Rektor-dekan davası qızışır - deputatlar da qoşuldu
Ölçü:


Azərbaycan Dillər Universitetinin rektoru, yazıçı Kamal Abdulla ilə həmin ali təhsil ocağının dekanı Vüsalə Ağabəyli arasında baş verən qalmaqal, qarşılıqlı ittihamlar getdikcə böyüyür.

Koordinat.az xəbər verir ki, dünən məsələ barədə Milli Məclisin iki deputatı danışıb və rektoru müdafiə ediblər. Vüsalə Ağabəylinin cavabı da özünü çox gözlətməyib.

Millət vəkili Qüdrət Həsənquliyev moderator.az-a açıqlamasında deyib ki, Kamal Abdulla tanınmış yazar, yaxşı inzibatçı və ziyalı alim kimi Azərbaycanda hörmət edilən şəxslərdən biridir, rektor kimi ADU-da tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlər təqdir olunmalıdır. Onun fikrincə, K.Abdulla rektor təyin olunandan sonra ADU həm qurulan beynəlxalq əlaqələri ilə, həm də keçirilən elmi və ictimai tədbirlərlə ictimaiyyətin diqqətin cəlb etməkdədir. Onun sözlərinə görə, tənqid gərək, əsaslı olsun: "Əgər kimsə deyirsə ki, universitetin əksər məzunları ingiliscə danışa bilmir və o dediklərində haqlıdırsa, deməli, tədrisin keyfiyyətinin artırılması üçün ciddi işlər görülməlidir. Hansı ki, Kamal Abdulla da bu işlə məşğuldur. Ona görə onu tənqid edənlər kimi tənqid etdiklərinin fərqində olmalı və çalışmalıdırlar ki, qərəzli görünməsinlər. Yeniliklər hər bir sahədə müqavimətlə üzləşir. Kamal müəllim bunu bildiyindən ümid edirəm, o, bütün çətinlikləri dəf edəcək və Prezidentin ona verdiyi dəstəkdən yararlanıb ADU-nu yaxşı mütəxəssislər hazırlayan yüksək reytinqli universitetlərdən birinə çevirəcək”.

Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı son vaxtlar Azərbaycan Dillər Universitetinin əməkdaşının işindəki nöqsanlarla bağlı YAP Nəsimi rayon təşkilatının adının hallandırılmasına münasibət bildirib: "Belə məsələlərdə jurnalistlər məncə dəqiqləşdirmə aparsalar, daha yaxşı olardı.  Çox təəssüf ki, bəzi mətbuat səhifələrində Azərbaycan Dillər Universitetində əmək münasibətləri zəminində baş vermiş bir hadisəni yanlış və yalan məlumatla şişirtməyə çalışırlar. YAP Nəsimi rayon təşkilatının sədri kimi bildirmək istərdim ki, partiyanın Rəşid Behbudov küçəsi 134 üzrə İlk Ərazi təşkilatının Qadınlar Şurasının Vüsalə Ağabəyli adlı sədri yoxdur. Görünür o, özü özünü sədr elan edib. Çünki onun bu vəzifəni daşıması üçün Qadınlar Şurasının hesabat seçki yığıncağı keçirilməlidir. Bu seçkilərin keçirilməsi isə partiyanın nizamnaməsinə uyğun olaraq, bu il nəzərdə tutulub. Vüsalə Ağabəylinin çalışdığı universitetdə qarşılaşdığı  əmək mübahisəsində partiyanın adının hallandırmağa çalışması görünür, onun vaxtilə "Xural” qəzetində qazandığı qərəzli təcrübədən və zərərli peşə vərdişlərindən qaynaqlanır. Universitet müəllimi kimi yaxşı olar ki, o, üzləşdiyi problemlə bağlı yalan, qarayaxma və böhtan vasitələrindən deyil, qanununun aliliyindən istifadə etsin”.

11.01.2019 12:18:00
Oxuma sayı: 319