ABŞ ordusu Suriyadan çıxmağa başladı
Ölçü:


Birləşmiş Ştatların rəhbərlik etdiyi koalisiya Suriyadakı əsgərlərini çıxarmağa başlayıb. Bunu ordunun sözçüsü polkovnik Sean Ryan deyir.

Koordinat.az-ın məlumatına görə, Sean Ryan bu gün yaydığı bəyanatında bildirir ki, Suriyadan məqsədli çıxma prosesi başlanıb. O, əlavə detal açıqlamayıb. O bildirib ki,  əməliyyat təhlükəsizliyi səbəbindən konkret vaxtı, məkanı və əsgərlərin hərəkətini müzakirə etməyəcəklər.

Britaniyada mənzillənən Suriya İnsan Haqlarını Müşahidə Təşkilatının məlumatına görə, ABŞ koalisiyası Suriyanın şimal-şərqindəki Hasake vilayətində Rmeylan aerodromunda qüvvələrini azaltmağa başlayıb.

Qurum ABŞ əsgərlərinin hərbi bazadan yanvarın 10-da çıxmağa başladığını bildirib, bunu Amerika qüvvələrinin çıxarılması yönündə ilk addım adlandırıb.

Prezident Donald Tramp dekabrın 19-da elan edib ki, Suriyadakı 2 min ABŞ hərbçisini çıxarmaq istəyir.

Trump bu açıqlamanı türkiyəli həmkarı Rəcəp Tayyip Ərdoganla telefon danışığından sonra verib. Ancaq bu qərar ABŞ-ın müttəfiqləri, elə öz administrasiyası tərəfindən tənqid olunub.

11.01.2019 17:50:24
Oxuma sayı: 104