Nəsiminin məzarı Azərbaycana gətiriləcək?
Ölçü:


"Nəsimi ədəbiyyatımızın ən böyük klassiklərindən biridir. Ədəbi dil tariximizi zənginləşdirən ən böyük söz ustadıdır.  Hətta Nəsimi ilə Füzulinin dilini müqayisə edərkən araşdırmaçılar Nəsiminin dilinə üstünlük veriblər. Nəsiminin şeirlərində dilimizin zənginliyi, ahəngdarlığı, axıcılığı  öz əksini tapıb".

Koordinat.az xəbər verir ki, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, şərqşünas alim Möhsün Nağısoylu belə deyib. O, modern.az-a 2019-cu il “Nəsimi ili”nin  əhəmiyyətindən danışarkən onun məzarının Azərbaycana gətirilməsindən də söz açıb: "Düşünürük ki,  bu il beynəlxalq konfrans keçirək. Həmçinin Nəsiminin bütün Divanının elektron sözlüyünü hazırlayacağıq. Nəsimi Divanının dilçilik baxımından tədqiqi aparılıb. Düşünürük ki, bu istiqamətdə araşdırmalarımızı davam etdirək. Şərqşünas olduğumdan, İslam adətinə görə, bir məzarın digər yerə köçürülməsi  o qədər də məqbul sayılmır. Digər tərəfdən bu dövlətlər arasında həll oluna bilən məsələdir”.

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev də Nəsiminin məzarının gətirilməsinin mümkün olmadığını söyləyib: “2019-cu ilin “Nəsimi ili” elan olunması tariximizə, keçmişimizə, mənəvi dəyərlərimizə olan böyük qiymətdir. Ulu öndərimiz də həmişə şairlərə, yazıçılara qiymət verib. Bu, təsadüfi deyil. Məsələn, XIV əsrin əvvəllərində Azərbaycan dilinin hansı səviyyədə olduğunu kimin dilindən öyrənmişik?! Təbii ki, Nəsiminin dili ilə. Bu, çox böyük işdir. Keçmişimizə olan qiymətdir. Əgər keçmişi unutsaq, gələcəyimiz unudular. Ona görə də bu çox böyük hadisədir. Prezidentimiz, ulu öndərimizin  qoyduğu kursu davam etdirir. Nəsimi adı altında Azərbaycan yenidən beynəlxalq aləmə çıxacaq. Nəsiminin məzarının gətirilmə ehtimalının olmasını soruşursunuz.

Nəsimini onsuz da orada ziyarət  edirlər. 600 ildir ki,  onun məzarını Suriyada göz bəbəyi kimi saxlayıblar. Tez-tez Füzulinin, Nəsiminin məzarının gətirilməsi barədə söhbətlər gedir. Füzuli ömründə İraqdan kənara çıxmayıb. Orada anadan olub, yazıb yaradıb və orada da dünyasını dəyişib. Sadəcə onların məzarlarını orada yenidən qura bilərik".
11.01.2019 15:26:00
Oxuma sayı: 117