Qarabağ İcması fəaliyyətini gücləndirəcək
Ölçü:


Son vaxtlar Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətinin əhəmiyyətli dərəcədə genişləndiyi hiss olunur.

Koordinat.az
xəbər verir ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyev Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb. O, həmin görüşdə Qarabağ probleminin mövcud durumuna diqqət çəkib, habelə problemin həlli ilə bağlı erməni icması ilə danışıqlar aparmağa hazır olduqlarını bildirib.

Xarici dövlətlərin ölkəmizdəki diplomatik təmsilçiləri ilə keçirilən bu görüşlər beynəlxalq ictimaiyyətin diqqətini məlum problemə cəlb etmək, habelə problemin həllinə qismən də olsa hərəkətlilik qazandırmaq baxımından nə dərəcədə əhəmiyyətlidir?

Qarabağlı millət vəkili Elman Məmmədov Moderator.az-a açıqlamasında Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının fəaliyyətinin yaxın gələcəkdə daha da genişlənəcəyini deyib: “Biz Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması olaraq gedən proseslərə, cənab prezidentimizin Dağlıq Qarabağ probleminin həli ilə bağlı apardığı siyasətə öz töhfəmizi vermək istəyirik. Biz də bu məsələdə əlimizdən gələni etməliyik. Fəaliyyətimizi daha da genişləndirməli, bu fəaliyyəti daha təsirli etməliyik. Ötən ilin dekabrın 20-dən sonra icmanın keçirdiyi müxtəlif səpgili görüşlər, icma sədrinin verdiyi bəyanatlar, icma sədrinin və icma üzvlərinin keçirdiyi görüşlər bu istiqamətdə atılan addımlardandır. Bu fəaliyyətin daha da genişləndirilməsinə ehtiyac var. Azərbaycandakı xarici ölkələrin diplomatik korpusları ilə, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri ilə, ATƏT və Avropa İttifaqı təmsilçiləri ilə görüşlər çox vacibdir.

Təbii ki, bu işlər xaricdə daha geniş vüsət almalıdır. Xaricdəki Azərbaycan diaspor təmsilçiləri ilə görüşlər, icmanın fəaliyyətinin xaricdəki diaspor təşkilatları ilə əalqələndirilməsi, onlaırn istiqamətləndirlməsi, xarici ölkələrin parlament və təhsil ocaqlarında icmanın tədbirlərinin keçirlməsi gerçəkləşdirilməlidir. Bu, ümumi işimizin xeyrinədir. Hesab edirəm ki, bu istiqamətdə daha çevik tədbirlər keçirməyi bacarmalıyıq. İcmanın İdarə Heyətinin tədbirlər və fəaliyyət planı mövcuddur. Bu fəaliyyət planına uyğun olaraq getdikcə fəaliyyətimizi gücləndirəcəyik”.
11.01.2019 14:23:48
Oxuma sayı: 222