Kəndli əkin-biçindən nə qədər qazanır? - ARAŞDIRMA
Ölçü:


Kənd təsərrüfatı sektorunun qarşısında duran əsas vəzifələrdən iki vəzifədən biri ölkədə ərzaq təminatı bolluğunu yaratmaq, digəri isə xarici bazarlara çıxış üçün rəqabətə davamlı məhsul istehsalına nail olmaqdır. Son illər bu sahədə həyata keçirilən islahatların əsas məqsədi də elə bu hədəflərə nail olmaqdır. Ölkədə kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması, bu məhsullara olan tələbatın daxili istehsal hesabına ödənilməsi istiqamətində bir sıra mühüm addımlar atılıb, fermerlərə güzəştlər olunub. Buna baxmayaraq, hələ də bu sahəyə kütləvi maraq yoxdur.
 
Bəs, görəsən, bunun səbəbi nədir? Doğrudanmı, kəndlinin istifadəsində olan torpaq sahəsində məhsul əkib-becərmək və bu zəhmətindən qazanc götürmək imkanları məhduddur?

Koordinat.az
-ın əməkdaşı bu və ya digər suallara aydınlıq gətirmək məqsədilə respublikanın ayrı-ayrı bölgələrində fəaliyyət göstərən fermerlərlə əlaqə saxlayaraq müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı üzrə xərclərini və gəlirlərini hesablayıb. Dəqiq hesablamalara və real qiymətlərə əsaslanan bu siyahıda taxıl, kartof, meyvə-tərəvəz kimi strateji kənd təsərrüfatı məhsullarının gəlir və xərcləri araşdırılıb. Ona da aydınlıq gətirmişik ki, ayrı-ayrı kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və kəndlinin əl-qolunu çirməyərək işə girişib zəhmətinə layiq qazanc əldə etməsi üçün nə qədər torpaq sahəsi lazımdır.

Hər bir məhsul üzrə ayrı-ayrılıqda aparılmış hesablamalardan ibarət araşdırmaları oxuculara təqdim edəcəyik. İlk olaraq ölkənin ərzaq təminatında önəmli yer tutan iki strateji məhsuldan taxılçıl və kartofdan başlayaq:

Buğda
Bərdə rayonu Nifçi kəndindən olan fermer Faiq Qurbanov deyir ki, bu ərazilərdəki münbit torpaq sahələri və əlverişli təbii iqlim şəraiti taxılçılıq, pambıqçılıq, bostan və tərəvəz məhsullarının yetişdirilməsi üçün geniş imkanlar var. Üstəlik Nifçi kəndində əhalinin istifadəsində olan pay torpaqlarının genişliyi də əhalinin kənd təsərrüfatı ilə məşğul olmasına geniş imkan yaradır. Belə ki, hazırda Nifçi kəndində adambaşına 89 sot torpaq sahəsi düşür. Bu isə ölkə üzrə ən yüksək göstərici hesab olunur. Bu qədər torpaq sahəsi olan 5 nəfərlik ailə kənd təsərrüfatı məhsulları əkib-becərməklə özünü orta səviyyədə dolandıra, qazanc götürə, növbəti mövsüm üçün ehtiyat tədbirləri görə bilər. Amma kənd təsərrüfatı sistemindəki kortəbiilik bu imkanların hamısını heçə endirir...

Faiq Qurbanov bu kənddə növbəli əkin sisteminə üstünlük verildiyini deyir. O, özü fermer olaraq bazarda satmaq üçün əsasən iki növ məhsul becərir – buğda və kələm. Fermer hər iki növ məhsul üçün xərclərini və gəlirlərini belə hesablayır: “Beş nəfərlik ailənin taxılçılıqdan qazanc əldə edə bilməsi üçün əkin sahəsi minimum 10 hektar olmalıdır. Normal aqrotexniki qulluq göstərilsə orta hesabla hər hektardan 40 sentner buğda götürmək olar”.
 
Hər hektar buğda üçün tələb olunan xərc:
 Əkin xərci – 2 dəfə x 40 manat = 80 manat
Torpağın malalanması - 20 manat = 20 manat
Arxın çəkilməsi 15 manat
Arat suvarma – 25 manat
Toxumun alınması - 110 manat
Toxumun dərmanlanması - 10 manat
Səpin - 20 manat
Suvarma – 2 dəfə x 100 manat = 200 manat
Kübrə alınması - 30 manat
Kübrənin səpilməsi – 2 dəfə x 15 manat = 30 manat
Zəminin biçilməsi - 40 manat.
Məhsulun anbara daşınması - 20 manat.

Azərbaycanda 1 hektar taxılın orta məhsuldarlığı 2.5-3 tondur. Biçin vaxtı taxılın satış qiymətini 22 qəpik ilə hesabladıqda (payıza doğru qiymət 28-30 qəpiyədək qalxır) bu, ən yaxşı halda  660 manat edir. Bir hektar taxıl sahəsinə isə qulluq aqrotexniki qaydalarla aparılarsa təxminən 600 manatdan çox xərc çəkilir. Nəticədə bir hektar xalis gəlir 360 manat təşkil edir.


Kartof

Kənd təsərrüfatı məhsulları arasında ən gəlirli məhsullardan biri kartofçuluqdur. Gədəbəyin Şınıx bölgəsindən olan İlham Həsənov adlı fermer deyir ki, kəndlinin bu sahədən gəlir götürməsi üçün 1 hektar torpaqda kartof əkməsi kifayətdir.

1 hektar sahədə kartof əkməyin minimum xərcləri:
Toxumun alınması – 3 ton x 20 qəpik = 600 manat
Torpağın şumlanması – 1 əkin x 60 manat = 60 manat
Əkin sahəsinin malalanması – 20 manat
Peyin - 8 “Kamaz” (hər biri 10 kub) x 120 manat = 960 manat
Lək açmaq – 40 manat
Azot kübrəsi – 12 kisə (600 kq) x 6.50 = 78 manat
Cəmi: 1758 manat

Bununla belə, fermerin dediyinə görə, bunlar minimum hesablamalardır. Məhsul yığımının xərcləri isə ayrıdır. Gədəbəyli fermer deyir ki, lazımi aqrotexniki qulluq göstərildiyi halda 1 hektar kartof sahəsindən 15 tona yaxın məhsul götürmək olur. Kartofun qazılması texnika ilə, yığımı isə əllə aparılır. Hər ton məhsulun sahədən yığılaraq qoşqulu traktora yüklənməsi üçün müəyyən xərc tələb olunur. Bundan başqa, Gədəbəydə kartof dəmyə üsulu ilə becərilsə də, yayı isti keçən bölgələrdə kartof sahələri ən azı 4 dəfə suvarılır ki, bu da məhsulun maya dəyərinin artmasına səbəb olur. Bütün bunları da nəzərə alsaq, 1 hektar sahədə əkilmiş kartofun əkilib-becərilməsi və yığımı üçün bütün xərcləri sair məsrəflərlə birgə orta hesabla 3200-3500 manat arasında dəyişir.

İndi isə 1 hektar kartof sahəsindən əldə olunan gəliri hesablayaq:
Fermerlərin dediyinə görə, 1 hektar kartof sahəsindən 12-15 ton məhsul əldə etmək olar. Biz minimumdan hesablayaq. Fermerin yığımın sonunda əldə etdiyi 12 ton kartofun 70 faizi iri olduğundan əmtəəlik, satış üçün nəzərdə tutulan məhsuldur. Həmin 70 faiz məhsulun əkin sahəsində satış qiyməti 70 qəpikdir. Məhsulun yerdə qalan 30 faizi həm də toxum üçün yararlı sayılır ki, bunun da hər kiloqramının qiyməti 50 qəpikdir. yığımın sonunda əldə etdiyi 12 ton kartofun 1 tonu yararsız hesab olunur və yalnız yemçilik məqsədləri ilə istifadə olunur ki, bunun da qiyməti 20 qəpikdir.

Beləliklə, 12 tonun 70 faizi (8,4 ton) x 0.70 =  5880 manat
12 tonun 30 faizi (3.6 ton) x 0.50 = 1800 manat
1 ton x 0.20 = 200 manat.
Cəmi: 7880

Deməli:

7880 manat gəlir – 3200 manat xərc = 4680 xalis mənfəət.


 
04.11.2017 11:38:00
Oxuma sayı: 123