Qarabağ İcmasının yeni rəhbəri: “Bu ilə ümidimiz çoxdur” - MÜSAHİBƏ
Ölçü:


Bir müddət öncə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin yeni sədri seçilib.

Koordinat.az xəbər verir ki, ilk dəfə bu posta Şuşa şəhər İcra Hakimiyyətinin başçısı deyil, Xarici İşlər Nazirliyinin əməkdaşı seçilib, Bayram Səfərovu Tural Gəncəliyev əvəz edib. O, BakuPost-a müsahibəsində İcmanın gələcək fəaliyyəti, planları barədə geniş məlumat verib. Həmin müsahibəni təqdim edirik:

- Tural müəllim, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının sədri vəzifəsinə seçilməyiniz sizin üçün nə dərəcədə gözlənilən idi?
-
Mən 1980-ci ildə Şuşada anadan olmuşam, 1992-ci ilə qədər Şuşada yaşamışam. Məcburi köçkün düşdükdən sonra Bakı şəhərində yaşadığım illərdə - həm universitetdə oxuduğum, həm də Xarici İşlər Nazirliyində işlədiyim dövrdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının fəaliyyətində iştirak edir, İcmanın fəaliyyətinin yaxından izləyirdim. Keçən il dekabrın 20-də Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qurultayı keçirildi, qurultayda İdarə Heyətinin sədri, sədr müavinləri və üzvləri seçildilər. Sədr seçilməyim mənim üçün bir o qədər də gözlənilməz olmadı. Çünki Dağlıq Qarabağın Azərbaycanlı İcmasının həyatında yaxından iştirak edən şəxs kimi namizədliyim irəli sürüləndə bunu normal qəbul etdim. Əsas gücümüzü Dağlıq Qarabağın Azərbaycanlı İcmasının səsinin istər Azərbaycanda, istər beynəlxalq aləmdə - beynəlxalq təşkilatlarda, beynəlxalq media qurumlarında daha ucadan gəlməsi üçün sərf edəcəyik.

- İlk dəfə Şuşa şəhər İcra Hakimiyyətinin başçısı deyil, Xarici İşlər Nazirliyinin əməkdaşı Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri seçilib. Bu dəyişiklik İcmanın fəaliyyətinə necə təsir edəcək? Məsələn, İcma hazırda harada fəaliyyət göstərir?
 - Hazırda Dağlıq Qarabağın Azərbaycanlı İcmasının ofisi Şuşa şəhər İcra Hakimiyyətinin yerləşdiyi binadadır. İcmanın fəaliyyətində yeniliklərin, dəyişikliklərin şahidi olacaqsınız. Fəaliyyətimiz daxildə İcma üzvlərinin maarifləndirilməsi, təşkilartlanması, biliklərinin artırılması, maarifləndirlməsi ilə bərabər xaricdə beynəlxalq təşkilatlarla, beynəlxalq mətbuat qurumaları, beyin mərkəzləri ilə iş kimi müxtəlif istiqamətlərdə olacaq. Xüsusilə də internet və sosial şəbəkələr üzərindən fəaliyyətə xüsusi önəm verəcəyik. Hazırda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bir istiqaməti informasiya müharibəsi, bu sahədə aparılan işdir. Sirr deyil ki, erməni diasporu fəallıq göstərir, internetdə, sosial şəbəkələrdə yalan məlumatlar yayırlar. Biz İcma üzvləri olaraq bu məsələyə xüsusi diqqət ayıracağıq. Fürsətdən istifadə edərək xarici dil biliyi olan, internetdən istifadə edən gənclərimizi İcmanın sosial şəbəkələr üzərində fəaliyyətinə dəstək verməyə, erməni yalanlarının ifşa edilməsində bizə kömək olmağa dəvət edirəm.

- Bu il Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində hansı irəliləyişləri gözləyirsiniz?
- Cari il üçün ümidlərimiz, gözləntilərimiz çox böyükdür. Əsas amalımız, məqsədimiz bu il ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çərçivəsində işğaldan azad ediləcək torpaqlarımıza dərhal, təxirə salınmadan geri qayıtmaq, öz mülkiyyət hüquqlarımızı bərpa etmək, dağıdılmış evlərimizi, tarixi-mədəni abidələrimizi bərpa etməkdir. Ümid edirik ki, Azərbaycanın regionda artan siyasi, iqtisadi gücü sayəsində bu il ərzində Dağlıq Qarabağ münaqişəsinin sırf Azərbaycanın beynəlxalq aləmdə tanınmış əraziləri, suverenliyi çərçivəsində həll olunacaq. Biz də Dağlıq Qarabağın Azərbaycanlı İcması olaraq erməni icması ilə birlikdə Azərbaycan ərazisində birgə yaşayacağıq. Əsas mesajımız da ondan ibarətdir ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması erməni icması ilə təmas qurmağa hazırdır. Bunun üçün onları dialoqa, təmasa dəvət edirik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində iki tərəf – Azərbaycan və Ermənistan mövcud olduğu kimi eyni zamanda münaqişənin iki maraqlı tərəfi - Dağlıq Qarabağın Azərbaycanlı İcması və erməni icması var. Ona görə də biz maraqlı tərəf kimi Dağlıq Qarabağın erməni icması ilə birlikdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində gələcəkdə bir yerdə yaşayacağımız üçün onlarla təmas və dialoqun qurulmasına hazırıq.

- Dağlıq Qarabağın erməni icması demək yəqin ki, düzgün olmaz, qondarma qurumun həmişə xarici ölkələrə səfər etməsinin, Azərbaycan əleyhinə təbliğat aparmasının şahidi olmuşuq. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının belə səfərləri müşahidə olunmamışdı. Sizin dövrünüzdə belə səfərlər olacaq?
 - Qondarma, separatçı qurumun nümayəndələri müvafiq qanunsuz fəaliyyətlərin həyata keçirilməsinə cəhdlər edirlər. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının son həftələr ərzində fəaliyyətini yaxından izləmisinizsə, şahidi olmusunuz ki, işğal olunmuş ərazilərimizdə planlaşdırılan bəzi tədbirlərin, idman turnirlərinin, film çəkilişi ilə bağlı təşəbbüslərin qarşısının alınması üçün müvafiq addımlar atmışıq. Bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Qəti qəbuledilməz haldır ki, Azərbaycanın işğal olunmuş ərazilərində hansısa bir qanunsuz fəaliyyətə aparılsın. Ona görə də biz bu ilin yay aylarında Müstəqil Avropa Konfederasiyaları adlanan təşkilatın Qarabağda futbol turniri keçirmək planı ilə bağlı həmin təşkilatın rəhbərliyinə etiraz məktubu ünvanlamışıq. Eyni zamanda əcnəbi prodüserlərin iştirakı ilə "Cənnətə aparan yol” adlı bir filmin çəkilişi ilə bağlı həmin xarici prodüserlərə etiraz məktubu ünvanlamışıq. Biz daim bu məsələləri izləyirik. Fəaliyyətimiz daim təbliğat-təşviqat işimizi qurmaqla yanaşı, hansısa xarici qurumların bizim işğal olunmuş ərazilərimizdə hansısa fəaliyyətinin qarşısını almaqdan ibarətdir. Təəssüf ki, belə əcnəbilərin əksəriyyəti məlumatsızlıq, münaqişədən xəbərsiz olmaları ucbatından işğal olunmuş ərazilərdə hansısa fəaliyyətə cəlb olunurlar. Bunları yalnız bir qismi ermənipərəst mövqeyinə görə bu fəaliyyətdə iştirak edir. Ona görə də təbliğat-təşviqat istiqamətində fəaliyyətimi gücləndirməklə xaricdə münaqişədən xəbərsiz olan belə insanların bu qanunsuzluqalara cəlb edilməsinin qarşısını almağa çalışacağıq.

 - Bu sırada xarici səfərlər varmı?
 - Bəli. Bizim İcmanın əsas fəaliyyəti xarici səfərlər vasitəsi ilə həyata keçiriləcək. Beynəlxalq təşkilatlar çərçivəsində konfransların keçirilməsi, müvafiq Avropa, Amerika ölkələrinə səfərlərin təşkili, beynəlxalq beyin mərkəzləri və institutlarla tədbirlərin təşkil edilməsi, akademik çevrələrin nümayəndələrinin bu işə cəlb olunması nəzərdə tutulub.

- Dağlıq Qarabağın Azərbaycanlı İcmasının gələcəkdə ayrıca ofisdə fəaliyyəti nəzərdə tutulubmu?
- Xeyr. Biz hazırda Gülər Qədirbəyova küçəsində yerləşən ofisdə fəaliyyətimizi davam etdiririk. Əsas fəaliyyətimiz də saydığım istiqamətlərdir. Hər hansı əlavə istiqamət üzrə fəaliyyətimizin reallaşacağı, yaxud əlavə təşəbbüs ortaya çıxacağı halda bunun şahidi olacaqsınız.
11.01.2019 10:05:43
Oxuma sayı: 18480