Qərbi Azərbaycan qaçqınları narazıdır - fərqli münasibətdən
Ölçü:


Fevralın 23-də Azərbaycan Qaçqınlar Cəmiyyəti İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib. Cəmiyyətin fəallarının və ziyalıların nümayəndələrinin də iştirak etdiyi iclasda qaçqınların sosial problemləri hərtərəfli müzakirə edilib. Son zamanlar Bakı şəhərindən və bölgələrdən Cəmiyyətə daxil olan müraciətlərin çoxalması müvafiq dövlət qurumlarının qaçqınların problemlərinə illərdən bəri laqeyd münasibətinin nəticəsi kimi qiymətləndirilib.

Qaçqınlar Cəmiyyətindən Koordinat.az-a verilən məlumata görə, iclasda Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində dövlətin atdığı addımları yüksək qiymətləndirilib. Bildirilib ki, məcburi köçkünlərlə eyni faciəli taleyi yaşayan Qərbi Azərbaycan qaçqınlarının bu qayğıdan tamamilə məhrum olduğunu böyük təəssüf doğurur. Yaranmış vəziyyətin arzuolunmaz həddə çatdığını vurğulayan tədbir iştirakçıları qaçqınların sosial problemlərinin monitorinqini keçirmək məqsədilə konkret addımlar atılmasının zəruriliyi qərarına gəliblər.

Tədbirin sonunda qaçqınların problemlərini araşdırmaq məqsədilə doqquz nəfərdən ibarət Komissiya yaradılıb. Komissiyanın tərkibinə AQC rəhbərliyi, qaçqınların nümayəndələri və ziyalılar daxil edilib. Komissiyaya qaçqınların problemlərinin real vəziyyəti ilə bağlı geniş hesabat hazırlamaq tapşırılıb. İlk addım olaraq Komissiya Qərbi Azərbaycan qaçqınlarına müraciət qəbul edib.
04.02.2019 09:38:00
Oxuma sayı: 324