Putin qoşunu sərhədə yeridir
Ölçü:


Ukrayna Rusiya ilə tammiqyaslı müharibə təhlükəsi qarşısındadır və ona görə ölkədə hərbi vəziyyətin elan edilməsi zəruridir.

Koordinat.az xəbər verir ki, belə bəyanatla Ukrayna prezidenti Pyotr Poroşenko yerli telekanallara müsahibəsində çıxış edib. Prezident deyib ki, noyabrın 25-də Azov dənizində 3 Ukrayna hərbi gəmisinin Rusiya tərəfindən ələ keçirilməsi ilə nəticələnən insident son 4 il yarımda-Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün başlamasından bu yana ən fövqəladə hadisədir. “Rəsmən, şevronları çıxarmadan, “yaşıl adamlardan” istifadə edilmədən Rusiyanın çoxsaylı hərbi gəmiləri Ukrayna silahlı qüvvələrinin gəmilərinə hücum ediblər”-Poroşenko həmin insidenti belə qiymətləndirib.

Ukrayna prezidenti jurnalistlərə kəşfiyyat məlumatlarına dair materialları və peyk fotolarını təqdim edib. Həmin fotolarda və materiallarda Rusiya tanklarının Ukrayna sərhədləri boyu cəmləşdirilməsi müşahidə edilir.

“Gördüyünüz kimi bizim sərhədlərimiz boyu yerləşən bazalarda Rusiya tanklarının sayı 3 dəfə artıb. Onlar ora hansı məqsədlə yeridiliblər? Bizim sərhədlərimiz boyu dislokasiya olunmuş hərbi bölmələrin sayı kardinal şəkildə artıb. Mümkün təlimlərlə bağlı deyilənlər özünü heç cür doğrultmur. Ona görə də mən istəyirəm ki, hamı bunun oyuncaq olmadığını bilsin. Ölkə Rusiya ilə tammiqyaslı müharibə təhdidi altındadır”-Poroşenko deyib.

Ukrayna prezidentinin sözlərinə görə, Rusiya Azov dənizində də gəmilərinin sayını xeyli artırıb. Daha çox “Kerç kanalı” rayonunda gəmilərin cəmləşməsi müşahidə olunur. Habelə 2014-cü ildən bəri Krımda rus əsgərlərinin sayı 3 dəfə, BTR-lərin sayı 5 dəfə, gəmilərin və təyyarələrin sayı azı 5-10 dəfə artırılıb.

Poroşenko qeyd edib ki, noyabrın 25-də Ukrayna gəmiləri Azov və Qara dənizlərdən istifadəyə dair beynəlxalq razılaşmalar çərçivəsində hərəkət edib. Gəmilər öz marşrutları barədə əvvəlcədən məlumat veriblər, Kerç körfəzindən keçmək üçün trafik-kontrol göstərişlərinə dəqiq əməl ediblər. Onlara əmr edilib ki, akvatoriyanın müəyyən zonasında dayansınlar və Kerç körfəzinin kanalına keçmək üçün növbə gözləsinlər.

Lakin Ukrayna gəmiləri təxribatın qurbanı olub və prezidentin sözlərinə görə, bundan sonra 2008-ci ildə Gürcüstana qarşı tətbiq edilən ssenari işə düşməli idi. Poroşenko deyib ki, Rusiya gəmiləri və təyyarələri Ukrayna gəmilərinə atəş açıblar , bu da beynəlxalq konvensiyalara görə təcavüz hesab olunur.

“Həmin gecə mən təcili olaraq Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı üçün sifariş verdim, amma biz cavab almadıq. Bundan sonra Almaniya kansleri Angela Merkelə zəng vurmağa məcbur oldum ki, o Putinlə danışıb saxlanılan Ukrayna hərbçilərinin dərhal azad edilməsini müzakirə  etsin”-Poroşenko deyib (Virtualaz.org)

 
28.11.2018 13:22:00
Oxuma sayı: 412