Abituriyenləri hansı çətinlıiklər gözləyir? - tələbə qəbulunda yenilik
Ölçü:

Bir neçə gün əvvəl Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları” və "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nı təsdiqləyib.

Koordinat.az xəbər verir ki, bu qaydalarla gələn ildən Azərbaycanda həm buraxılış, həm də ali məktəblərə tələbə qəbulu imtahanlarının yeni formatda keçiriləcəyi hüquqi-normativ aktlar təsdiqlənmiş sayılır.  Təhsil üzrə ekspert Kamran Əsədov "Bakupost"a açlqlamasında Nazirlər Kabinetinin bu qərarının labüd olduğunu söyləyib: "Çünki 2008-ci ildən kurikulumla tədris prosesinə keçmişik, artıq təhsil alanların bilik və bacarıqları yeni standartlarla yoxlanılır.  Ona görə də təhsil alanların biliklərini ənənəvi üsullarla yoxlayıb ölçə bilmərik".

2009-cu ildə ali məktəblərə qəbul imtahanlarında ən ciddi yeniliklərdən biri odur ki, əvvəlki illərdə ixtisas qruplarının hər birində 5 fənn var idisə, 2009-cu illərdə bu fənlərin sayı 3-ə enəcək. Sualların sayında da fərqlər var. Əgər  2018-ci ilə qədər  ixtisas  qrupuna daxil hər bir fəndən 25 test tapşırığı var idisə, 2019-cu ildə 30 test tapşırığı olacaq.

Bundan başqa, 2018-ci ilə qədər 25 test tapşırığının hamısı qapalı, yaxud yalnız 4-ü açıq tipli idisə, artıq 2019-cu ildən ixtisas qrupuna daxil olan hər fənn üzrə 30 test tapşırığından 22-si qapalı test tapşırığı olacaq. Yəni onların cavabları şagirdlərə A, B, C, D, Y variantları olacaq. Test tapşırıqlarından 5-i açıq tipli test tapşırığı olacaq. Yəni verilmiş suallara cavabları sadəcə, seçəcəklər, yaxud yazacaqlar. 3 test tapşırığı situasiya tipli test tapşırığıdır. Yəni şagirdlər hər hansı bir problemin həllini yazacaqlar”.

Ekspert qiymətləndirmə meyarlarının da fərqli olduğunu qeyd edib. Kamran Əsədovun sözlərinə görə, əvvəllər ali məktəblərə qəbul imtahanlarında maksimum bal 700 bal idisə, gələn ildən qəbul imtahanında maksimum 400 bal olacaq: "Yəni imtahan iştirakçıları 3 fəndən yekunda 0-400 bal toplaya bilərlər. İmtahan iştirakçıları ali məktəblərə qəbul üçün 0-300 balı isə orta məktəblərdə buraxılış imtahanlarında toplayacaqlar. Hər iki mərhələdə əldə edilmiş ballar cəmlənəcək və yekun bal çıxarılacaq. Tutaq ki, şərti olaraq bir abituriyent buraxılış imtahanından 0-300 arası bal, qəbul imtahanında 0-400 arasında bal toplayacaq.  İki mərhələdə toplanan ballar yekunda cəmlənəcək və abituriyentlər bu yekun balla ixtisas seçiminə gedəcəklər”.
 
Orta məktəblərdə buraxılış imtahanlarına gəlincə, 2019-cu ildə buraxılış imtahanları 9-cu siniflər üçün mart ayında, 11-ci siniflər üçün isə aprel ayında, yəni tədris ili başa çatmamış keçiriləcək. Buna səbəb imtahanların yoxlanılması prosesinin uzun çəkməsidir. Ekspert deyib ki, əvvəllər 2-3 günə cavablar açıqlanırdısa, son 2 ilin təcrübəsinə əsasən, yekun nəticə 60 günə bilinəcək: "Məsələ ondadır ki, artıq yoxlama prosesində insan amili var".

İkinci yenilik ondan ibarətdir ki, indiyə qədər  buraxılış imtahanları yalnız Azərbaycan dili, rus bölməsinin abituriyentləri rus dilindən və riyaziyyatdan verilirdisə, 2019-cu ildən həm də xarici dildə buraxılış imtahanı veriləcək. Xarici dildə imtahan suallarının modelində də dəyişiklik var: "Buna qədər qapalı test tapşırıqları var idisə, 2019-cu ildən dinləmə tipli test tapşırıqları olacaq. 2019-cu ilə qədər qəbul imtahanlarına buraxılış imtahanlarının təsiri yox idisə, artıq 2019-cu ildə buraxılış imtahanlarının nəticələri qəbul imtahanının nəticələrinə birbaşa təsir göstərəcək. Bu, əslində uşaqların buraxılış imtahanına yanaşmada məsuliyyətini, ciddiyyətini dəyişdirəcək. Azərbaycan dili (rus bölməsinə rus dili), riyaziyyat və xarici dil fənlərindən veriləcək buraxılış imtahanında 0-300 arasında bal toplanacaq. Ana dili (rus bölməsində rus dili) fənnindən 30, riyaziyyatdan 30, xarici dildən isə 25 sual olacaq”.

Ekspert ümumiyyətlə, 2019-cu ildə bir çox yeniliklərin şahidi olacağımızı vurğulayıb: "Yeniliklər həm də müəyyən problemlər yaradacaq. Birincisi, hələ də Dövlət İmtahan Mərkəzi 2019-cu ilin qəbul imtahanlarını özündə əks etdirən proqrammı nəşr etdirməyib. İmtahana artıq 4 ay qalıb, amma hələ də proqram yoxdur. Hansı fənlərdən hansı mövzular düşəcək, hansı modellərdən istifadə olunacaq, bununla bağlı ictimaiyyətdə məlumat yoxdur. İctimaiyyətdə dərsliklərlə bağlı çaşqınlıqlar var. Qiymətləndirmə meyarları, standartları da yoxdur. Ümumən 2019-cu il qəbul imtahanı verəcək uşaqlar üçün həm yaxşı, həm də pisdir. Ona görə yaxşıdır ki, ilk dəfə belə qəbul imtahanı verirlər və müəyyən güzəştlər olacaq. Ona görə pisdir ki, abituriyentlər təcrübəsiz olacaqlar. Düşünürəm ki, bizim uzun müddət öyrəşdiyimiz 700 bal, yüksək nəticələr 2019-cu ildə təkrar olunmayacaq. Bu, artıq tarixə qovuşacaq”.
24.12.2018 18:39:00
Oxuma sayı: 739