Amerikalı həmsədr Qarabağ barədə: "Konkret təkliflər var"
Ölçü:


“ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin illərlə uzanmayacağına ümid edir. Biz ümid edirik ki, sülh yolu ilə nizamlanma prosesi illərlə davam etməyəcək. Amma bu məsələ ilə bağlı qəfil sıçrayış gözləmək lazım deyil”.

Koordinat.az xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "İnterfax"a müsahibəsində bildirib. Onun sözlərinə görə, danışıqlar zaman və çoxsaylı müzakirələr tələb edir: “Bizim irəliyə getmək üçün yolumuz var, konkret təkliflər var. Prezidentlər bu məsələdə iştirak edirlər. Mən məsələnin sabah, bir həftə və ya bir ay sonra nizamlanacağını əvvəlcədən söyləyə bilmərəm. Amma prezidentlər irəliləmək üçün siyasi iradə nümayiş etdirsələr, nizamlanmanın bütün elementləri hazırdır".

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı sualı cavablandıran amerikalı həmsədr bildirib ki, bununla bağlı planlar olsa da, konkretlik yoxdur. Onun sözlərinə görə, həmsədrlər prezidentlərin yeni görüşünün keçirilməsini istəyir: "Biz həmsədrlər olaraq növbəti sammitin təməlini qoymaq üçün xarici işlər nazirləri ilə görüşəcəyik. Hər iki naziri BMT Baş Assambleyasının sessiyası zamanı növbəti addımları müzakirə etmək üçün iki həftədən sonra Nyu-Yorkda görəcəyimizə ümid edirik. Ümid etmək istərdim ki, orada iki prezidentin də görüşü baş tutacaq".

Ceyms Uorlik vurğulayıb ki, bir çoxları Dağlıq Qarabağ münaqişəsini "dondurulmuş münaqişə" adlandırsa da bu, belə deyil: "Bu, çox aktiv münaqişədir. Biz aprelin əvvəlində onun nə dərəcədə təhlükəli ola biləcəyini gördük. Bir neçə il öncə daha çox snayperlər təhlükə kəsb edirdilər. Çoxlu sayda insanın snayper gülləsi ilə öldürülməsi çox məyusedicidir. Bu gün vəziyyət daha da təhlükəlidir. Çünki biz burada raket və digər ağır texnikaların mövcudluğunu görürük. Biz apreldə bunun nə dərəcədə təhlükəli ola biləcəyini gördük. Düşünürəm ki, bütün bu ağır texnikalarla münaqişənin gərginləşmə riski var. Təhlükə sadəcə gərginləşmə ilə bağlı deyil, mənfi nəticələrə gətirib çıxara biləcək səhv hesablamalar da ola bilər. Ona görə də mən Dağlıq Qarabağ münaqişəsini "dondurulmuş münaqişə" adlandırmazdım. Mən bu münaqişəni olduqca aktiv, tərəfimizdən böyük diqqət tələb edən münaqişə adlandırardım. Düşünürəm ki, bu münaqişəni idarə olunan hesab edənlər, yanılırlar. Bu səbəbdən nizamlanmanın yolları, Rusiya, Fransa və ABŞ-ın birgə işləyə biləcəyi sahədən keçir".

11.09.2016 21:08:00
Oxuma sayı: 916