Qarabağ Komitəsi 24 noyabr mitinqini təxirə saldı - bəyanat
Ölçü:


Qarabağ Komitəsi bu gün toplaşaraq 24 noyabrda keçirilməsi planlaşdırılan mitinqə münasibət bildirib və mitinq haqqında bəyanat qəbul edib.

Koordinat.az
xəbər verir ki, bəyanatda deyilir:
“Qarabağ Komitəsi 24 noyabr 2018-ci il tarixində Bakı şəhərində “Erməni işğalına son!”, “Qarabağa Azadlıq!” şüarları ilə mtinq keçirmək barədə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş sərbəst toplaşma hüququnu kobud şəkildə pozaraq tamamilə qanunsuz və əsassız olaraq həmin mitinqin keçrilməsinə qadağa qoymuşdur. Qanunvericiliyə müvafiq olaraq Komitə Bakı şəhər İcra Hakimiyyətinin həmin qərarından məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi “Sərbəst toplaşma azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən bu şikayətə 2 gün ərzində baxmalı olduğu halda, baxışı 7 dekabr 2018-ci il tarixinə təyin edib. Bundan sonra təşkilatçılar hüquqi müstəvidə qalmış imkandan istifadə edərək ərizə yazıb xahiş etmişlər ki, məhkəmə öz qərarını ləğv etsin, baxış 24 noyabra qədər keçirilsin və Bakı şəhər İcra Hakimiyyətinin mitinqi qadağan edən qərarını ləğv edərək mitinqin keçirilməsinə icazə qərarı çıxarsın. Lakin mitinqin keçirilməsi üçün müəyyən edilmiş tarixə qədər məhkəmə bu ərizəyə də baxmamışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Konstitusiyası və qanunlarının müddəalarını, Azərbaycan vətəndaşının hüquq və azadlıqlarını pozaraq 24 noyabrda mitinq keçirilməsinə qadağa barədə Bakı şəhər İcra Hakimiyyətinin qərarının de-fakto qüvvədə olması situasiyası yaratmışdır.

Qarabağ Komitəsi işğalcı Ermənistan hakimiyətinin davakar bəyanatları və meydanoxumalarının gücləndiyi, işğal olunmuş torpaqlarımızın düşmən tərəfindən məskunlaşmasının sürətlindiyi, bir sıra beynəlxalq təşkilatların və dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan hərəkətlərinin artdığı, qondarma işğal rejiminin sözdə nümayəndələrinin rəsmi vizalarla dünya paytaxtlarında qəbul olunduğu haqqında xəbərlərin gəldiyi və Azərbaycan hakimiyyətinin bunlara qarşı təsirli addımlarının müşahidə olunmadığı bir məqamda 2-ci Qarabağ mitinqinə münasibətdə tutulan bu antimilli mövqeyə qətiyyətlə etiraz edir, pisləyir və lənətləyir.

Qarabağ Komitəsi Bakı şəhər İcra Hakimiyyəti və 1 saylı İnzibati-İqtisadi məhkəməsinin qərarları nəticəsində yaranmış hüquqi vəziyyəti, həmçinin iqtidardakı bəzi dairələrin kütləvi repressiya və təxribat planları, hakimiyyətdaxili qrupların xalqın haqlı etirazlarından öz maraqları üçün istifadə etmə cəhdi və hazırlıqları barədə məlumatları, region və ölkədəki hərbi siyasi situasiyanı müzakirə edərək və dəyərləndirərək, habelə Komitənin mövcud durumda razılaşdırılmamış kütləvi aksiyalar keçirmənin məqsədəuyğun olmadığı barədə qərarı olduğunu nəzərə alaraq 24 noyabra təyin edilmiş mitinqi təxirə salmaq haqqında qərar qəbul etmişdir. 2-ci Qarabağ mitinqinin yeni tarixi haqqında məlumat yaxın müddətdə ictimaiyyətin diqqətinə çatdırılacaqdır.”
23.11.2018 13:58:00
Oxuma sayı: 363