Məcburi köçkünün torpağını əlindən alırlar - Məhkəmənin yanlış qərarını geri oxutduran tapılacaqmı?
Ölçü:


Məcburu köçkün ailəsi Yevlax rayonunun Tanrıqulular kəndində məskunlaşdığı torpaq sahəsindən çıxarılır.

Bunu Kəlbəcər rayonundan məcburi köçkün Ələkbər Ələsgərov Koordinat.az-a  ünvanladığı müraciətində bildirib.  1993-cü ildə Kəlbəcərin işğalı zamanı 7 nəfərlik ailə üzvləri ilə birlikdə Başlıbel kəndində 4 ay mühasirədə qalmış Ələkbər Ələsgərovun 91 yaşlı atası Ələsgər Ələsgərovun atası hələ də itkin sayılır. Ailənin 6 üzvü isə 1993-cü ildə mühasirədən çıxdıqdan sonra məcburi köçkün kimi Yevlax rayonunun Tanrıqulular kəndində köhnə idarə binasına məskunlaşıb: “İdarənin həyətindəki kiçik torpaq sahəsini əkib becərməklə özümüzü saxlamağa çalışmışıq. Amma iki ildən artıqdır ki, məcburi köçkün kimi sığınacaq tapdığımız köhnə binada da rahat yaşamağa imkan vermirlər. Kimlərsə hansısa yollarla sənəd düzəldərək bizi buradan çıxarmaq fikrinə düşüb. 2014-cü ildə bizi Yevlax rayon Məhkəməsinə çağırdılar ki, məskunlaşdığımız ərazini Fəridə Nağıyeva adlı qadın alıb və buranı boşaltmalıyıq. Mən onlara məcburi köçkünlərin mənzillə təmin olunmadan məskunlaşdıqları ərazidən çıxarılmasının yolverilməz olduğuna dair Prezidentin və Nazirlər Kabinetinin müvafiq qərarlarını xatırlatdım. Amma şəhid ailəsi, özümün və yoldaşımın əlil olmağımıza baxmayaraq məhkəmə bizim məskunlaşdığımız torpaq sahəsindən çıxarılmağımızla bağlı qərar çıxardı".

Bundan sonra Ələsgərovlar ailəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Ədliyyə Nazirliyinə və Yevlax rayon Məhkəməsinə bir necə dəfə rəsmi məktubla müraciət edərək bu qərarın Prezidentin və Nazirlər Kabinetinin göstəriş və sərəncamlarına zidd olduğunu, aidiyyəti dövlət orqanlarından kömək istəyib. Lakin məcburi köçkün ailəsinin bu müraciətlərinə də lazımi qaydada baxılmayıb: "Rəsmi orqanlara müraciətlərdən sonra ailəmizə qarşı mənəvi təzyiqlər başladı. Bu mənəvi ağrılar 4 ay erməni mühasirəsindəki günlərdən də çətin oldu. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ailəmizin məskunlaşdığı ərazidən çıxarılmasına dair məhkəmə qərarının icrasının dayandırılması barədə cavabdeh qurumlara rəsmi məktub göndərsə də, cavabdeh tərəf - torpaq sahəsini öz adına sənədləşdirmiş Fəridə Nağıyeva iddiasından əl çəkmir".

Yevlax rayon İcra hakimiyyətinin şöbə müdiri Namiq Süleymanov Koordinat.az-a açıqlamasında məsələdən xəbərdar olduğunu deyib. Onun sözlərinə görə, məcburi köçkün ailəsinin məskunlaşdığı ərazi icra nümayəndəliyinin köhnə binasıdır. Binanın həyəti isə Ağca Rəhimovanın mülkiyyətindədir: "Məhkəmə qərarına görə Ələsgər Ələkbərov həmin torpaq sahəsindən çıxmalıdır. İcra hakimiyyəti məhkəmənin qərarına müdaxilə etmək imkanına malik deyil. Ona görə də biz oradan çıxarılması tələb olunan məcburi köçkün ailəsinə kömək edə bilmirik".

Namiq Süleymanov onu da bildirib ki, məhkəmənin Ələsgərovlar ailəsinin məskunlaşdığı ərazidən çıxarılması barədə qərarı məcburi köçkünlərin problemləri ilə məşğul olan qurumları, Milli Məclisin deputatlarını da narahat edir: "Bu məsələ ilə bağlı ayrı-ayrı deputatlar da İcra Hakimiyyətinə zəng edərək narahatlıqlarını bildirirlər. Onlar da xahiş edirlər ki, məcburi köçkün ailəsi 24 ildir məskunlaşdığı ərazidən çıxarılmasının qarşısının alınmasına köməklik göstərilsin. Amma bu iş bizim səlahiyyətimizdə olmadığından problemin həlli üçün lazımi tədbirlər görə bilmirik".

Xatırladaq ki, Yevlax Rayon Məhkəməsinin çıxardığı qərarı Şəki Apellyasiya Məhkəməsi də 12 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə qüvvədə saxlayıb. Halbuki hər iki qətnamə ölkə başçısının sərəncam və göstərişlərinə, Nazirlər Kabinetinin bir neçə qərarına, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi qaydalarına ziddir. Belə ki, Nazirlər Kabinetinin 1999-cu il 14 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və digər binalarda məskunlaşdırılması haqqında” qaydanın 4-cü maddəsində “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Prezidentin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1998-ci illərdə məcburi köçkünlərin yaşadıqları mənzildən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərlə əlaqədar təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılıb.

15.12.2017 13:16:49
Oxuma sayı: 4474