Azərbaycanlıların prezident görmək istədiyi namizəd niyə uduzdu? - 4 SƏBƏB
Ölçü:


"Atlas” Araşdırmalar Mərkəzi Gürcüstanda keçirilən prezident seçkilərində müxalifətin uduzma səbəblərinə dair təhlil yazısı hazırlayıb.

Koordinat.az
həmin yazını təqdim edir:

Gürcüstanda prezident seçkisinin birinci turundan sonra müxalifətin namizədi Qriqol Vaşadzenin ikinci turda qələbə çalma ehtimalı yüksək idi. Birincisi, o hakimiyyətin namizədi Salome Zurabişvili ilə faktiki eyni nəticə göstərmişdi. Birinci turda üçüncü yeri tutan müxalifətin digər namizədi David Bakradze ikinci turda tərəfdarlarını Vaşadzeyə səs verməyə çağırmışdı. Digər müxalif namizədlər də Vaşadzeni seçmişdilər. Bakradze 10 faiz səs toplamışdı. Riyazi olaraq tək Bakradzenin səsləri Vaşadenin ikinci turda qələbəsini təmin etməli idi. Etmədi. Vaşadze gözlənilənin əksinə olaraq kifayət qədər böyük fərqlə Zurabişviliyə məğlub oldu.
 
Bu məğlubiyyətin əsas səbəbləri nədir?

Birincisi, Bidzina İvanişvili administrativ resurslardan istifadə edərək bütün gücünü və enerjisini Salome Zurabişvilinin qələbəsinə yönəltdi. Çünki Vaşadze qələbə çalsaydı İvanişvilinin ağır günləri başlayacaqdı. Vaşadzenin qələbəsindən sonra keçmiş prezident Mixail Saakaşvili vətənə qayıdacaq və növbədənkənar parlament seçkisi tələb edəcəkdi. Bundan başqa Saakaşvili İvanişvili ilə ölüm-dirim mübarizəsinə başlayacaqdı və bu mübarizədə İvanişvilinin qələbə çalmaq ehtimalı yüksək deyildi. Bu təhlükəli ssenarini önləmək üçün İvanişvili qısa vaxt ərzində Zurabişvilinin populyarlığının artırılması istiqamətində var gücüylə çalışdı və nəticə göz qabağındadır.

İkincisi, İvanişvilinin gürcülərin banklara olan 600 milyon dollar borcunun qaytarılması vədi nəticəsini verdi. Bu bir vəddir, hələ yerinə yetirilməyib, yaxın aylarda yerinə yetiriləcəyi də sual altındadır. Ancaq vədin özü insanları düşünməyə vadar etdi və birinci turda Vaşadzeyə səs verənlər ikinci turda şirnikləndirici təklif qarşısında mövqelərini dəyişə bilərdilər.

Üçüncüsü, Vaşadzeyə birinci turda səs verənlər ikinci turda fəal olmadılar, bir hissəsi ümumiyyətlə ikinci turda səsvermə məntəqəsinə yollanmadı. Gələn xəbərlərə görə, birinci turda Bakradze və Vaşadzeyə səs verən Gürcüstan azərbaycanlılarının bir hissəsi ikinci turda fəal olmadılar. Vaşadze elektoratını fəallaşdıra bilmədi.

Dördüncüsü, İvanişvili gürcüləri növbəti Rusiya müharibəsi ilə də qorxuda bilərdi. Yəni guya Saakaşvili qayıtsaydı yenidən Rusiya ilə müharibə başlaya bilərdi. Digər tərəfdən Azov dənizində son insident də İvanişvilinin işinə yaradı. Yəni gürcülər növbəti Rusiya-Ukrayna qarşıdurmasının Gürcüstanla baş verə biləcəyindən ehtiyat etdilər. 2008-ci il müharibəsi gürcülərin gözünü qorxudub. Bu amilin də ikinci turdakı nəticəyə təsiri oldu.

 
29.11.2018 11:21:52
Oxuma sayı: 583