Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri açıqlandı
Ölçü:


Prezident İlham Əliyevin dünən imzaladığı fərmanla yaradılmış Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb.

Koordinat.az
xəbər verir ki, bu barədə nazirliyin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, yeni qurum Nazirliyin tabeliyində olmuş Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında yaradılıb. Beləliklə, baytarlıq və fitosanitar xidmətlərin təşkil olunması, idarə edilməsi və keyfiyyətinə nəzarət, kənd təsərrüfatı texnikasının qeydiyyatı, texnikaya nəzarət fəaliyyəti və bu sahədə dövlət xidmətləri, aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarəti həyata keçirmək kimi funksiyalar Aqrar Xidmətlər Agentliyinə verilib.

Məlumatda qeyd olunur ki, Agentliyin yaradılması optimallaşmanı, çevik və səmərəli idarəetməni təmin edəcək. Həyata keçirilən islahatlar aqrar sektorda innovativ həllərin tətbiqinə imkan verəcək, elektron xidmətlərə keçidi sürətləndirəcək və şəffaflığı daha da artıracaq: “İslahatlar nəticəsində aqrar xidmətlərdə vahid standartlar tətbiq olunacaq. Bu addımlar dövlət xidmətlərini fermerlər üçün daha əlçatan edəcək. Xidmətin keyfiyyətinə daim nəzarət olunacaq. Bu xidmətlər Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) vasitəsilə göstəriləcək, Agentlik bu sahədə DAİM-lərin fəaliyyətini əlaqələndirəcək. Hazırda DAİM-lərdə fermerlərə müxtəlif fəaliyyət növləri üzrə 70-dək xidmət göstərilir. Aparılan struktur dəyişiklikləri ilə əlaqədar bu xidmətlərin sayı daha da artacaq. Fərman aqrar sahədə mövcud çağırışlara cavab verir və vətəndaş məmnunluğunu artırmağa hədəflənib”.
15.01.2019 18:02:00
Oxuma sayı: 438