İlham Qəhrəman: “Ədəbiyyatın xırmanında olmayanlar onun təknəsindən yeyirlər” - MÜSAHİBƏ
Ölçü:



Koordinat.az şair İlham Qəhrəmanın “Cümhuriyət”  qəzetinə müsahibəsini təqdim edir.

-İlham müəllim, məlumdur ki, bu gün ədəbi tənqid ürəkaçan deyil. Ancaq sizin baxış bucağınızdan tənqid necə görünür?

-Şəxsən bu gün ədəbi tənqid mənim yaralı yerimdir. Mənə görə tənqidçilər bir neçə qrupa bölünürlər. Bir qrup tənqidçilərimiz var ki, öz işlərinə vicdanla yanaşaraq müəllifi şəxsən tanıdı-tanımadı fərqi yoxdu, sırf bədii mətnlərə müraciət edirlər. Ancaq bir qrup tənqidçilərimiz də var ki ya tanışlığa görə, ya da başqa səbəblərdən dolayı zəif bir yazarın mətnlərini bəh-bəhlə tərifləyirlər. Halbuki həmin “şair” o tərifə qətiyyən layiq deyil. Belə şeyləri müşahidə etmək bir qələm adamı kimi bizi ağrıdır. Özünü ciddi tənqidçi hesab edən şəxsin ədəbi meyarlara nəyinsə xatirinə qeyri-ciddi yanaşmaq haqqı yoxdur. Mən şəxsən ədəbi meyarların qorunmasının tərəfdarıyam. Meyarlar itməsə, ədəbiyyatımız da dünyaya çıxmağı bacarar. Buraya onu da əlavə edək ki, tənqidçilərin rəyi ilə bəzi oxucu kontingentinin zövqü formalaşır. Yəni belə demək mümkünsə, tənqidçinin qələminə baxan oxucular var. Belədə məsələnin nə qədər ciddi olduğu ortaya çıxır.

-Belə deyək, belə yalançı təriflər oxucunu aldadır…
-Hamını aldadır deyib, hökm vermək olmaz. Çünki kifayət qədər zövqü formalaşmış ayıq oxucu var ki, onları yalançı tənqid aldada bilmir. Həmin ayıq oxucu çox asanlıqla anlayır ki, bu şişirdilmiş tərif nəyə görə yazılıb. Bura zəif yazrları nəyin hesabınasa, efirlərdən tamaşaçı və dinləyiciyə təqdim edənləri də aid etmək olar.

-Bəs siz bir şair kimi vicdanla sözünü deyən tənqidçiyə rast gəlmisinizmi?
-Qələminə hörmət etdiyim, dürüst fikirli, qərəzsiz yanaşması olan tənqidçilərimiz az deyil. Bunlardan biri də İradə Musayevadır. İradə Musayeva məni tanımadan geniş bir məqaləsində haqqımda xoş sözlər yazmışdı. İnanın səmimiyyətimə, o vaxt mən heç o xanımı tanımırdım. Hətta yazının sonunda onun imzasını görəndə təəccüb etdim ki, nə əcəb məni şəxsən tanımayan bir adam yaradıcılığıma münasibət bildirib. Həmin yazısında kontekstdən çıxış edən tənqidçi bəzi şairlərdən sitat gətirib onları tənqid etmişdi. Bundan sonra tənqid olunan şairlər mənə qısqanclıq etdilər, hətta İradə xanımın bostanına daş atanlar da oldu.

-Sözləri ilə gözünüzdən düşən ədəbi gəncliyin nümayəndəsi olubmu? Baxmayaraq ki, sizi nadir hallarda ədəbi mühitdə görürük…
-Dediyiniz kimi mən bu ədəbi mühitdə ara-sıra görünürəm. Ancaq bir oğlan var - Emil Rasimoğlu, o, son vaxtlar sosial şəbəkələr vasitəsiylə məni tədbirlərə dəvət edir. Gəncləri ancaq tədbirlərdə görürəm. Amma onların yaradıcılığını mətbuatdan və internetdən oxuyuram, bədii mətnləri ilə tanışam. Ona görə deyə bilərəm ki, ədəbi gəncliyin qələminə etibar etmək olar. Ədəbiyyata gələn gənclər içərisində qədəmləri uğurlu olan şairlər var. Fərqli üslubda, yeni düşüncə tərziylə yazan yenilikçi gənclərimiz var. Yazdıqları da uğurlu alınır. Yadımda qalan imzalar da var - Fərid Hüseyn, Şəhriyar Del Gerani, Ruslan Dostəli, Elvin Bakiroğlu, Şəfa Vəliyeva, Sevinc Elsevər, Könül Həsənqulu, Rəşıdə Allahverdiyeva, Cavi Dan, Jalə İsmayıl, Turanə Turan Rəhimli və başqalarını göstərmək olar. Sadəcə bəzi cavanlarda sevmədiyim cəhət odur ki, şeirdə gözləmədiyin yerdə plagiatlıq edirlər.
Təvazökarlıqdan uzaq olsa da deməyə məcburam - mənim ən çox bələd olduğum öz poeziyamdır. Misralarımı olduğu kimi gənclərin şeirlərində görəndə bu, mənə pis təsir edir. Çünki şeir mənim üçün əzizdir. Sənə əziz olanın oğurluğu isə dəhşətdir. Vaxt olub ki, həmyaşıd dostlarım şeirlərimi öz adlarından oxuyublar. Bir neçə şair və şairə dostlarımız fikir və deyimlərimizi olduğu kimi kopyalayıblar. Hətta kiatbında nəşr etdirən də var. Qiraətçi Ağalar Bayramov mənim şeirimi öz adından deyirdi efirlərdə. “Kim ölə, kim qala” şeirimin yalnız möhürbənd hissəsində “İlham isinmədi istinə sənin” misrasını dəyişərək, “Ağalar qızmadı istinə sənin” edib verlişlərdə, tədbirlərdə səsləndirirdi. Elə həmin şeirimi bu şəkildə də diskə yazdırmışdı. Həmin disklər İranda da yayılmışdı. Bunu İranda taksi sürücüsünün maşınında dinlədim. Bir dəfə ATV telekanalındakı şouda Ağalar Bayramov çıxış edirdi. Uşaqlar dedi ki, ata, gəl Ağalar müəllim sənin şeirini deyir. Mən də sevinc içində dinləyirəm. Bir də gördüm ki, yuxarıda qeyd etdiyim kimi adı dəyişib, şeiri öz adından oxuyur. Mən bunu mətbuatda qabardanda Ağalar məndən küsdü ki, İlham Qəhrəmandan bunu gözləməzdim.

-Gənclərlə bağlı sualımıza qayıdaqmı?
-Bilirsiniz, hər şey təqliddən asılıdır. Belə deyək, uşaq balaca vaxtdan evdə böyüklərdən nə görürsə, onu da yamsılamağa çalışır. İlkin dövrlərdə hər hansı bir şairi yamsılamaq gənc yazar üçün eyib sayılmır. Ancaq həmin gənc, şair kimi yetişəndən sonra gərək özü olsun, özünü yazsın.

-Elə şair həmkarlarınız varmı eyni masa etrafında belə onlarla əyləşmək istəmirsiniz?
-Ədəbi mühitdə bir çox qələm əhli var ki, onlarla münasibətim siz dediyiniz şəkildədir. Bu gün ədəbiyyatın xırmanında olmayıb, onun təknəsindən çörək yeyən xeyli adamlar var. Belə adamların haqqı yoxdur ki, ədəbiyyatın çörəyini yesin. Amma haqları çatmayan təknəyə çörək üçün əl uzadırlar. Yazıçılar Birliyi mənə yüngül bir iş vermişdi. Yeddi ay sənədləri qaydasına salmaqla məşğul oldum. Axırda dedilər sənədləri qaytar. Hətta verdikləri əmri də geri oxudular.

-Niyə? Buna səbəb nə idi?
-Heç bilmədim ki, niyə. Bunu Rəşad müəllimdən soruşun. Yəni axırda Rəşad müəllim qarışdı bu işə və məsləhət gördü ki, aparıb belə demək mümkünsə, bismillah etmədiyim idarənin möhürünü və sənədlərini qaytarım.

-İlhamınız gələn kimi yazırsınız, yoxsa yazının zamanını gözləyirsiniz?

-Mən yetişməmiş heç nə yazmıram. Belə deyək də, mövzunu bir müddət içimdə çörək bişirən xanımlar yoğrulmuş xəmirin gəlməyini gözləyən kimi gəlməyə qoyuram. Şeiri yazmağa tələsmirəm, başlayanda isə əl çəkmirəm, düz oturmayan misraları cilalamaqdan, xoşuma gəlməyən misraları bir neçə dəfə dəyişməkdən usanmıram, uğurlu variantı tapanda işimdən zövq alıram. Mənə elə gəlir ki, vaxtından əvvəl şeir yazmaq meyvənin ağacdan kal düşməyi kimidir.

-İlham müəllim, hansı mükafatlarınız var?
-Mükafatdan söz düşmüşkən bir hadisəni danışamaq istəyirəm. Bir gün bir qələm dostu mənə zəng etdi ki, sən Azərbaycan KİVİHİ Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm” mükafatına layiq görülmüsən, get mükafatını götür. Təbii ki, mən də sadəlövh adamam deyilənə inanıb ora getdim. Ora çatanda isə mənə dedilər ki, sənə bu mükafatı veririk. Ancaq sən də əvəzində bizə 150 manat pul verməlisən. Bu sözləri eşidəndə elə bil başımdan qaynar qazan tökdülər - həqiqətən pis oldum. Çünki mən yaradıclığıma qiyməti pulla alımıram axı. Mükafatdan imtina edib çıxıb getdim. Sonra həmin şəxs yenidən zəng edib xahiş-minnət etdi ki, bəs yaxşı deyil, geri qayıt mükafatı al. Mən də artıq başa düşdüm ki, o mükafat mənə pul ilə satılır. Üzümdən gəlmədi imtina edəm, məcbur qalıb gedib 130 manat verib mükafatı aldım. Sonra dostum Hikmət Sabiroğluna dedim bu haqda. Hikmət Oktay Salamzadəyə zəng edib məsələdən halı olmaq istəyəndə rəhmətlik demişdi ki, mən İlham Qəhrəman adlı şəxsə mükafat imzalamamışam. Artıq anladım ki, bu mükafatın əsasını alver təşkil edir. Bu ucuz səviyyəli ədəbi alver şairin hisslərini ucuz tutaraq onunla oynamaqdan başqa bir şey deyildi. İndi o mükafat evdədir. O mənə baxır, mən də ona. Mənə elə gəlir ki, mən o mükafata baxanda o məndən utanır, mən də ondan. Bu ölkədə mənim heç bir mükafatım olmayıb.

- İlham Qəhrəmanın Laçın xatirələri olmamış olmaz…

- Əlbəttə, doğulduğum yerlərlə bağlı xeyli kövrək xatirələrim var. Yazının müxtəlif formaları var: klaviatura ilə kompüterə yazmaq, qələmlə kağıza yazmaq və bir yazı da var ki, xatirələr şəklində yaddaşa yazılır. Hər kəsin uşaqlıqdan yaddaşına yazılmış xatirələri var. Elə zaman gəlir ki, xatirələr səni o uşaqlığa qaytarır. Həmin uşaqlıq illəri adamı özünə çəkir. Kim uşaqlıq illəri keçən məkana gedə bilirsə, yaddaşdakı yazısını oxuyur. Ancaq kim ki, uşaqlıq xatirələriylə bağlı məkandan uzaq düşübsə, ora gedə bilmirsə, bax, bunun ağrısı əlbəttə ki, çox dəhşətlidir. Laçınla bağlı yaddaşıma yazılan yazıları - uşaqlıq xatirələrimi - oxuya bilmirəm. Mən Laçından məhrum olduğum kimi, onunla bağlı xatirələrimi oxumaqdan da məhrumam. Ömrümün 6 ilini ayırıb ancaq Laçın folkloru yazmağa həsr etdim. Bu da Laçına və laçınlılara sevgimdən irəli gəlir. Laçın bu gün mənim oxuya bilmədiyim yaddaş yazımdır.

-Oxucular İlham Qəhrəmandan hansı ədəbi nümunələri gözləsinlər…?
-Bu il silsilə şeirlər işlədim. Onların içərisində sevgi, tale, həm də yurd həsrətli şeirləri yer aldı. Ən çox sevdiyim insan anam olub, ən çox incitdiyim insan da anam olub - buyruğuna baxmamışam. Uşaqlıqda anamı incidən o usağı yazmaq istəyirəm. Beynimdə onu bişirirəm. Daha çox müşahidə apararaq yazmağı çox sevirəm.
27.09.2016 13:52:00
Oxuma sayı: 1091