Müxalifət özünün zirvə toplantısını keçirəcək
Ölçü:


Azərbaycan müxalifəti dekabrın 25-də özünün zirvə toplantısını keçirməyə hazırlaşır.

Koordinat.az xəbər verir ki, sabiq daxili işlər naziri, AMDP sədri İsgəndər Həmidovun təşəbbüsü ilə təşkil olunan zirvə toplantısı VHP-nin qərargahında keçiriləcək. “Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri”mövzusuna həsr olunacaq görüşə İsgəndər Həmidovun özü də daxil olmaqla, ölkənin ən tanınmış 36 müxalif siyasətçisinə dəvət göndərilib.

Həmin siyasətçilər bunlardır: İsgəndər Həmidov, Pənah Hüseyn, Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı, İqbal Ağazadə, Sərdar Cəlaloğlu, Əli Əliyev, Tural Abbaslı, İlqar Məmmədov, Qubad İbadoğlu, Mirmahmud Mirəlioğlu, Əhməd Oruc, Fuad Əliyev, Elşad Musayev, Nəsir Ağayev, Etibar Məmmədov, Arzuxan Əlizadə, Lalə Şövkət Hacıyeva, İlham Əliyev, Əvəz Temirxan, Nemət Pənahlı, Rahim Qazıyev, Hacibaba Əzimov, İlyas İsmayılov, Sülhəddin Əkbər, Sabir Rüstəmxanlı, Rafiq Turabxanoğlu, Vaqif Hacıbəyli, Qulamhüseyn Əlibəyli, Ağasif Şakiroğlu, Mətləb Mütəllimli, Eldar Namazov, Valeh İbadov və İxtiyar Şirin.

Toplantı təyin olunduğu andan etibarən müxtəlif müzakirələr açılıb. Dəvət edilən siyasətçilərin dəvətə necə münasibət sərgiləyəcəkləri suallar doğurur. Xüsusilə AXCP sədri Əli Kərimlinin son bir həftədə müxalifət daxilində birlik təşəbbüsü ilə çıxış etməsinin, hətta bəzi tanınmış siyasətçilərlə gizli və ya açıq şəkildə görüşünün ardından “Müxalifət zirvə”sinin təyin edilməsi fərqli situasiya ortaya çıxarıb.

İsgəndər Həmidov bununla bağlı musavat.com-a bildirib: “Müxalifət düşərgəsinə baxdıqda belə bir mənzərə yaranır ki, sanki ustalıqla bir əl bu düşərgə daxilində kin-küdurət, nifrət yaradıb. Qüvvələr bir-birinə qarşı qoyulub. Qonşu ölkələrdə gedən proseslər göstərir ki, cəmiyyət demokratiyaya doğru irəliləyiş etməlidir. Demokratik islahatların qarşısı alınmazdır. Gec-tez bu olacaq. Cəmiyyətimizin demokratiyaya doğru getməsi üçün belə bir toplantının olması çox vacibdir. Burada kiçik və ya böyük düşüncəsi olmamalıdır. Bütün ambisiyalar kənara qoyulmalıdır. Bir-birimizi öyrətməli, dinləməliyik”.

İsgəndər Həmidov belə bir toplantının keçirilməsi təşəbbüsü ilə çıxış etdiyinə də aydınlıq gətirib: “Bu toplantı ilə liderlik funksiyası yerinə yetirmək fikrindən çox-çox uzağam. Belə bir niyyətim də yoxdur. Həbsxanadan çıxandan sonra fəaliyyətim zamanı dostumuz Əli bəy, İsa bəy və Arif bəyin yanında olduğum zamanlar çox olub. Mənim üçün lider kimi önə çıxmaq məqsədi yoxdur”.

AMDP sədri dəvətinə necə reaksiya göstəriləcəyinə də toxunub: “Toplantıya qatılıb-qatılmamaq hər kəsin öz işidir. Mən bilirəm ki, qatılanlar da, qatılmayanlar da Azərbaycanı sevirlər. Toplantı barədə dünyanın əksər yerlərinə məlumat veriləcək. Hər kəs öz fikrini gəlib deyə bilər. Hamı dinlənilməli, birlikdə sənəd hazırlanmalıdır. Narazı fikirlərə də hörmət edilməlidir. Əgər kimsə birlik təşəbbüsü ilə çıxış etsə, inanın ki, hamımız gedib ora qoşularıq. Təki birlik olsun. Amma vahid birlik olmalıdır. 3, 4 və ya 5 birlik ola bilməz. Bu ancaq siyasi oyunbazlıqdır. Belə oyunbazlıqlara getməyə artıq son qoyulmalıdır. ”Müxalifət zirvəsi”nin gözlənilən parlament seçkiləri ilə heç bir əlaqəsi yoxdur. Əgər demokratik mühit olmasa, demokratik islahatlara gedilməsə, parlament seçkilərində nələrisə qazanmağa ümid etmək olmaz. Bu baxımdan toplantının seçkilərlə əlaqəli olmadığını hər kəs bilsin. Belə düşüncələr bizi parçalayır, birləşdirmir. Namizəd vermək, yaxud müəyyənləşdirmək halları indiyə qədər müxalifəti daha çox parçalayıb. Zirvə görüşündə müxtəlif partiyaların rəhbərləri, tanınmış siyasətçilər iştirak edəcəklər. İndidən deyim ki, orada toplantının parlament seçkiləri ilə heç bir əlaqəsinin olmadığını bəyan edəcəyəm”.

11.12.2018 11:16:00
Oxuma sayı: 360