Pambıq yığımı gecikib - qozalar gec açılıb...
Ölçü:


Ötən həftə fermerlərdən pambığın alış qiymətləri artırıldı. Gələn ildən hər tona görə 1-ci növ pambıq 600, 2-ci növ 580, 3-cü növ 540, 4-cü növ məhsul isə 500 manatdan alınacaq.

Kənd Təsərrüfatı Nazirliyi hesab edir ki, pambığın alış qiymətinin artırılması fermerlərin bu sahəyə marağını daha da artıracaq. Fermerlərin pambıqçılığa cəlb edilməsi isə təbii ki, bu bitkinin əkin sahələrinin genişlənməsi, məhsul istehsalının artması və  yeni iş yerlərinin açılmasına səbəb olacaq. Elə hədəflərdən biri də pambıqçılıq sahəsində 100 min iş yerinin açılmasıdır.

Dövlət statistika Komitəsinin məlumatına görə, ötən il 90 min ton pambıq yığılılıb. Bu ilki pambıq yığımı mövsümü isə hələ başa çatmayıb, dekabrın 14-dək  202 min ton məhsul toplanaraq tədarük məntəqələrinə təhvil verilib. Gələn il isə pambıq istehsalının ən azı 400 min tona çatdırılması nəzərdə tutulub.

Bəs istehsal olunan pambığın alıcıları varmı? Məhsul yığımının gecikməsi pambığın keyfiyyətinə təsir edəcəkmi? Pambığa göstərilən qayğı iqtisadiyyata nə vəd edir? Virtualaz.org saytı bu və digər sualların cavabını axtarıb.

                        Yığım niyə gecikir?

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyir ki, bəzi sahələrdə qozalar gec açılıb. Amma yığımın gecikməsi pambığın keyfiyyətinə təsir göstərməyəcək. Hələlik əlverişli hava şəraiti var və kollardan sonuncu məhsul götürülənədək qədər yığım davam etdiriləcək.

“Bu il 135 min hektar sahədə pambıq əkilib. İndiyədək 202 min ton məhsul tədarük olunaraq emal müəssisələrinə,  məntəqələrə təhvil verilib.  Respublika üzrə təsərrüfatlar tərəfindən  1 gündə orta hesabla 520 ton məhsul yığılır”, -İ.Cümşüdov virtualaz.org saytını məlumatlandırıb.

Şöbə müdirinin sözlərinə görə, yığımın gecikməsinə baxmayaraq bu il ötən ilki göstəricidən 2 dəfə artıq məhsul toplanıb: “Hələlik hava şəraiti əlverişlidir. Birinci, ikinci mərhələdə pambıq kombaynlarla yığılıb, hazırda əllə yığıma üstünlük verilir. Çünki kollarda açmamış qalan qozalar seyrəkdir, belə vəziyyətdə kombaynla yığım sərfəli olmur”.

                              Fermerlərə güzəştlər...

İ.Cümşüdov deyir ki, pambığın alış qiymətlərinin artırılmasından əlavə bu ildən etibarən hər kiloqram pambıq üçün 10 qəpik subsidiya ödənilir. Nazirlər Kabinetinin qərarı ilə alaq otları və zərərvericilərlə mübarizədə istifadə edilən dərmanların alınmasında isə fermerlərə 70 faiz güzəşt tətbiq edilib. Həmçinin pambıq istehsalı ilə məşğul olan fermerlər  yanacaq və motor yağlarına görə ümumilikdə 90 manat subsidiya alırlar.

“Bu il fermerlərin pambıqçılığa marağının artdığını müşahidə edirik. Çünki pambıqçılıq gəlirli sahədir. Pambıqdan alınan məhsulların ixrac imkanları daha böyükdür”-Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri bildirir.

Şöbə müdiri hesab edir ki, Azərbaycanda pambıqçılığın inkişafı mühüm sosial əhəmiyyət daşıyır. Lakin biz pambığa təkcə xammal kimi baxmayıb, ondan digər məhsullar istehsal edərək dünya bazarına ixrac etsək, daha çox qazanc əldə edə bilərik.

                             Gələcək planlar

Xatırladaq ki, prezident İlham Əliyevin göstərişi ilə “2017-2020-ci illər üçün pambıqçılığın inkişafına dair dövlət proqramı” qəbul olunub. Dövlət proqramının icrası ilə bağlı xüsusilə yerli icra orqanlarının qarşısında konkret vəzifələr qoyulub. Həmçinin Prezident Administrasiyası pambıq istehsalının səmərəli təşkili ilə bağlı tədbirlər planı hazırlayıb. Əsas hədəf mahlıc və ya yerli istehsaldan hazırlanan məhsulların xarici bazara çıxarımasıdır.

Hazırda dünya bazarlarında Azərbaycan pambığının qiyməti növünə görə 1400 -1700 manat arasındadır. Hələlik mahlıc kimi yalnız Türkiyə və Rusiya bazarına çıxışımız var. Amma məhsul istehsalı artdıqca ixracın coğrafiyasının genişlənəcəyi gözlənilir. Gələn ildən Avropa ölkələrinə də  məhsul çıxarılması nəzərdə tutulub.

İmran Cümşüdov deyir ki, yerli pambığın keyfiyyəti yaxşı olduğundan xarici bazarlarda  müştəri tapmaq çətin olmur. Lakin pambığın iplik və ya parça halına salınandan sonra satılması daha asan olacaq. Hələlik isə yerli istehsal müəssisələrinin xammala olan təlabatı ödənilir. Qeyd edək ki,  Mingəçevirdə trikotaj sənaysi parkı yaradılması da pambıqçılığın inkişafına kömək edəcək.

15-18 sentner çəkilən xərcə gedir, qalanı qazancdır

Saatlıdakı “Royal” fermer-kəndli təsərrüfatının sahibi Sadiq Hüseynov isə deyir ki, bu sahə böyük zəhmət tələb edir. Amma fermerin sözlərinə görə, zəhmət çəkməlisən ki, bəhrəsini yeyəsən.

”Hazırda pambığın 1 kiloqramı 60 qəpikdən alınır. Üstəlik prezident İlham Əliyevin göstərişi ilə hər kiloqrama görə 10 qəpik əlavə subsidiya da ödənilir.  Pambıqçılıq sahəsinə maraq göstərən fermerlər üçün bu böyük məbləğdir”, -S.Hüseynov əlavə edib.

Fermerin sözlərinə görə, pambıq əkini ilə məşğul olan hər kəs bu sahədən məlumatlı olmalıdır, ən azından mütəxəssislərdən yardım almalıdırlar. Çünki pambıq sahəsinə düzgün qulluq etdikdə məhsuldarlıq bol olur.

“Orta hesabla götürəndə hər hektardan alınan məhsulun  15-18 sentineri çəkilən xərcə gedir, ondan artığı  isə qazancdır. Elə təsərrüfat var ki,  hər hektardan 60 sentinerdən artıq məhsul götürür. Ailələrin çoxu pambıqçılıqla dolanır, bu işdən yaxşı qazanc götürürlər”, -Hüseynov deyib.

Fermer söyləyir ki, xaricdən gətirilən sotların məhsuldarlığı yüksəkdir. Fərq yalnız odur ki, yerli sotlar 20-25 gün tez yetişir. Artıq mahlıcı toxuculuq sənayesinin tələblərini ödəyən, maşınla yığıma uyğun yüksək məhsuldar pambıq sortları əkilir.

“Fermerlər bilməlidirlər ki, bol məhsul götürmək, yaxşı qazanc götürmək üçün pambıq sahəsinin başına pərvanə kimi dolanmaq lazımdır”-Saatlıdan olan fermer məsləhət görür…

Beləliklə, Azərbaycanda bir vaxtlar şöhrəti dünyaya yayılmış pambıqçılıq yenidən dirçəlməkdədir. Bu, ağır zəhmət tələb edən sahədir, amma ölkənin xüsusilə aran rayonlarında əhalinin məşğulluğunu təmin etmək, eyni zamanda aqrar sahə prioritet olmaqla qeyri-neft iqtisadiyyatını inkişaf etdirmək üçün daha optimal sahə tapmaq da çətindir (Virtualaz.or)
16.12.2017 15:04:00
Oxuma sayı: 1414