Tofiq Zülfüqarov: “Azərbaycan və erməni icmalarının görüşü mənasız oyundur” – MÜSAHİBƏ
Ölçü:


Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”ın Rusiya-Ermənistan münasibətləri, həmçinin Qarabağla bağlı durumdan bəhs edən suallarını cavablandırıb.

Koordinat.az
həmin müsahibəni oxucularına təqdim edir:

– Tofiq bəy, dekabrın 25-də Ermənistandakı Rusiya səfirliyinin qarşısında rus hərbçilərinin ölkədən çıxarılması tələbi ilə aksiya keçirilib. Necə bilirsiniz, bu aksiya həm də qərbyönümlü Paşinyan hakimiyyətinin iradəsini əks etdirir, yoxsa çox da ciddi nəticələr çıxartmağa ehtiyac yoxdur?
– Qərbyönümlü siyasət yürüdülməsi həm Paşinyana yaxın siyasətçilərin, həm də, ümumiyyətlə, erməni cəmiyyətinin istəyidir. Çünki onlar çox yaxşı başa düşürlər ki, Rusiya onlara bundan artıq nəsə verəsi deyil və onların inkişafı, Ermənistan dövlətinin gələcəyi birbaşa Qərblə, oradan gələn dəstəklə, investisiyalarla bağlı olacaq. Con Boltonun səfərindən sonra onlar birmənalı olaraq başa düşdülər ki, əgər qərbyönlü siyasət yürütmək istəyirlərsə, deməli, ölkədə Rusiyanın nüfuzunu azaltmalıdırlar. Amma ikinci istiqamət ondan ibarətdir ki, onlar Azərbaycanın işğal olunmuş ərazilərinə qarşı anneksiya siyasətini davam etdirmək istəyirlər. Bu məsələdə onlara Rusiyanın təhlükəsizlik təminatı lazımdır. Yəni Ermənistan cəmiyyətində artıq bir-birinə zidd olan istəklər mövcuddur. Bunları həll etmək təbii ki, çox çətindir. Bir hissəsi gələcək barədə fikirləşir, digər hissəsi də deyir ki, yox, necə olur-olsun, biz işğalçı siyasətimizi Rusiyanın köməkliyi ilə davam etdirməliyik. Ermənistandakı iki etiraz nümayişi də cəmiyyətdəki bu bölgünü göstərir.

– 27 dekabrda Moskvada kritik Putin-Paşinyan görüşü keçiriləcək. İrəvandakı anti-Rusiya etirazları, şantaj cəhdi Ermənistanın hökumət başçısının işinə yarayacaqmı?
– Bu, ermənilərin siyasətinə və siyasi elitasına məxsus olan bir cəhətdir. Onlar bir-birinə zidd olan siyasi istiqamətlərini də birləşdirmək və öz xeyirlərinə çevirmək istəyirlər. Onların istəyi bundan ibarətdir ki, Ermənistanın qərbyönümlü siyasəti Rusiya tərəfindən qəbul olunsun və Moskva buna göz yumsun. Eyni zamanda istəyirlər ki, Rusiya təmənnasız olaraq onlara hərbi müdafiə qarantiyaları versin, təhlükəsizliyi təmin etsin. İndi Paşinyanın qarşısında həyata keçirilməsi heç cür mümkün olmayan bir məqsəd durur. Təbii ki, onlar bir az gərginliyi nümayiş etdirməyə, cəmiyyətin belə bir fikirdə olduğunu çatdırmağa çalışacaqlar. Yəni nə isə etmək istəyirlər ki, Rusiya yardım əlini onların üzərindən çəkməsin.

– Ermənistandakı anti-Rusiya aksiyalarında Qərb dairələrinin maraqlı olduğu şübhəsizdir, eləmi?
– Əlbəttə, birmənalı şəkildə. Qərb Ermənistana deyir ki, əgər sən bizim tərəfə keçmək istəyirsənsə, indi özünü göstərməlisən və digər ölkələr kimi siyasətini həyata keçirməlisən. İnanmıram ki, ermənilərə görə belə istisnalar ola bilər.

– Əvvəlki dönəmlərdə, elə Serj Sərkisyanın zamanında da Rusiyaya qarşı etiraz aksiyaları olmuşdu, amma çox keçmədi ki, etirazlar səngidi. Bu dəfə də analoji hal yaşana bilər, yoxsa artıq vəziyyət dəyişib?
– Bu, təkcə Paşinyan hakimiyyətinin problemi deyil. Sərkisyanın da vaxtında həmin problemlər mövcud idi. Gördüyünüz kimi, Rusiya uzun müddət idi ki, Ermənistanın Avropa İttifaqı ilə sazişinə göz yumurdu. Sadəcə olaraq, imzalanma mərasimindən bir-iki gün qabaq öz mövqeyini göstərmişdi. Bu cür cəhdlər Sərkisyanın, yaxud Paşinyanın qərbyönlü siyasətçi olduğuna görə ortaya çıxmayıb. Cəmiyyət artıq başa düşür ki, Rusiyanın onlara hərbi təminatı heç də Ermənistanın inkişafı demək deyil. Onlar Gürcüstana, Azərbaycana, digər ölkələrə baxırlar və görürlər ki, yox, bu, mümkün olan şey deyil. Yəni belə vəziyyətin davamı Ermənistanın dağılmasına gətirib çıxara bilər. Onlar bizdən yaxşı bilirlər ki, demoqrafik uçurum heç də özbaşına yaranmayıb. Ölkədə iş yox, ticarət üçün bazar yox, investisiya üçün şərait yox və sair. Onlar bu problemləri bizdən yaxşı bilirlər. Onu da bilirlər ki, bunun çarəsi qərbyönümlü siyasətdir.

– Rusiyanın qazın qiymətini artıracağı da gözlənilir. Ermənilərin fəlakətli durumda olduğu şəraitdə Moskva buna gedəcəkmi?
– 2015 dollar olmayacaq, amma 205 dollar olacaq. Yəni qazın qiymətinin qaldırılması ilə bağlı qərar veriləcək, çünki Rusiyanın da problemləri çoxdur. Bunun əvəzində Ermənistan Rusiyaya nə verə bilər? Həmin problemlər həm də Rusiyanın qarşısındadır. Yəni sanksiyalarla üz-üzədir. Həmçinin bu sanksiyalar kreditlərə də aiddir. Yaşamaq olar, amma inkişaf etmək yox! İndi Rusiya öz problemləri barədə fikirləşir. Baxın, Putinin sonuncu mətbuat konfransında vəziyyətin ağır olmasına dair nə qədər fikirlər səsləndi.

– Rusiya prezidenti mətbuat konfransında erməni xalqına və keçmiş iqtidarlara daha çox istinad etdi, nəinki inidikinə.
– Əslində onun bəyanatı Ermənistan xalqına və ictimaiyyətinə ünvanlanan bir çağırışdır. Rusiya Ermənistandan getsə, birmənalı bəyan etməyəcək ki, biz gedirik, çünki vəziyyətimiz çətindir və öz dostlarımıza sadiq deyilik. Əlbəttə, bir bəhanə tapıb deyəcək ki, ermənilər bizi satdılar. Təbliğatın qaydası budur. Deyəcək biz sizinlə dostuq, bəyanat vermişik, amma gördüz, siz neylədiz?

– Tofiq bəy, siz xeyli müddətdir ki, Rusiyanın Ermənistandan gedəcəyini deyirsiniz. İndi isə rus qoşununun ölkədən çıxarılması tələbi ilə aksiyalar keçirilir. Bu, həm də Kremlin hazırladığı ssenari ola bilərmi?
– Mən onu istisna etmirəm. Rusiya özü hazırlamasa, buna passiv reaksiya verməzdi. Xatırlayın, Ukraynada həmin addımlara görə Rusiyanın reaksiyası necə olmuşdu. Hamı bilir, bu, yeganə “məxməri inqilab”dır ki, ona qarşı Rusiyada təbliğat da o qədər güclü deyil. Bu, onu göstərir ki, artıq qərar qəbul olunub. Hamı başa düşür ki, vəziyyət başqa cür inkişaf etməyəcək.

– Yəni Rusiyanın 102-ci hərbi bazası Gümrüdən çıxarılacaq? Bəs o halda NATO ölkəsi ilə sərhədlər?
– Ermənistanın özünün Rusiya ilə sərhədi yoxdur. Bilirsiniz, erməni politoloqlar o qədər bizim başımızı doldurublar ki, biz hərdən elə düşünürük ki, Ermənistandan vacib nöqtə yoxdur. Nəyə görə yoxdur? Digər ölkələrin arasında, Rusiya sərhədindən uzaq məsafədə, ada kimi yerləşən bir ölkədir. İndi Rusiya həm Türkiyə, həm İranla yaxın əlaqələr qurmağa çalışır, investisiya qoyur. Ermənistanda hərbi cəhətdən qalmağın heç bir mənası yoxdur.

– Rusiya Ermənistan hakimiyyətini cəzalandırmaq üçün Azərbaycana torpaqlarını azad etməkdən ötrü şans tanıya bilərmi?
– Biz təbliğati qaydaları nəzərdə tuturuqsa, mən bunu istisna etmirəm. Hətta fikirləşirəm ki, mümkün olan məsələdir. Çünki onlar göstərəcəklər ki, bizi satanın taleyi ağır olur. Ona görə də Rusiya mütləq cəzalandıracaq, bunu ermənilər də başa düşür. Baxın, görün, hansı ölkə qərbyönümlü siyasət yürüdürsə, bu və ya digər şəkildə problemlərlə rastlaşır. Bu “teatr”ın qaydası belədir.

– Təbii ki, bizi Qarabağ, ərazilərimizin qaytarılması üçün yarana biləcək şans maraqlandırır. Yeri gəlmişkən, bu arada Qarabağın azərbaycanlı və erməni icmaları arasında danışıqların zəruriliyindən də bəhs olunur. 2019-cu ildə Moskva ilə İrəvan arasındakı konfrontasiya mühitinin davamı bizi Qarabağa yaxınlaşdıracaqmı?
– Mənim icmalarla bağlı mövqeyim qısadır. Çünki 1998-ci ilədək həmin bu format var idi. Yəni erməni icması danışıqlarda iştirak edirdi və s. Robert Köçəryan hakimiyyətə gələndə dedi ki, artıq oyunçu bizə nəyə lazımdır, onsuz da qərar qəbul edən İrəvandır, işğalçı Ermənistandır. Odur ki, danışıqları daha da konkret etmək istədi. Bu da 20 ilin ərzində baş verib. İndi təzədən 20 il əvvəlki formata qayıtmağın nə mənası var? Ermənilər o vaxt bu fikri qəbul edirdilər ki, hamı bilir Qarabağda kimin ordusudur. Bu adamların təyinatları da İrəvanda baş verir. O baxımdan icmaların görüşü, məncə, mənasız bir oyundur. Sadəcə olaraq, həmsədrlər tərəfindən baş qatmaq üçün ortaya atılıb.

– Qarabağ məsələsi Putin-Paşinyan görüşündə əsas müzakirə mövzusu olacaqmı?
– Mənə elə gəlir ki, əsas təzyiq vasitəsi Qarabağ məsələsi olacaq. Biz başa düşməliyik ki, ermənilər də Qarabağı işğal etməklə bütün istəklərinə çatmayıblar. Əraziləri işğalda saxlayıblar. Amma nə Azərbaycan onları qəbul edir, nə də dünya. Yəni onların da fikrincə, “ikili standart” var. Deyirlər ki. bəs Abxaziya, Osetiya, Krımı tanıdınız, az qala Donbası tanıyırsınız. Amma bizə münasibətdə eyni mövqeni nümayiş etdirsəydiniz, bizimçün yaxşı olardı. Yəni onlar da Moskvanın mövqeyindən narazıdırlar. Bu baxımdan Moskva da Qarabağa aid siyasi leksiyanı davam etdirəcək. Mən istisna etmirəm ki, deyəcəklər indi aktiv danışıqların bərpası mərhələsidir, biz kömək etmək istəyirik və s. Bu baxımdan belə bəyanatlar səslənəcək, amma həyata keçirilməyəcək.

– Yenə də o fikirdəsiniz ki, Rusiya Cənubi Qafqazdakı sonuncu qalasından gedə bilər, eləmi?

– Hadisələr yavaş-yavaş onu sübut edir. Kimlərsə deyir bu, baş verməyəcək, tənqidi fikirlər də səslənir. Amma hadisələrin gedişatı onu göstərir ki, Rusiya Ukraynadan- Ukrayna Ermənistandan qat-qat vacib ölkədir-Gürcüstandan, Baltikyanı ölkələrdən getdiyi kimi, Ermənistandan da gedəcək. Sadəcə olaraq, Ermənistanda qalmağa Rusiyanın imkanları bəs eləmir. İmperiya siyasəti çoxlu pul tələb edir.

 
26.12.2018 12:23:00
Oxuma sayı: 638