Əli Həsənov Qarabağ münaqişəsinə görə Rusiyanı ittiham etdi - faktlarla izahat + FOTO
Ölçü:


Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri  Əli Həsənov Azərbaycanda səfərdə olan Litvanın Jurnalistlər İttifaqının sədr müavini,  «Alkas.lt » internet portalının  redaktoru Audris Antanaytisə  geniş müsahibə verib.  O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin bu günkü durumu, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə danışıqb.

Koordinat.az xəbər verir ki, Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi kökləri və yaranma səbəbləri barədə xronoloji ardıcıllıqla məlumat verib. Baş nazirin müavini bildirib ki, son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülmə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar ki, bunlar da Azərbaycan torpaqlarının mərhələ-mərhələ işğalı ilə nəticələnib: “Qafqazı işğal etməyi qarşısına məqsəd qoymuş Çar Rusiyası Azərbaycan uğrunda  İranla müharibələrə başladı. Nəticədə Şimali Azərbaycan ərazisində yerləşən bütün xanlıqlar Rusiya imperiyası tərəfindən işğal olundu.  1828-ci il fevralın 10-da Çar Rusiyası ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinə görə Şimali Azərbaycan Rusiya imperiyasının, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil oldu. 1826-1828-ci illər müharibəsi gedişində İrandan və Azərbaycanın cənub ərazilərindən Cənubi Qafqaza 18 min erməni ailəsi köçürüldü. Daha sonrakı iki ildə Yelizavetpol və İrəvan quberniyaları ərazisinə İrandan 40 min, Türkiyədən isə 84 000 erməni köçürüldü”.

 Baş nazirin müavini qeyd edib ki,  Çar Rusiyasının və keçmiş sovet hökumətinin köməyi ilə ermənilər Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət yaratdılar: “Bu gün onların Yerevan adlandırdıqları torpaqda azərbaycanlıların İrəvan xanlığı olub və XIX əsrin əvvəlində orada yaşayanların 95 faizini azərbaycanlılar təşkil edib. Lakin bütün bunlar onlara bəs etmədi. Tədricən bizim digər torpaqlarımızı da işğal etdilər - Zəngəzur, Göyçə mahalları SSRİ tərəfindən ermənilərə hədiyyə verildi. Ermənistan ərazisində doğma torpaqlarında yaşayan azərbaycanlılar son 200 ildə 4 dəfə deportasiya edilib - 1905, 1918, 1948-1952 və 1988-1992-ci illərdə. Sonuncu deportasiya M.Qorbaçovun prezident olduğu dövrdə həyata keçirilib. O, deportasiya deyil, əslində etnik təmizləmə oldu”.
 
Əli Həsənov deyib ki, 1985-ci ildə Mixail Qorbaçovun hakimiyyətə gəlişi ilə onun ətrafına topladığı ermənilər və ermənipərəst qüvvələr dərhal hərəkətə keçərək çoxdan ürəklərində gəzdirdikləri «Böyük Ermənistan» ideyasını reallaşdırmaq üçün hazırladıqları planı ortaya qoydular: “1986-cı ildə  Mixail Qorbaçovun Fransaya səfəri zamanı onun xeyir-duasını alan erməni millətçiləri üçün niyyətlərinin həyata keçirilməsi yolunda indi bircə maneə qalırdı- SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun yeganə azərbaycanlı üzvü olan Heydər Əliyev. Hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrlərdən Heydər Əliyevin bu məsələyə sərt və kəskin münasibətindən xəbərdar olan erməni separatçıları və onların Kremldəki havadarları  ilk tədbir kimi, 1987-ci ildə onun tutduğu vəzifədən uzaqlaşdırılmasına nail oldular. 1988-ci ilin fevral ayında Sumqayıt şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin və ermənilərin əli ilə həyata keçirilən hadisələrdən sonra  erməni millətçilərinin əli ilə  hədə-qorxu və terror hesabına Ermənistanda yaşayan 250 mindən artıq azərbaycanlı öz doğma yurdlarından qovuldu.Qədim Azərbaycan şəhərlərindən olan İrəvan hazırda Ermənistan dövlətinin paytaxtıdır. Bu gün həlli çətinləşmiş Dağlıq Qarabağ problemi məhz elə o vaxtdan başladı”.

Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinə toxunan Baş nazirin müavini münaqişə nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyon iki yüz min soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini, milli-mədəni sərvətlərimizin talan edildiyini, bütün infrastrukturun dağıdıldığını qonaqların diqqətinə çatdırıb.

Xarici jurnalistin sualını cavablandıran Baş nazirin müavini vurğulayıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul edib. Ermənistanın təcavüzkar siyasəti Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də icra olunmayıb. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesi hələ də heç bir nəticə verməyib. Ermənistanın sabiq prezidenti Robert Koçaryan və hazırkı prezidenti Serj Sarkisyan Azərbaycan vətəndaşlarıdır. Onlar Dağlıq Qarabağda azərbaycanlıların qanlarını tökərək hakimiyyətə gəliblər. Bu gün Ermənistan aclıq, səfalətlə üzləşib. BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə, son 15-20 ildə Ermənistanı bir milyon yarım erməni tərk edib. Çünki bu ölkədəki cinayətkar rejim öz xalqına heç nə vermir. Ermənistan torpaqlarımızı 24 ildir işğal altında saxlayıb, nə əldə edib? Heç nə. Əksinə çox şey itirib.

Əli Həsənov vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı cinayətini həyata keçirib. Nəticədə günahsız insanlar amansızlıqla öldürülüb. O, qeyd edib ki, artıq dünyanın bir sıra dövlətləri bu faciəni soyqırımı kimi tanıyır.

Bu faciəni törədənlərin bu gün Ermənistanda hakimiyyətdə olduqlarını diqqətə çatdıran Baş nazirin müavini Əli Həsənov bildirib ki, bu işğalçı ölkənin tutduğu mövqe, nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə əməl etməməsi, işğalçılıq siyasətini bu gün də davam etdirməsi təkcə region üçün deyil, bütövlükdə dünya üçün təhlükədir.

Əli Həsənov həmçinin ölkəmizdəki qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıdanadək problemlərinin həlli istiqamətində görülən tədbirlər, xüsusilə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması baxımından həyata keçirilən işlər barədə də ətraflı məlumat verərək bildirib ki, ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi məqsədilə 6,1 milyard manat  məbləğində vəsait xərclənib.

Ümumilikdə indiyədək respublikanın müxtəlif ərazilərində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 94 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllələr istifadəyə verilmiş, 243 min nəfər bu qəsəbələrə köçürülüb.

Baş nazirin müavini deyib ki, ermənilərin dünyanın hər yerində diasporları var və onların yaranma tarixi 200 ili ötür. Bu imkanlar nəticəsində mənfur qonşularımız Azərbaycan əleyhinə heç bir əsası olmayan informasiyalar yayırlar: “Biz isə diaspor təşkilatlarımızı müstəqillik illərindən sonra yaratmağa nail olduq. Bu il yenidən qazandığımız müstəqilliyimizin 25 ili tamam olur. Hələ 1918-ci ildə də Azərbaycan ilk dəfə müsəlman Şərqində müstəqil respublika yaradıb. Biz müstəqilliyimizi 1991-ci ildə bərpa edə bildik. Bu, bizə ölkəmiz, dövlətimiz haqqında dünyada təbliğat aparmağa imkan yaratdı”.

 Əli Həsənov görüşdə bu ilin aprel ayının əvvəlində qoşunların təmas xəttində baş verən hadisələr barədə də məlumat verib.

 Sonda Əli Həsənov Azərbaycanla Litva arasında əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu və bu əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.

 
01.09.2016 17:51:00
Oxuma sayı: 693