Qulu Məhərrəmli: "Morfoqrafiya “islahatı” iflasa uğradı"
Ölçü:


"Azərbaycanda ədəbi  dilin başına nə oyun açılması, geniş mənada media çoxluğunun heç vecinə də deyil, çünki bu medianın 70-80 faizi mənəvi oriyentirini itirmiş vəziyyətdədir. Sadəcə olaraq, Orfoqrafiya komissiyası özünə yaxın bildiyi qəzet və saytlarda mövqeyini fərasətli bir şəkildə ifadə edirdi. Həm də “islahatçılar” burada məsələni artıq həll olunmuş kimi göstərməyə çalışırdılar. Bu səbəbdən də həmin media qurumları əks mövqeyi işıqlandırmır, Ədəbiyyat və Dilçilik institutlarının əməkdaşlarının palaz-palaz yazılarını çap edirdilər".

Koordinat.az xəbər verirb ki, bunu tanınmış media eksperti və dilçi-alim, filolofiya üzrə elmlər doktoru Qulu Məhərrəmli Azərbaycan mədəniyyəti və dili mərkəzinin müxbiri ilə müsahibəsində söyləyib. O, bildirib ki, vaxtilə apostrofla yazılmış sözlərin hecadan-hecaya keçirilməsi qaydalarının və bəzi leksik vahidlərin yazılışının dəyişdirilməsini nəzərdə tutan 22 və 69-cu maddələr də elmi cəhətdən yanlış idi. Buna görə də Dilçilik institutundan kənardakı  vicdanlı mütəxəssislər həmin maddələrə etiraz edirdilər: "Sosial şəbəkələrdə də gedən qızğın mübahisə və etirazların əsas motivi bu idi ki, sözlərin yazılışının təkrar-təkrar dəyişdirilməsi təkcə fikir qarışıqlığına yol açmayacaq, həm də dildə sistemsizlik və  çoxvariantlılıq yaradacaq, tədrisdə qarşıya çoxlu çətinliklər çıxaracaq. Buna görə də də heç bir məntiqə və elmi prinsipə əsaslanmayan orfoqrafiya “islahatı” iflasa uğradı. Bu məsələdə hakimiyyətdəki sağlam düşüncəli insanlarla yanaşı, elm, təhsil, mədəniyyət və media sahəsində çalışan təxminən 200-ə yaxın  şəxsin müraciəti də öz rolunu oynadı. Burada fədakar alimlər və orta məktəb müəllimləri xüsusi rol oynadı. Onu da deməliyəm ki, orfoqrafiya müzakirələrində dirijor çubuğunu əlində saxlamış İ.Həbibbəylinin sonradan “biz güzəştə getməsəydik bunlar küçələrə çıxıb ölkədə sabitliyi pozacaqdılar” deyə bu adamları ittiham etməsi tamamilə əxlaqa zidd bir davranış idi".

Qulu Məhərrəmli bildirib ki, neçə illərdir, yerli telekanalların qüsurlu və aşağı səviyyəli proqramları tamaşaçıları ekrandan küsdürüb. Ona görə də çoxları peyk və ya kabel televiziyası ilə qonşu ölkələrin kanallarına baxır. Rus və ya ingilis dili bilənlər xəbərləri BBC və ya Avronyusdan izləyir, indi bizdə türk seriallarına baxmaq, Rusiya TV-lərinin ictimai müzakirə proqramlarına azarkeşlik etmək dəbdədir: "Təəssüf ki, dövlətin hər il büdcədən 35-40 milyon manat ayırdığı AzTV, təxminən 15 milyon manat verdiyi İTV maraqlı verilişlər hazırlamaqla rəqabət mühiti yarada bilmir. Hazırda İTV-nin yeni rəhbərinə müəyyən ümidlər bəslənilir. “Mədəniyyət” kanalında bəzi babat verilişlər nəzərə çarpmağa başlayıb, amma bunlar da sovet dövrünü yaşamış orta yaşdan yuxarı insanların xoşladığı proqramlardır, yeni forma, yeni arxitektonika, günün problemlərini əks etdirən ictimai müzakirələr, müasir TV düşüncəsi çatışmır. Bütün bunlar o deməkdir ki, Azərbaycan teleməkanını ciddi islahatlar intizarındadır".

26.12.2018 14:52:00
Oxuma sayı: 329