Bahalaşmanın yeni dalğası başlayıb
Ölçü:


Kərə yağının və yumurtanın qiymətində artım davam edir.

Koordinat.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin son hesablamalarına görə, 2017-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşmışdır.

Noyabr ayında oktyabr ayı ilə müqayisədə kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və marqarin yağlarının, xiyarın, bibərin, badımcanın, soğanın, kartofun, çayın qiymətlərində bahalaşma qeydə alınıb. Göründüyü kimi, əsas bahalaşma ərzaq səbətində, xüsusilə də ət-balıq, süd və tərəvəz məhsullarında müşahidə olunub ki, bu da aztəminatlı əhalinin istehlakında böyük paya malikdir.

Müşahidə olunan maraqlı məqamlardan biri də idxal rüsumlarının aşağı salınmasına baxmayaraq, kərə yağının qiymətində bahalaşma davam edir. İqtisadçı alim Qubad İbadoğlu hesab edir ki, bu, ölkəyə kərə yağının idxalı inhisarçıların nəzarətində olduğunu təsdiq edir. Onun fikrincə, malın satışında razılaşdırılış yüksək sövdələşmə qiyməti tətbiq etməklə hələ də istehlakçılarının xərcləri in artırırlar: "Belə çıxır ki, kərə yağının idxalında gömrük rüsumlarının 3 dəfə azaldılması hesabına sadəcə inhisarçılar yüksək mənfəət qazanacaq".

İqtisadçı alim Qubad İbadoğlu bildirib ki, Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Azərbaycana idxal olunan kərə yağı, digər yağlar, süd məhsullarından hazırlanmış yağlara görə gömrük rüsumunun dərəcəsi 15-dən 5-dək azaldılıb: "Bu qərar artıq bir neçə gündür ki, qüvvədədir: Yekun olaraq onu da proqnozlaşdırmaq olar ki, qarşıdan gələn yeni bayramı ərəfəsində ərzaq mallarının qiymətini artıran faktorlar daha fəal olacaq".

İqtisadçı alim istehlakçıları qiymətlərin bahalaşmasının yeni dalğasına hazır omağa çaırır.
12.12.2017 19:05:20
Oxuma sayı: 564