Rusiya Azərbaycanı hədələyir: son 3 ayda Bakıya qarşı 4 bəyanat – Qarabağ ətrafında nə baş verir?
Ölçü:

Bir tərəfdən Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin bu və digər şəkildə müsbət istiqamətə yönəlməsi, digər tərəfdən isə Rusiya XİN tərəfindən ölkəmizə olan reaksiya anlaşılmazdır.

Koordinat.az xəbər verir ki, bunu Rusiya XİN tərəfindən Azərbaycana qarşı səsləndirilən bəyanatlara münasibət bildirən politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana üz tutması, bu halların artması bir qədər təxribatçı xarakter daşıyır: “Yəni nə baş verir?! İndiyə qədər bu cür insidentlər olmayıb. Amma indi Azərbaycana gəlmək istəyən ermənilərin sayı niyə birdən-birə bu qədər artıb? Mənim yadımda deyil ki, 15-20 il bundan qabaq bu cür əhvalatlar baş versin, yaxud Rusiya XİN bu hadisələrə bu qədər sərt reaksiya göstərsin. Ancaq son vaxtlar, hətta son 3 ayda 4 dəfə bu məsələ ilə bağlı Rusiya XİN tərəfindən ölkəmizə qarşı bəyanatlar səsləndirməsini, sərt reaksiyasını təsadüf hesab etmirəm. Hansısa dairələr çalışırlar ki, Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda ortaya çıxan müsbət çalarları heçə endirsinlər”.

Politoloq qeyd edib ki, eyni zamanda Ermənistan XİN tərəfinin də bəzi açıqlamaları başa düşülən deyil: “Son günlərdə Ermənistanın siyasi dairələrinin nümayəndələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın optimizminin əsası olmadığına dair açıqlamalar verir. Görünür, bu qüvvələr bir-bir ilə əlbirdir”.

Politoloq vurğulayıb ki, bütün hallarda Rusiya XİN-i açıq, hədələyici bəyanatlarla çıxış etməməlidir: “Əslində bu cür məsələlər başqa müstəvidə həll olunmalıdır. Hər iki ölkənin XİN tərkibində nazirliklərarası komissiya bu cür məsələləri fərdi şəkildə araşdırmalıdır. Buna ehtiyac olduğunu düşünürəm. Ancaq bunu beynəlxalq müstəviyə çıxarmaq və Azərbaycan-Rusiya münasibətlərinə ləkə salmaq istəyi anlaşılmazdır. Bütün hallarda məsələ bu cür davam etməməlidir və bu tendensiyaya son qoyulmalıdır”.  (Axar.az)


20.01.2019 10:48:00
Oxuma sayı: 466