“Türk axını” Putinlə Ərdoğanı birləşdirir - TƏHLİL
Ölçü:


Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdən keçən yeni təbii qaz boru kəmərinin tikintisinin başa çatmasını bayram edirlər. Lakin bəzi məsələlər bu ölkələr arasındakı ikitərəfli münasibətlərə kölgə salır.

Məncə, “Türk axını” sadəcə ikitərəfli enerji layihəsi deyil. Bu layihə hər iki lideri beynəlxalq aləmdə həlledici rol oynamaq cəhdlərində birləşdirir.

Ancaq nümayiş etdirilən bütün dostluqlara baxmayaraq, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında iki mübahisəli mövzu da var.

Bunlardan biri rus S-400 zenit raket komplekslərinin Türkiyəyə satılması haqqında olan müqavilə, digəri isə Suriyanın İdlib vilayətində mövcud olan gərgin vəziyyətdir.

Türkiyənin “Anadolu” İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə hökuməti gözləyir ki, ABŞ Senatı artıq dekabr ayında Pentaqona Türkiyəyə “Patriot” raket komplekslərinin verilməsi üçün yaşıl işıq yandıracaq.

Lakin Vaşinqton NATO üzrə tərəfdaşı olan Türkiyəyə bu silahın verilməsini onun Rusiya ilə olan anlaşmadan imtina etməsinə bağlayır. Hətta kompensasiya ödəsə belə, Türkiyənin bu silah satınalma anlaşmasından imtina etməsi Moskva üçün sərt bir zərbə olardı.

Kreml, bu silah satınalma anlaşmasına yalnız maliyyə nöqteyi-nəzərindən baxmır, eyni zamanda onu siyasi ittifaqın bir əlaməti hesab edir.

Əgər Moskvanın bir il bundan öncə sevinclə qarşıladığı S-400 anlaşması pozularsa, bu ittifaqda gözə çarpan çat yaranacaq.

Hazırda Suriyanın İdlib vilayətinda yaranmış gərgin vəziyyətə gəldikdə isə, öncə xatırladılmalıdır ki, Putin və Ərdoğan burada silahsızlandırılmış zonanın yaradılması haqqında birgə razılaşma əldə etmişdi. Lakin bugünədək bu zonada atəşkəs rejiminin mövcud olması sadəcə fiksiya xarakteri daşıyır.

Türkiyə, anlaşma şərtlərinin yerinə yetirilməsi üçün əlavə vaxt istəyib, ancaq Vladimir Putinin son məqsədi Əsədin rəhbərliyilə Suriya üzərində nəzarətin tam bərpa edilməsidir. Ona görə də, Moskva bu zonadakı döyüşçülərə “türk arxa cəbhəsi”ndən gələn yardımın davam etməsinə əbədi olaraq dözüm göstərən deyil.

Bütün bunlar nəzərə alınarsa, rus-türk danışıqlarının nə üçün çətin keçdiyi anlaşılar. Axı hər iki tərəf həm “strateji tərəfdaşlıq” görüntüsünün, həm də öz sifətlərinin qorunub saxlanmasını istəyir.

Andre Ballen (“Handelsblatt”, Almaniya)
Tərcümə Strateq.az-ındır

22.11.2018 11:19:00
Oxuma sayı: 506