Ukrayna Putinlə müharibədə tək buraxılıb
Ölçü:


Moskvanın son təcavüzü, Ukrayna gəmilərini və dənizçilərini ələ keçirməsi açıq-aşkar göstərdi ki, Rusiya Prezidenti Vladimir Putini Ukraynayla qarşıdurmanı səngitməyə dilə tutmaq cəhdləri boşa gedib. Nə sanksiyalar, nə Almaniyanın liderliyi ilə “dialoq” Rusiya rəhbərinə elə bir təsir göstərib. “Politico” dərgisində Matthev Karnitsçnig yazır ki, indi durum lap pisləşib: Putin həyasızlaşdıqca, Qərb daha da köməksiz görünür.

“Tam səmimi olsaq, çox variantımız da yoxdur. Biz müharibə riskiylə üzbəüz qalmaq istəmirik, amma Putin artıq müharibə aparır. Bu da bizi zəif göstərir”, – Avropanın aparıcı rəsmisi deyib.

Müəllif Avropa liderlərinin hələ də dialoqun vacibliyindən dəm vurduğunu yazır, Almaniyanın Xarici işlər naziri Heiko Maas hər iki tərəfdən de-eskalasiyanın vacibliyindən danışır. Doğrudur, Maas Moskvanı blokadanı bitirməyə də çağırıb, ancaq sanki hər iki tərəf günahkarmış kimi danışıb.

“Kimsə Krımı Rusiyanın suveren ərazisi saymırsa, deməli Ukrayna gəmilərinin Rusiyanın ərazi sularına girdiyini söyləməyə də əsas yoxdur”, – yazan müəllif Putinin məqsədlərinə çatdığını, bazar günü baş verənlərin Azov dənizində nəzarəti ələ almağı hədəfləyən birillik strategiyanın kulminasiyası olduğunu qeyd edir. Hazırda Rusiya Avropanı fakt qarşısında qoyub, Fransa və Almaniya rəsmilər isə “Normandiya formatı”nda görüş keçirməyi təklif edir. Rusiya, Ukrayna, Fransa və Almaniyadan ibarət bur format illərdir Ukraynadakı münaqişəni bir tərəfə çıxara bilmir. “Putin hər şeyi nəzarətə aldığını sübut elədi”, – Almaniyadan bir rəsmi belə deyir. (Azadlıq radiosu)
29.11.2018 17:14:00
Oxuma sayı: 411