib.

Koordinat.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu bildirib. O qeyd edib ki, bu ilin 10 ayı ərzində istehsalçı müəssisələrin anbarların hazır məhsul qalığı 106 milyon manata qədər artıb: "Anbarlarda hazır məhsul qalığının artımını əsasən 2 səbəblə izah etmək olar. Birincisi, istehsal olunan malların keyfiyyətsiz və rəqabətə davamlı olmadığından, eləcə də bazarın tələblərinə cavab vermədiyindən satılmaması, ikincisi isə bəzi məhsulların qiymətlərində artımın gözlənildiyini nəzərə alaraq istehsalçıların onları satışa çıxarmaması".

Qubad İbadoğlu bildirir ki, hazırda mövcud olan anbar qalıqları daha çox birinci səbəbdən yaranıb. Belə ki, xüsusilə də son 13 ildə 62,8 milyard manat xərclənən “Regionların sosial-iqtisadi inkişaf proqramları” çərçivəsində yaradılan yeni müəssisələr və sexlərin bir çoxundan məhsul buraxılışı bazarın tələblərinə cavab vermədiyindən onlar satılmır, yenidən istehsalçı müəssisələrin anbarlarına qayıdır. Odur ki, hazırda istehsalçı müəssisələrin anbarların hazır məhsul qalığı 577 milyon manata çatıb.

"Digər tərəfdən də bəzi məhsullar qiymətində gözlənilən qiymət artımını nəzərə alaraq istehsalçılar onları baha qiymətə satmaq niyyəti ilə həmin malları bir müddət anbarlarda saxlayır və qiymət bahalaşarkən satmağa üstünlük verir. Hazırda Azərbaycan iqtisadiyyatında qiymətlərin artım tendensiyası davamlı xarakter daşıyır və onun səviyyəsi də getdikcə qalxır. Odur ki, anbar qalığının artımından bu faktor da nəzərə alınmalıdır" - deyə, iqtisadçı bildirib.
18.12.2017 12:37:17
Oxuma sayı: 132