Cənub Qaz Dəhlizi layihəsinə 40 milyard dollar xərclənəcək
Ölçü:

“Azərbaycan təbii qazını Avropaya daşıyacaq Cənub Qaz Dəhlizinin tikinti xərcləri dəyər zəncirinə qənaət edildikdən sonra 40 milyard dollardan aşağı olacaq”.

Koordinat.az xəbər verir ki, bu barədə “S&P Global Platts” agentliyinə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunun Cənub Qaz Dəhlizi üzrə vitse-prezidenti Cozef Mörfi deyib. O, büdcə çərçivəsində BP-nin öz əməliyyat xərclərinin 20 faiz səviyyəsində olduğunu deyib: “Qənaət əvvəlcədən olub. Ən başlıcası isə layihə qrafik üzrə irəliləyir. Adətən belə meqa layihələr qrafikdən geridə qalır. Ancaq layihələrin qrafik üzrə davam etdirilməsi əlavə xərclər və ya vəsaitdən gözlənilməz istifadə baş vermədikdə mümkün olur. Layihənin tamamlanması üçün işlər qalır. TAP və TANAP digər hissəsi üzrə hələ də işlər davam edir”.

“O cümlədən 2014-cü ildəki sənaye böhranı Cənub Qaz Dəhlizinin gözlənilən yekun qiymətini aşağı salmağa kömək etdi. Bu layihəyə neftin qiymətinin düşdüyü vaxt başladıq. Xüsusilə TANAP layihəsi geriləyən bazardan faydalana bildi”, – deyə BP rəsmisi əlavə edib.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəql olunacaq. İndiyədək Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan layihələrə təqribən 32 milyard dollar xərclənib.

Bu il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. TAP boru kəmərinin 2020-ci ildə istismara verilməsi gözlənilir. TANAP üzrə ümumi işlərin 97,6 faizi, TAP-la bağlı işlərin isə 82 faizi yerinə yetirilib/Azərtac.
22.11.2018 17:08:20
Oxuma sayı: 288