Məqsəd sahibkarlığı dəstəkləməkdir
Ölçü:


Bu il yanvarın 1-dən qüvvəyə minmiş vergi qanunvericiliyinə dəyişikliklərin bir çoxu sahibkarlığın dəstəklənməsinə, vergi uçotunun şəffaflaşdırılmasına və "kölgə iqtisadiyyatı"nın aradan qaldırılmasına yönəldilib.

Koordinat.az xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib. O qeyd edib ki, hazırda Azərbaycanda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə müxtəlif sahələrdə vergi güzəştləri tətbiq olunur: "1999-cu ildən kənd təsərrüfatı, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddır. Bu, çox böyük güzəştdir və belə güzəştlərə dünyada nadir hallarda rast gəlinir. Həmin güzəştlərin müddəti bu ildən daha 5 il uzadılıb. Amma bəzən vergi ödəyiciləri bunu hesabatlılığın pozulması kimi də başa düşürlər, bəyannamələri vaxtlı-vaxtında vermirlər, rəqəmləri düzgün göstərmirlər. Bu isə vergi uçotunun pozulmasına gətirib çıxarır. Nəticə etibarilə vergidən yayınma halları təkcə kənd təsərrüfatı sahəsini deyil, tədarükçüləri, ixracatçıları və digərlərini də əhatə edir. Bunların qarşısını almaq üçün, birinci növbədə, şəffaf və dürüst vergi uçotu qurulmalıdır. Biz bu istiqamətdə digər dövlət orqanları ilə birlikdə ciddi işlər aparırıq".

Sahib Ələkbərov bildirib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, hər şeydən əvvəl, sahibkarlar üçün daha rahat biznes və vergi mühitinin formalaşdırılmasına yönəldilib: "Məcəlləyə dəyişikliklərdə birinci məqsəd sahibkarlığın dəstəklənməsidir. İkinci yerdə "kölgə iqtisadiyyatı"nın azaldılması kimi mühüm bir məsələ dayanır. Vergi inzibatçılığının sadələşdirilməsi, təkmilləşdirilməsi və digər məsələlər də var. Bunlar hamısı ona yönəldilib ki, sahibkarlar daha rahat işləyə bilsinlər".
13.02.2019 10:48:00
Oxuma sayı: 238