Gürcüstandan Azərbaycana gələn vaqonlar dezinfeksiya olunur
Ölçü:


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi ölkəmizə Gürcüstandan daxil olan kənd təsərrüfatı yükləri daşınan vaqonlarda dezinfeksiya tədbirləri aparır.

Koordinat.az
xəbər verir ki, Rusiya, Ukrayna, Latviya, Belarusiya, Rumıniya, Argentina və digər ölkələrdən gətirilən vaqonlar kənd təsərrüfatına, o cümlədən baytarlığa aid yüklərdən boşaldıqdan sonra baytarlıq təyinatına əsasən dezinfeksiyaya göndərilir. Məqsəd Gürcüstan Respublikasında insanlar arasında “donuz qripi” (A-H1N1 tipi) xəstəliyinin yayılması və bu xəstəliyin daha geniş areala yayılması ehtimalını minimuma endirməkdir. Vaqonların dezinfeksiyası Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi tərəfindən Ələt yuma-dezinfeksiya məntəqəsində aparılır. Vaqonlar yuyulub dezinfeksiya olunduqdan sonra "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilir.

Ələt yuma-dezinfeksiya məntəqəsi bütün lazımı dezinfeksiya maddələri ilə təmin edilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə saxlanılan donuzlar arasında “donuz qripi” (A-H1N1 tipi) xəstəliyi qeydə alınmayıb və epizootik vəziyyət sabitdir.

10.01.2019 11:46:00
Oxuma sayı: 294