Prezident: “Qanunsuz məşğulluğa son qoymalıdır”
Ölçü:


Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “kölgə iqtisadiyyatı”na qarşı islahatları davam etdirmək üçün hökumətə mühüm tapşırıqlar verib.

Koordinat.az-ın məlumatına görə, dövlət başçısı bildirib ki, vergi, gömrük və digər sahələrdə aparılan islahatlar “kölgə iqtisadiyyatı”na ciddi zərbə vurub: “Tam əminəm ki, aparılan islahatlar nəticəsində həm bizim gəlirlərimiz artacaq, - artıq artıb, gömrük 1 milyard manat əlavə vəsait toplayıb, - eyni zamanda, biz kölgə iqtisadiyyatına böyük zərbə vurmuş olarıq. Bu, böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Azərbaycanda “kölgə iqtisadiyyatı” olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada “kölgə iqtisadiyyatı” olmasın. Biz “kölgə iqtisadiyyatı”na qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq”.

Prezident bildirib ki, vergi sahəsində aparılan islahatlar qanunsuz məşğulluğa son qoymalıdır: “Hesab edirəm ki, icbari tibbi sığortanın tam işə düşməsi nəticəsində qanunsuz məşğulluq bir amil kimi, ümumiyyətlə, aradan qaldırılacaq. “Kölgə iqtisadiyyatı”na qarşı mübarizə metodları kifayət qədər çoxşaxəlidir. Biz onların hamısından istifadə edirik və edəcəyik. Hər kəs başa düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır. Heç bir qanunsuzluğa yol verilməyəcək və hər kəs nəticə çıxarsın. Ona görə bu il də islahatların dərinləşməsi istiqamətində çox ciddi addımlar atılacaq. Bu, təkcə vergi və gömrük sahələrinə aid deyil. Eyni zamanda, sosial sahədə çox ciddi islahatlar aparılır”.

12.01.2019 12:14:51
Oxuma sayı: 210