Amerikadan İrana qarşı kürd qambiti: Azərbaycan da daxil 4 ölkə hədəfdə
Ölçü:


ABŞ dövlət katibi Mayk Pompeo Əbu-Dabidə jurnalistlərlə təmasın gedişində bildirib ki, Amerika qoşunlarının Suriyadan çıxarılması Birləşmiş Ştatların gərəkli hərbi əməliyyatlar keçirmək bacarığını dəyişməyəcək.

Koordinat.az-ın məlumatına görə, Mayk Pompeo qeyd edib ki, Vaşinqtonun məqsədi İran güclərinin Suriyada iştirakından tam qurtulmaqdır. “Bu, iddialı məqsəddir. Amma bu bizim hədəfimzidir. Bu bizim missiyamızdır, – Pompeo deyib. – İşlədəcəyimiz üsullar cürbəcürdür. Uniformalı bir-iki min hərbçinin Suriyanı tərk edəcəyi faktı taktiki dəyişiklikdir. Bu bizə gərəkən döyüş əməliyyatlarını yerinə yetirməyi sürdürmək üçün bacarığımızı önəmli şəkildə dəyişmir”.

Yada salaq ki, amerikalılar öz hərbi güclərinin Suriyada iştirakına təkcə İŞİD-in darmadağın edilməsi zərurətilə deyil, həm də Tehranın önlənməsilə haqq qazandırıblar. İŞİD hiss olunası dərəcədə zəiflədilsə də, ABŞ dörd ildən çoxdur Suriyadadır. Hətta Avropa Birliyi Tehranla biznes aparan Avropa şirkətlərini qoruyası bloklama reqlamenti yaradıldığını bildirməklə Amerikann İrana qarşı sanksiyalarına əməl etməkdən imtina edib. Şübhəsiz, Vaşinqtonun sanksiyaları İran iqtisadiyyatına mənfi təsir edir, amma ölümcül deyil, Tehran hələ də qüvvədə olan nüvə sazişi çərçivəsində dəstəyin müəyyən səviyyəsini saxlayır. ABŞ-ın Yaxın Şərqdə müxtəlif variasiyalarda hərbi-siyasi alyans, İrana qarşı yönələn “ərəb NATO-su” deyilən qurum qurmaq, bütövlükdə islam dünyasını barrikadanın əks tərəflərinə ayırmaq səyləri də iflasa uğrayıb, amma Tehran və bəzi ərəb ölkələri (özəlliklə də Səudiyyə Ərəbistanı) arasında ziddiyyətlər aşkar və yaxşı məlumdur.

Vaşinqton Moskva və Ankaranı (çox da fəal və aşkar deyil) öz nüfuzundan və diplomatik yollardan istifadə edərək İrana təsir etməyə fəal çağırıb ki, onların təmsilçiləri Suriyanı tərk etsin və bu ölkədəki durum “2011-in səviyyəsinə çatsın”. Niyyət sıradakı idi: Rusiya Türkiyəni bu prosesə qoşaraq İran hərbçilərinin Suriyadan çıxarılması haqda Tehranla danışıqlar aparır, amma özü Suriyadakı iştirakını saxlaya və münaqişənin dinc tənzimlənməsi üzrə yalnız Vaşinqtonla dialoq apara bilər. Yeri gəlmişkən, Dəməş də bir zamanlar bu mövqeyə tərəfdar idi. Heç nə alınmadı. Amerikalıların iranlılarla gizli danışıqlara girmək cəhdləri də iflasa uğradı. İran Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Şəmxani bu günlərdə məlumat verib ki, bu yaxınlarda Əfqanıstana səfəri zamanı “ABŞ administrasiyası təmsilçiləri iki dəfə onunla danışıqlara başlamağı təklif ediblər”. O, “danışıqlar aparmaq  təşəbbüsünün Tehrandan qaynaqlandığı  haqda ABŞ vəzifəlilərinin iddialarını yalan” adlandırıb.

Bütünlükdə aydın olur ki, Vaşinqton hərbdən savayı İrana təsdir etməyin bütün cəbbəxanasını işə salıb. Amma Pompeo bundan sonra “cürbəcür üsullar” işlətmək niyyəti və “gərəkli hərbi əməliyyatları yerinə yetirməyi davam etdirmək” bacarığından danışır. ABŞ-ın Tehrana qarşı işlədə biləcəyi “cürbəcür üsullar”dan danışılsa, “şiə ayparası” deyilənin meydana çıxmaq imkanını bağlamaqla onunla geopolitik periferiya zonasında çarpışmaq deyil, İraq və ya Suriya ssenarisi üzrə İranda  daxili-siyasi durumu qarışdırmaq cəhdlərindən söz açmaq gərəkdir. Amerika ekspertləri – həm də təkcə onlar deyil – İranda millətçilik kartını oynamaq, fars millətçiliyini  türk (Güney Azərbaycan türkləri nəzərdə tutulur-red.), ərəb, bəluc, kürd və bu kimi millətçiliyə qarşı qoymaq perspektivini çoxdan araşdırırlar. Onlar İrana bu mənada “hidravlik dövlət” deyirlər. Etnik millətçiliklə ümumi eyniyyəti təmin edən şiə ideyasının oyulması da gözdən keçirilir. Amma ABŞ üçün bütün bu problemlərdən daha çox “yetişən”i kürd problemidir, çünki eyni anda dörd dövlətin – İraq, Suriya, Türkiyə və İranın maraqlarına toxunur.

Təsadüfi deyil ki, Vaşinqton Ankara ilə dialoqda Suriya kürdlərini satmır, Amerikanın “The National Interest” nəşrinin dəyərləndirdiyinə görə, indiki mərhələdə “daha çox İranın maraqlarına meyllənən” İran kürdlərinin separatizmini – müəyyən şərtlərlə – fəallaşdırmaq imkanına aşkarca bel bağlayır. Bax, ABŞ-ın Suriyadan gedişi buna görə strategiyanın dəyişdiyini deyil, daha çox taktiki manevri yada salır. Göstərilən ssenarinin gerçəkləşməsi başlanacağı halda hərc-mərcliyin yeni dalğası artıq təkcə Yaxın Şərqi deyil, həm də Cənubi Qafqazı, özəlliklə də İranla uzun sərhədi olan Azərbaycanı basacaq. Hələlik isə amerikalıların Suriyadan elan edilən gedişindən sonra elə görünür ki, Tehran Türkiyə ilə yanaşı obyektiv şəkildə daha uduşlu durumda qalır. Amma bu, bölgədəki oyunun növbəti mərhələsinin başlanğıcı ola bilər.

Stanislav Tarasov (regnum.ru)
Tərcümə Strateq.az-ındır.

14.01.2019 13:00:22
Oxuma sayı: 529