Ermənistan 3 aya 7 rayonu boşaltmalıdır
Ölçü:


Gələn il Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nokol Paşinyan arasında bir neçə görüşün keçirilməsi mümkündür.

Koordinat.az
xəbər verir ki, bu "Atlas” Araşdırmalar Mərkəzinin "Dağlıq Qarabağ: 2018-ci ilin yekunları” hesabatında əksini tapıb. Hesabatda qeyd edilib ki, bu görüşlərdən nəticə çıxması üçün N.Paşinyanın mövqeyi dəyişməlidir. Eyni zamanda N. Paşinyan "Qarabağ separatçıları da danışıqlarda iştirak etsin” tələbindən imtina etməlidir. "Atlas” Araşdırmalar Mərkəzi hesab edir ki, N. Paşinyanın Qarabağla bağlı mövqeyi eks-prezidentlər Robert Köçəryanın və Serj Sərkisyanın mövqeyindən fərqlənməyə də bilər. Yəni Paşinyan mübarizə apardığı Köçəryanın və Sərkisyanın Qarabağ siyasətini davam etdirə bilər. Bu halda Bakı ilə Yerevan arasındakı danışıqlardan nəticə çıxmayacaq, rəsmi Bakı da mövqeyini sərtləşdirəcək.

"Atlas” Araşdırmalar Mərkəzi hələ ki, N.Paşinyanın Azərbaycanla sülhə ümid verən heç bir açıqlama vermədiyinə diqqət çəkib. Tam əksinə, N.Paşinyanın açıqlamaları işğalın davam edəcəyini göstərir. Əgər Paşinyan Qarabağ münaqişəsinin həllində heç bir addım atmayacaqsa, rəsmi Bakı üçün Ermənistanda hakimiyyətdə kimin olmasının heç bir fərqi olmayacaq. Əsas odur ki, Ermənistan hakimiyyətindəki şəxs işğal altındakı torpaqları azad etməyə hazır olsun.

Hesabatda qeyd edilir ki, son bir neçə aydır cəbhə bölgəsində sakitlikdir, atəşkəsin pozulması halları minimuma enib. Bu, rəsmi Bakının Nikol Paşinyana verdiyi bir şans idi. Rəsmi Bakı istəyirdi ki, Ermənistanda parlament seçkisində N. Paşinyana problem yaratmasın: "Paşinyan bundan istifadə edərək "Qarabağ klanını” həm hakimiyyətdən, həm də parlamentdən uzaqlaşdırdı. Rəsmi Bakı 2019-cu ilin birinci yarısında Paşinyanın Qarabağ münaqişəsinin həllində addım atmasını gözləyəcək. Belə bir addım atılmasa, bölgədə vəziyyət gərginləşəcək. Azərbaycan ordusu fəallaşacaq.  Mümkündür ki, rəsmi Bakı İrəvana ultimatum versin. Regional şərait də Azərbaycan üçün əlverişlidir. Rusiya-Ermənistan münasibətlərində soyuqluq hiss olunur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya mətbuatına son müsahibəsində deyib ki, Ermənistanla saziş imzalamağı planlaşdırırlar. Sazişdə göstəriləcək ki, Ermənistan öz ərazisində Rusiyadan başqa heç bir dövlətin hərbi qüvvəsini yerləşdirməməlidir. Əslində bu saziş Ermənistanın Rusiyadan asılı olduğunu göstərir. Yəni Moskva Nikol Paşinyana təzyiq edir ki, ABŞ və NATO ilə sıx əməkdaşlıq etməsin”.

"Atlas” Araşdırmalar Mərkəzinə görə, rəsmi Bakı bu vəziyyətdən istifadə edə bilər. Sənədə əsasən, Rəsmi Bakının Nikol Paşinyana ultimatumunun mətni belə ola bilər: "Ermənistan ordusu yaxın 3 ayda Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmalıdır. Əks halda, Azərbaycan məcburi addımlar atacaq”.

Hesabatda vurğulanıb ki, rəsmi Bakının sərtliyi müharibənin qarşısını almaq istəyən dövlətlərin Ermənistana təzyiqini artırmalıdır: "İraq 1990-cı illərin əvvəllərində Küveyti işğal etdi. Bundan sonra Vaşinqton İraq lideri Səddam Hüseynə Küveyti boşaltmaq üçün vaxt verdi. Vaxt bitdikdə ABŞ ”səhrada fırtına" əməliyyatına başladı. Rəsmi Bakı bu təcrübədən faydalana bilər”.

26.12.2018 17:25:49
Oxuma sayı: 680