Hansı plomblar dişlər üçün təhlükəsizdir? - stomatoloqun şərhi
Ölçü:


Uzun illər ağızda amalgam adlı plomblarla yaşamaq insan həyatı üçün olduqca təhlükəlidir.

Koordinat.az xəbər verir ki, stomatoloji klinikalarda sağlamlıq üçün ciddi təhlükələr yaradan pbomblardan istifadə edilməsi narahatlıq doğurur.

Bəs, plomblar necə hazırlanır?

Amalgam - tərkibində bir çox metal qırıntıları olsa da, gümüş metal daha çox olduğuna görə belə adlandırılır. Daxilindəki gümüş, qalay, sink və s. metallar xüsusi qarışdırıcı sistemdə civə ilə sintez olunaraq yumşaq xəmir formasında maddə əldə edilir. Bu növ plombun 70 faizi gümüş, 23 faizi qalay, az miqdarda isə sinkdən və civədən ibarətdir. Bu daha sonra dişə qoyularaq bərkiməsi üçün bir neçə saat gözlənilir. Xüsusilə də azı dişlər üçün istifadə edilən ən yaxşı plomb maddəsi hesab edilir.

Amalgam plombun tərkibindəki civə səhhəti təhdid edən zəhərdir. Əsəb və həzm, immun sisteminə, ağciyər və böyrəyə mənfi təsir göstərir, miqren yaradır. Hamilə qadınlara isə xüsusilə təhlükəlidir. Çünki ana bətnində olan körpə bundan təsirlənir. Uşaqlarda həzm sistemini pozaraq, dəridə çoxlu fəsadlar törədə bilir.
 
Belə plombların çıxardılması isə qoyulmasından daha çətin və əziyyətlidir. Amalgamın vücuddan çıxarılmasını istəyən şəxs xüsusi vitaminlər qəbul etməlidir.
Amalgam plomb, çox dayanıqlı və sərfəli olsa da, estetik görünüş cəhətdən də gözəl görünmür

Azərbaycanda da bu növ plomblardan istifadə edənlər var.

Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən stomotoloq Mircavid Babayev bildirib ki, amalgam plomblara ölkəmizdə tələbat azdır. O bunu sığorta sisteminin olmaması və dişlərin estetikasını pozması ilə əlaqələndirib: "Diş rəngi ilə müqayisədə qaradır. Türkiyədə və Almaniyada bundan istifadə edirlər. Sığortalı vətəndaşlara amalgam plomblar qoyulur, əlavə ödəniş etdikdə isə kompozit (hazırda istifadə etdiyimiz diş rəngində plomblar, resin based) istifadə edilir”.

Azərbaycanda amalgamlardan bəzi poliklinikalarda istifadə edildiyini bildirən stomotoloq, özəl klinikalarda demək olar ki, heç tətbiq edilmədiyini vurğulayıb.
"İrandan, Türkiyədən, Almaniyadan, Fransadan, Taylanddan gələn pasiyentlərdə daha çox görürəm. Sığorta sistemi ilə işləyən əksər ölkələrdə istifadə edildiyinə şahid olmuşam”, - deyə Babayev qeyd edib.

Belə plomblar uzun illər vücudda qaldığı üçün orqanizmdə metal toplusu yaranır ki, bir sıra xəstəliklərin yaranması qaçılmazdır. Amalgam plomb etdirən və sözügedən şikayətlərlə gələn 160 xəstə üzərində araşdırmalar aparılıb. Onların dişlərindən bu plomblar çıxarılıb. Pasiyentlərin şikayətlərinin düzəlib düzəlmədiyi yoxlanılıb. Məlum olub ki, çıxarıldıqdan 2 il sonra xəstələr onlarda olan bu narahatlıqların qalmadığını bildiriblər.

Tanınmış stomatoloq Fikrət Rzayev isə Koordinat.az-a bildirib ki, kökü sağlam olan hər bir dişə plomb qoyula bilər. Onun sözlərinə görə, bir çox xəstələrin dişlərində çürüklər  kökə qədər irəlilədiyindən belə vəziyyətlərdə kanal müalicəsi edildikdən sonra dişə plomb qoyula bilər: "Bəzi dişlər var ki, orada çürüyün həcmi çox böyükdür. Bu zaman çürük aradan qaldırıldıqdan sonra həmin diş qapaqları ilə örtülməsi daha münasibdir".

Fikrət Rzayev deyib ki, dişində xüsusilə kompozit plomb olanlar daha həssas olmalıdır. Onun sözlərinə görə, bu növ plomb qoydurmuş insanların dişləri isti və soyuğa qarşı çox həssas ola bilər: "Bu həssaslığın nəticəsi olaraq dişdə ağrılar ortaya çıxa bilər. Belə plomblar dişə kimyasal olaraq bağlandığı üçün bu həssasiyyət normaldır. Əgər plomb düzgün qaydada boşluqlara qoyulubsa ağrı tez bir zamanda keçib gedəcəkdir".

Stomatoloq hesab edir ki, dişlərə plomb qoyularkən hündürlük yoxlayışına xüsusi diqqət yetirilməlidir. Onun sözlərinə görə, dişlərinə plomb qoyduranlar bəzi hallarda bir neçə saatdan sonra alt və yuxarı çənələr arasında hündürlük hiss etməyə başlayır: "Plomb qoydurduqdan sonra hündürlük hiss edilirsə mütlək yenidən stomatoloqa müraciət olunmalıdır. Çünki plomb qoyulduqdan sonra yaranmış hündürlük aradan qaldırılmazsa, bu, travmaya bağlı olaraq xronik pulputis meydana gətirə bilər".
13.12.2017 19:22:00
Oxuma sayı: 2667