Yeni dərs ilinin köhnə problemləri - ARAŞDIRMA
Ölçü:


“Universitetə qəbul olunandan sonra yataqxanada qalacağımı düşünürdüm. Amma universitetdən dedilər ki, yataqxanada məcburi köçkünlər məskunlaşıblar. 5 gündür kirayə mənzil axtarıram, ucuz mənzil tapa bilmirəm”.

Koordinat.az
xəbər verir ki, bunu bu il tələbə adını qazanmış Salman Məmmədov deyir. Salman Dövlət İqtisad Univertitetinə qəbul olunandan sonra yataqxanada qalacağını düşünüb. Yataqxanada yer olmadığından, kirayə mənzil bazarına üz tutub. İndi son ümidi ucuz mənzil tapmaqdır.

Salman kimi tələbələr az deyil. Əslində, tələbələrin qalacaq yer problemi neçə illərdir davam edir. Baxmayaraq ki, hələ 2011-cü ildə Maliyyə və Təhsil nazirlikləri yataqxana probleminin tezliklə həll ediləcəyini açıqlamışdı. Uzağı 2 ilə universitetlər üçün tələbə şəhərciyi tikiləcəyi, mövcud yataqxanaların isə təmir olunaraq rayonlardan gələn tələbələrin ixtiyarına veriləcəyi vəd olunmuşdu. Bakı Dövlət Universiteti də daxil olmaqla, bəzi universitetlərin yataqxanalarında məskunlaşmış məcburi köçkünlər köçürülüb. Amma bu yataqxanaların əsaslı təmirinə vəsait tapılmır. Hərçənd ki, hər il təhsil haqları artırılır.

Virtualaz.org saytının əməkdaşları tanınmış universitetlərin yataqxanalarına baş çəkib, vəziyyətlə tanış olublar.

BDU: “Təmirə pul yoxdur”

Əvvəllər Bakı Dövlət Universitetinin 5 yataqxanası olub. Yataqxanalarda məcburi köçkünlər məskunlaşıblar. Köçkünlər köçürüldükdən sonra binaların qəzalı vəziyyətdə olması əsas gətirilərək yataqxanaların 4-ü sökülüb. İndi onların yerində divarlar, tikinti materiallarının qalırları qalıb. Bir yataqxanada isə yaşayış hələ də var. Baxmayaraq ki, bu yataqxana da təmirsizlikdən bərbad vəziyyətdədir. Yataqxananın 2-ci və 3-cü mərtəbəsində qızlar, 4-cü və 5-ci mərtəbəsində isə oğlan tələbələr yaşayır. Birinci mərtəbədə isə köçürüləcəyi günü gözləyən köçkünlər.

Universitetin iqtisadi-təsərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlı deyir ki, yataqxana probleminin həll edilməsi üçün maliyyə yoxdur. “Köçkünlər köçürülsə də, binalarda təmir işləri aparılmadı. Çünki bunun üçün yetərli vəsait yoxdur”.

“Köçkünlər köçürüləndən sonra bu yataqxana da söküləcək. Buna görə də, binada əsaslı təmir işləri aparılmır. Yalnız kosmetik təmir işləri görülüb”.

Bunu yataqxananın direktoru Rza Cabbarov deyir. Onun sözlərinə görə, universitetin yeganə yataqxanasında hazırda 150-dən çox tələbəyə yer ayrılıb. “80 qız tələbəyə yer ayıra bilmişik, qalanı oğlanlardır. Çalışırıq ki, imkansız ailələrin, Qarabağ müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin uşaqlarını yerlə təmin edək. Onlar universitetin Tələbə Həmkarlar Təşkilatına müraciət edirlər və sonra bura yerləşdirilirlər”.

Yataqxanada yaşayacaq tələbələr yalnız bir dəfə, illik 5 manat ödəyirlər. Aylıq ödəniş isə yoxdur. Binanın qız tələbələr yaşayan bölümündə son hazırlıq işləri aparılır.

R.Cabbarov deyir ki, işıq, su xətləri yenilənib. Amma binanın istilik sistemi yoxdur. “Qışda istilik problemi yaranır. Otaqlar yalnız qızdırıcı sobalarla isidilir. Bina köhnə və təmirsizdir. Buna görə də, istilik sistemi çəkmək mümkün deyil”, - deyə müsahibimiz problemlər haqqında məlumat verir.

Yataqxanada məskunlaşan tələbələr isə durumlarından narazı deyillər. Universitetin ekologiya fakültəsində təhsil alan Fərqanə Babayeva deyir ki, otaqlar təmirsiz olsa da, yaşayış üçün əlverişlidir. “Otaqda 3 nəfər qalırıq. Amma kirayə qalmaqdansa, yataqxana sərfəlidir, çünki ödəniş etmirik. Tələbəyə nə lazımdır, dərs oxumağa sakit otaq. Bu da, şükür Allaha, var”.

Digər tələbələr də kirayə mənzil bazarındakı qiymətlərdən sonra yataqxanada yer tapdıqlarına sevinirlər.

Memarlıq və İnşaat Universitetinin yataqxanasında vəziyyət necədir?

Memarlıq və İnşaat Universitetinin 6 yataqxanası var. Amma bu yataqxanaların cəmi ikisi tələbələrin ixtiyarına verilib. Digər 4 yataqxanada 2400 məcburi köçkün məskunlaşıb.

Universitetin Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 9 mərtəbəli yataqxanasında tələbələrin qeydiyyatına başlanılıb. Onun yaxınlığındakı digər yataqxanada isə SABAH qruplarına daxil olan tələbələrə yer ayrılıb. Yataqxananın direktoru Tanrıverdi Hacıyevin sözlərinə görə, hazırda tələbə yataqxanasında 252 nəfər tələbə otaqla təmin edilib. “SABAH qrupuna daxil olan 370 tələbə isə 3 saylı yataqxanada qalır. Bir neçə il öncə təmir olunan yataqxanada aylıq ödəniş 20 manatdır”, - direktor əlavə edir.

Binanın 4-cü mərtəbəsində yalnız qızlar yaşayırlar. Qalan mərtəbələr isə oğlan tələbələrin ixtiyarına verilib. Hazırda otaqlarda təmir gedir. İnsafən, yaxınlıqdakı yataqxanaların arasında burda vəziyyət o qədər də pis deyil.

Dövlət İqtisad Universiteti tələbələrini yerləşdirməyə yer tapmır

Dövlət İqtisad Universitetinin yataqxanalarında məcburi köçkünlər məskunlaşıblar. Buna görə də, universitet tələbələri yerləşdirməyə yer tapmır. “Hər ilin bu vaxtında bizə yataqxana ilə bağlı müraciətlər edilir. Amma qaçqınlar köçürülməyənə qədər yataqxana problemini həll edə bilməyəcəyik”, - universitetdən sorğumuza belə cavab veriblər.

Digər universitetlər kimi, İqtisad Universiteti ilə bağlı internetdə məlumatlar yerləşdirilib. Amma univerisitetin yataqxanaları ilə bağlı məlumatlar verilmədiyindən tələbələrin əksəriyyəti məlumatsızdır. Maraqlıdır ki, rayonlarda yaşayan, imtahanlardan uğur qazanaraq tələbə adını qazananların əksəriyyəti BDU, İqtisad Universiteti kimi tanınmış təhsil ocaqlarının yataqxanasının olmadığını xəyal belə etməyiblər. Çünki ali təhsil müəssisələrinin reytinqi müəyyənləşdirilərkən yataqxana da nəzərə alınır. Üstəlik, qaçqınların evlə təminatı ilə bağlı görülən işlərin hesabatı rayonda yaşayanları ümidləndirir.

Tibb Universitetinin əcnəbi tələbələr yaşayan yataqxanasında…

Tibb Universitetinin qızlar yaşayan 2 saylı yataqxanası bu ildən təmirə dayandırııb. Buna görə də, burada yaşayanları 3 saylı yataqxanaya köçürüblər. Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımovun sözlərinə görə, indiyədək 1253 tələbə yerlə təmin edilib. “Yataqxanalarda təmir işləri aparılıb, su, işıq xəttləri yenilənib. Bizim universitin yataqxanasında qalan, ödənişsiz ixtisaslarda təhsil alan tələbələr ayda 25 manat, ödənişli ixtisaslarda təhsil alanlar isə 38 manat ödəyirlər. Əcnəbi tələbələrin aylıq ödənişi isə 50 manatdır”, - C.Qasımov deyir.

Aylıq ödənişlər yataqxana əməkdaşlarının əməkhaqqının ödənilməsinə, binaların saxlanılmasına sərf edilir. “Bu qiymətlər Baş Elmi Şuranın qərarı ilə tənzimlənir. Digər təhsil ocaqlarından fərqli olaraq, bizim yataqxanalarda şərait yaxşıdır. Digər tərəfdən, yataqxanalar universitetin yaxınlığında yerləşdiyindən, tələbələrin nəqliyyat problemi olmur. Günün istənilən saatında hamam və mətbəxdən istifadə edə bilirlər. İdman kompleksi, kitabxana yaxınlıqda yerləşir”, - Qasımov əlavə edir.

Universitetin əcnəbi tələbələr üçün nəzərdə tutulmuş yataqxanası yeni təmir edilib. Yataqxananın hər mərtəbəsində 13 otaq var, hər otaqda 3 tələbə qalır. Yataqxananın komendantı Rizvan İsmayılovun sözlərinə görə, 7 mərtəbəli binada 250 tələbə yaşayır.

Binada nəzarət kameraları quraşdırılıb. Tələbələrin giriş-çıxış saatları, davranışları izlənilir. “Yataqxanada yaşamağın müəyyən şərtləri var. Məsələn, 23:00-da qapılar bağlanır, tələbə gec gələcəyini və ya haradasa qalacağını məlumat verməlidir”, -R.İsmayılov söyləyir.

Qız tələbələr 7 və 8-ci mərtəbələrdə yaşayırlar. Onların mərtəbələrinə oğlan tələbələr buraxılmır.

Əcnəbi tələbələrin əksəriyyəti İran, Böyük Britaniya, Nigeriya və Fələstindən gəlib.

Abdulracab Taminov da Fələstindən gəlib. Azərbaycan haqqında internetdə məlumat topladıqdan sonra ölkəmizdə təhsil almaq istəyib və Tibb Universitetini seçib.

Abdulracab deyir ki, ölkələrimiz, insanlar bir-birinə bənzəyir. Buna görə də, özünü Bakıda qərib hiss etmir. “Universitetdə rus dilində təhsil alıram. Hələlik rus dilində danışmaqda çətinlik çəkirəm, Azərbaycan dilində isə yalnız bir-iki söz bilirəm. Amma Bakıda qaldığım müddətdə öyrənməyə çalışacağam”, - Abdulracab deyir.

5-10 faiz yerlə təmin edildi, bəs sonra?!


Məcburi köçkünlərin köçürülməsi prosesi yubadıldı. Hətta bəzi yataqxanalarda kosmetik təmir işləri aparılmaqla köçkünlərin yeni mənzil ümidləri kökündən baltalandı. Beləliklə, yataqxanaların boşaldılacağı ilə bağlı vədlər də suya düşdü. Yataqxanalar hətta yaxın 2-3 ilə boşaldılsa belə, əsaslı təmir işləri, qəzalı binaların sökülüb yerində yenisinin tikilməsi uzun illər çəkəcək.

Hələlik isə təhsil haqqı, kirayə pulu, gündəlik ərzağa olan tələbat ağır yük kimi valideynlərin üzərinə düşüb.



14.09.2016 15:11:52
Oxuma sayı: 892