“O, yazdığı hər sözə görə məsuliyyət daşıyan qələm adamıdır” -
Müsəllim Həsənovun 60 yaşına
Ölçü:


Tanrı verən qədər ömrü yaşamağı hər insan bacarmır. O ömrü ki, yaşaya bilirsən, onda deməli həm də Tanrının sevimli bəndəsi ola bilirsən. Müsəllim Həsənovu da 60 yaşına üzü ağ gətirən Tanrının sevimli bəndəsi olmasıdır. 60 yaşın işığında bu uğurları görmək çətin deyil. Kitablar, filimlər müəllifi Müsəllim Həsənovu bu ömür yolunda ən ucalıqlara qaldıran şah əsəri isə onun ailəsidir. Bu ailə üzvlərinin hər biri haqqında ürəyin istədiyi qədər xoş söz deyə bilərsən. Həyat yoldaşı Şəhla xanım Nağıyeva Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun professorudur. Onun da elm adamı olması Müsəllim Həsənovun həyatdakı yerini tutmasında, Tanrının ona verdiyi ilahi hissiyyatdan, istedaddan bəhrələnməsində əvəzsiz rol oynamışdır.

Müsəllim Həsənov müraciət etdiyi bütün mövzuları qəlbinin süzgəcindən keçirərək yazır. Ona görə də Müsəllimin yaradıcılığı rəngarəngliyi ilə həmişə seçilib. "Yeni Fikir", "Müstəqil qəzet" , "Panorama", "Bizim Əsr" qəzetlərində, "Media-Holdinq" şirkətində işləyib, Azərbaycan Respublikası Prokurorluğunda mətbuat xidmətinin rəhbəri olub, "Lider" televiziyasında redaktor, İctimai Televiziyanın "Carçı-Film" Yaradıcılıq Birliyində böyük redaktor, hazırda isə Bakı Media Mərkəzində redaktor vəzifəsində çalışır.

M.Həsənov "Lider" televiziyasında nümayiş olunan bir sıra sənədli filmlərin ssenari müəllifi və redaktoru olub. İctimai TV-də nümayiş olunmuş "Daşdan tikilmiş şəhər", "Amerika və amerikalılar", "Mübariz" (Milli Qəhrəman Mübariz İbrahimov haqqında) filmlərinin ssenari müəllifi, eləcə də "Bakı vaxtı" sənədli filmlər silsiləsinin müəllifi və aparıcısı olub.

Onun ssenari müəllifi olduğu “Əbədi ezamiyyət” sənədli filmi Azərbaycanın müstəqillik tarixinin nisbətən az öyrənilən daha bir qaranlıq səhifəsinə işıq salır, xalqımızın və dövlətimizin bugünkü uğurlara çatmaq üçün keçdiyi keşməkeşli tarixə qürur hissi ilə baxmağa imkan verir. Bu film Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin taleyindən bəhs edir. M. Həsənovun “Son iclas” filmi isə Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir. Filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizədən bəhs olunur. Onun Vaşinqtondan görünən Azərbaycan, Amerikadan oxunanlar, Arlinqton məzarlığı qısametrajlı sənədli televiziya filmləri də ictimai televiziyada istehsal olunubdur.

Müsəllim Həsənovun yaradıcılığına nəzər yetirdikdə görürük ki, onun dili sadə və hər bir oxucu üçün başa düşüləndi. Bütün bunlar Müsəllimin Ana dilimizin doğmalığı ilə yaşamasından, zənginliyinə bələd olmasından, eyni zamanda bu ülvi hisslərlə, duyğularla yazıb, yaratmaq bacarığından irəli gəlir.

Müsəllim Həsənovun “Qərib məzarlar” kitab-albomu 1919-cu ildə Parisə ezam olunmuş Azərbaycan nümayəndə heyətinin, eləcə də ötən əsrin 20-ci illərində bolşevik təqibindən yaxa qurtarmaq üçün Fransaya üz tutan soydaşlarımızın bu ölkədəki taleyi və məzarları barədə ilk məlumat toplusudur.

Əlbəttə, hər hansı bir mövzunun qulpundan tutub onu araya, ərsəyə gətirmək üçün ilk növbədə qəlbinin nuruna bələnməyi bacarmalısan. Ən əsası isə oxucunu da qəlbinin, duyğularının işığına inandıra bilməyindir. Elə M.Həsənovun da yaradıcılığında maraq doğuran tədqirəlayiq cəhətlərindən biri də oxucu ilə hissləri arasında paralellik yaratmaq bacarığıdır.

“Adi və qeyri-adi Amerika” kitabı ( kitab Şəhla xanılm Nağıyeva ilə birgə yazılıb ) oxucunu çox rahatlıqla Amerika reallığı ilə tanış edir. Bu yerləri azərbaycanlıların daha çox səyahət etdiyi Türkiyə ilə heç də müqayisə etmək olmaz. Türkiyə gəzintiləri bizləri təəccübləndirməyə bilər. “Amerikada isə... mütləq «mədəniyyət şoku» keçirməlisən! Amerika Birləşmiş Ştatları başqa ölkə, başqa insanlar, başqa mədəniyyət, başqa adət-ənənələr deməkdir. Bu «başqa»lığın mahiyyətini isə bir neçə kəlmə ilə, beş cümlə ilə izah etmək çətindir”.

M.Həsənov yazdığı hər sözə, cümləyə görə məsuliyyət daşıyan qələm adamlarındandır. Onun “Azərbaycanda gəmiçilik: sənədli tarix” kitabında ölkəmizin zəngin dənizçilik ənənələrinə nəzər salınıb, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixinə işıq salınıb. Burada fotoların hər biri özündə böyük bir tarixi əhəmiyyətli yük daşıyır. Bu kitabda da oxucu mövqeyi, sevgisi, hissi hər sətirdə duyulmaqdadır.

“NOBELLƏR neft, milyonçular və qoçular şəhərində “ kitabı Nobel qardaşlarının Bakıdakı fəaliyyətindən bəhs edir. Kitab Bakı, Moskva və Sankt Peterburq arxivlərində saxlanan sənədlər, o dövrün mətbuat materialları əsasında yazılib. Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları ilə Nobel qardaşları şirkətinin əməkdaşlığı, şirkətin loqotipi kimi Atəşgah simvolunun seçilməsi səbəbləri, Nobellərin Bakının məşhur neft sənayeçiləri və hətta Bakı qoçuları ilə əlaqələri və s. kimi maraqlı məqamlardan söhbət açılır. Bundan başqa, kitabda dünyaca məşhur Nobel mükafatı fondunun formalaşmasında Bakı neftinin payı xüsusi qabardılır.

Müsəllim Həsənov 60 illik ömür yolunda iddiası, qüruru ilə yanaşı səmimi və təvazökarlığı ilə çoxlarına nümunə olub. O, media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə Ali Media Mükafatının 2-ci dərəcəsi ilə təltif olunub, Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

60 yaş. Bu özü bir tituldu, mükafatdı, hədiyyədi. Əlbəttə ki, bu zirvəyə layiqli çatanda. Bu zirvəyə layiqli çatmısansa deməli ömrü hədər verməmisən. Ömür Tanrının hər bir insana bəxş etdiyi əmanətdir. Əmanətə xəyanət etmədikdə mükafatını da alırsan. Elə Müsəllim Həsənovun da uğurlu taley yaşamasının sirri bundadır. Hər anının, gününün, həftəsinin, ilinin,- ömrünün qədrini bilib. Valideyinlərinə yaxşı övlad, həyat yoldaşına sədaqətli ər, övladlarına layiqli ata, nəvələrinə sevimli baba, doğmalarına, qohum-əqrabalarına, dost və tanışlarına əvəzsiz insan olub. Əlbəttə, o vaxt əvəzsiz insan olursan ki, Tanrı verən ömrü yaşamağı bacarasan. Elə Müsəllim Həsənov kimi.

Nə yaxşı ki, ömür səni,
Gətirib bu yaşa, bəsdi.
Sərinliyin yaza, yaya,
İstiliyin qışa bəsdi.

Söz ucalır, sətir-sətir,
Qönçə güldə olmaz ətir,
Göz üstündə qaş bir çətir,
Bu ucalıq qaşa bəsdi.

Qıyma tutsun kədər ömrü,
Qoyma getsin hədər ömrü,
Tanrı verən qədər ömrü
Bacarırsan yaşa, bəsdi.
Natiq Qubadoğlu
28.01.2019 10:11:32
Oxuma sayı: 507