Analoq TV yayımının dayandırılması köhnə televizorları sıradan çıxaracaq
Ölçü:


Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən iclasında Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının noyabrın 1-dən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının dekabrın 1-dən etibarən dayandırılması barədə qərar qəbul edilib.

Koordinat.az xəbər verir ki, MTRŞ-nin Aparat rəhbəri Toğrul Məmmədov lent.az-a açıqlamasında analoq TV-nin rəqəmli televiziya yayımını dəstəkləməyən yayım olduğunu deyib. Onun sözlərinə görə, müasir, yeni nəsil televizorların hamısı rəqəmli TV  yayımını dəstəkləyir: "Ancaq loru dildə desək, arxası enli, köhnə televizorlar var ki, bunlar rəqəmli yayımı dəstəkləmir. Həmin televizorlar tərəfindən rəqəmli TV yayımının izlənməsi üçün tələb olunan zəruri avadanlıq - dekoder (“Set-Top-Box”-ların)  əldə olunmalıdır”.

Aparat rəhbəri bildirib ki, kabel şəbəkəsi yayımına qoşulmuş şəxslər burda istisna təşkil edir: “İzləyici televizorunda peyk vasitəsilə siqnalı qəbul edirsə və yaxud hər hansı bir kabel şəbəkəsinin xidmətlərindən istifadə edirsə, təzə televizoru varsa, onun dekoderə ( çevirici) ehtiyacı yoxdur. Əvvəlki qaydada televiziya proqramlarını izləyə biləcək. Bu, ancaq yerüstü yayıma aiddir. Yəni izləyici evdə ya damda antena quraşdırıb yerli telekanalları izləyirsə, artıq köhnə televizorla izləyə bilməyəcək. Həmin izləyici  gərək ya yeni televizor alsın ya da köhnə televizora dekoder qoyulmalıdır".

 

27.09.2016 17:32:00
Oxuma sayı: 1141