Sülh danışıqları: birinci nə müzakirə olunmalıdr - Qarabağın satusu, yoxsa 5+2 rayon?
Ölçü:



Rusiya prezidenti Vladimir Putinin Bakı səfəri zamanı səsləndirdiyi Qarabağ bəyanatı Moskvanın bu münaqişəni hansı metodla həll etmək niyyətinə müəyyən qədər işıq salıb. Belə ki, Kreml sahibi “hər iki xalqın qalib” olmasına çalışdıqlarını bildirib ki, bu da illərdən bəri danışılan Dağlıq Qarabağın “müstəqilliyi”nin tanınmasının qarşılığında ətraf rayonların Azərbaycana qaytarılması deməkdir. Hətta bu günlərdə Qarabağ separatçıları da “təhlükəsizliyə təminat veriləcəyi halda” ətraf ərazilərin boşaldılmasını mümkün sayıblar.

Hüquq elmləri doktoru, professor İlham Rəhimov isə sputnik.az-a son müsahibəsində təklif olunan həll modelini təhlükəli sayıb. Qeyd edək ki, bundan əvvəl də hörmətli professor ərazilərin 5+2 formatı ilə qaytarılması təklifini Azərbaycan üçün “tələ” adlandırmışdı. Rusiyanın hakimiyyət dairələrinə yaxın olan İ.Rəhimovun 7 rayonun azad olunmasının müzakirə predmetinə çevrilməsini təhlükəli sayması təbii ki, sadə məsələ deyil və ciddi arqumentlərə əsaslanır.

Sitat: “Yeddi rayon yox, məhz Dağlıq Qarabağ müzakirə predmeti olmalıdır. Çünki biz öz diqqətimizi, dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətini bu ərazilərin azad edilməsinə cəmləşdirəndə Dağlıq Qarabağ məsələsində mövqeyimizi zəiflədirik. Hesab edirəm ki, Ermənistan bundan uğurla istifadə edir və diqqətimizi əsas müzakirə predmetindən yayındırır. Orda yaxşı bilirlər ki, işğal edilmiş rayonlar istənilən halda azad ediləcək, çünki bu işğal edilmiş ərazilər sovet dövründə DQMV-nin tərkibinə daxil deyildi. Onların məqsədi bu rayonlar yox, Dağlıq Qarabağdır.... Problemi yalnız ölkə prezidentinin dəfələrlə və qəti şəkildə dediyi prinsipial müddəa əsasında həll edilməlidir”.

Koordinat.az xəbər verir ki,  ekspertlər professor İlham Rəhimovun müsahibəsindəki bəzi məqamları musavat.com-a şərh ediblər.  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu xatırladıb ki, azərbaycanlılar içərisində Rusiya prezidenti Vladimir Putini ən yaxşı tanıyan şəxs İlham Rəhimovdur: “Bu mənada İlham bəy Putinin daxili dünyasını hamımızdan yaxşı bilər. Mən də inanmaq istərdim ki, Putin Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək istəyər. Ancaq reallıq fərqlidir. Putinin İlham Rəhimov kimi dostu olmaqla yanaşı, azərbaycanlıları qətl edən, Xocalı soyqrımını törədən Ermənistanın keçmiş prezidenti Robert Köçəryan kimi də dostu və yaxın silahdaşı var. Bir faktı xatırladım: Dmitri Medvedyev Rusiya prezidenti kimi Azərbaycan və Ermənistan prezidentləri ilə fikir mübadiləsi aparanda o vaxtın baş naziri Putin heç bir rəsmi vəzifəsi olmayan Köçəryanla Moskvada gizli görüşlər keçirirdi. Bu açıq-aşkar Medvedyevə təzyiq idi. Çünki Medvedyev Azərbaycan və Ermənistan prezidentləri ilə düz 10 görüşdə vasitəçi olmuşdu və hiss olunurdu ki, münaqişənin həllini sürətləndirməyə hazırdır. Ancaq digər başqa münaqişənin həllinə Dmitri Medvedyev bu qədər can yandırmırdı. Bununla belə, Medvedyev arxasında Putinin və Ermənistanla bağlı olan Rusiyanın hərbi-sənaye kompleksini idarə edənlərin nəfəsini duyurdu”.

Politoloqa görə, bəlkə də Medvedyev münaqişənin həllini istəyir, ancaq Kreml sahibi müttəfiqi Ermənistanın bu həldən məğlub çıxmasının əleyhinədir: “Ermənistanın danışıqlardan məğlub çıxmaması isə referendum məsələsinin separatçıların xeyrinə həll olunması deməkdir. Belə olan halda məğlub Azərbaycan olur. Putin Bakıdan tam təminat almaq istəyir ki, Azərbaycan bütövlüklə Rusiyanın regional maraqlarını nəzərə alacaq, Avrasiya İqtisadi Birliyinə qoşulacaq, NATO-dan uzaq duracaq, Xəzərdə Qərbin bu və digər şəkildə hərbi varlığına imkan verməyəcək, Rusiyanın maraqları əleyhinə Xəzərin dibi ilə Türkmənistana boru xətti çəkməyəcək. Ancaq Azərbaycan hakimiyyəti Putinin istəyi ilə müstəqil hərəkətlərimizi daraldacaq bu ağır şərtləri yerinə yetirsə belə, Putinin onfliktin ədalətli həllini sürətləndirəcəyini düşünmürəm”.

5 rayon ətrafında gedən söhbətlərə gəldikdə, E.Şahinoğlu bildirdi ki, bu məsələdə İlham Rəhimovla tam razıdır: “Biz ”ilkin mərhələdə 5 rayon azad olunmalıdır" dedikdə Şuşa, Laçın və Kəlbəcəri arxa plana keçirməməliyik. SSRİ dövründə Dağlıq Qarabağ necə və əhalinin hansı nisbətində mövcud olubsa bu vəziyyət bərpa olunmalıdır. Sadəcə, bölgənin statusu bir qədər arta bilər və bu statusun müəyyənləşməsində Dağlıq Qarabağa qayıdan azərbaycanlılar da əhəmiyyətli rol oynamalıdırlar".

“Hörmətli professor İlham Rəhimovun müsahibəsində diqqəti cəlb edən məqamların sayı yetərincədir. Bu səbəbdən onun dilə gətirdiyi fikirlərə ayrı-ayrılıqda münasibət bildirəcəyəm”.

Bu fikirləri isə politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi. Siyasi təhlilçinin fikrincə, həm Dağlıq Qarabağ, həm də yeddi rayon birlikdə müzakirə predmeti olmalıdır: “Çünki müzakirə predmeti yalnız Dağlıq Qarabağ olanda, o zaman problemin tamamilə etnik münaqişə kimi təqdim olunmasına, işğal amilinin isə arxa plana keçməsinə zəmin yaranır. Yəni burada işğal yox, separatizm faktoru önə çıxır. Rusiyanın separatçı rejimlərlə bağlı mövqeyini və atdığı addımları nəzərə alsaq, o zaman bu yanaşmanın nə qədər təhlükəli olduğunu müəyyənləşdirə bilərik”.

Elçin Mirzəbəyli hesab etmir ki, Azərbaycanın siyasi rəhbərliyi ölkə vətəndaşlarının, dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətini yalnız yeddi rayonun azad edilməsinə cəmləşdirib: “Dağlıq Qarabağ ayrı, digər yeddi rayon isə ayrı tənzimlənmə predmeti kimi təqdim olunmur. Mən hörmətli İlham Rəhimovdan fərqli olaraq, 5+2, sonra ”status" formulunun indiki halda bizim üçün nə qədər məqbul olub-olmayacağını birmənalı şəkildə qiymətləndirə bilmərəm. Amma onu deyə bilərəm ki, bu formul problemin mərhələli həllini nəzərdə tutur, Ermənistan isə mərhələli həll planının əleyhinədir. Yəni istəyir ki, status müəyyənləşdirilsin, sonra digər məsələlər həllini tapsın. Bu məsələyə detallarla yanaşmaq lazımdır".

E.Mirzəbəyli ortada çoxlu sualların olduğunu vurğuladı: “Aydın olmalıdır ki, 5+2 formulundan sonra proses necə davam edəcək? Tənzimlənmə prosesi sülh sazişində necə öz əksini tapacaq? Prosesə hansı səviyyədə beynəlxalq təminat veriləcək və bu təminat gerçəkləşməyəcəyi halda Azərbaycanın atacağı, yaxud ata biləcəyi addımlar hansı formada yekun sülh sazişində necə əks olunacaq? Tənzimləmə mexanizmlərinin tətbiqi üçün hansı addımların atılması, önləyici amillər, təhlükəsizlik məsələləri nələrdən ibarət olacaq? Suallar çoxdur. Putin bəyan etmişdi ki, ”Kompromisin əldə edilməsi ərazi bütövlüyü və xalqların təyini-müqəddərat hüququ prinsipləri arasında optimal tarazlığın tapılmasını nəzərdə tutur". Bu iki prinsip arasındakı optimal tarazlıq isə Dağlıq Qarabağın Azərbaycanın tərkibində yüksək status əldə etməsi deməkdir. Əks halda, hər hansı bir tarazlıqdan söhbət gedə bilməz. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, dövlətimiz işğal faktoru aradan qalxdıqdan sonra bölgənin və orada yaşayan insanların təhlükəsizliyinə tam təminat verir və nəinki etnik ermənilər, hətta Ermənistan da Azərbaycanın regionda həyata keçirdiyi layihələrdən yararlana bilərlər. Azərbaycanın tərkibində yüksək muxtariyyət isə artıq bütün hüquq və azadlıqlara təminat verilməsi anlamına gəlir. Bu, 5+2 kimi olmasa da, 100 faiz 2+2 kimi aydın bir yanaşmadır".


19.08.2016 12:09:30
Oxuma sayı: 1181