Sahil Babayev: "Hazırda 200 min nəfər rəsmi olaraq iş axtarır - MÜSAHİBƏ
Ölçü:


Azərbaycanın dövlət qurumları arasında builki təyinatlar və nəticələrlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aktiv fəaliyyəti diqqəti çəkir.

Sizə nazir Sahil Babayev ilə “spontan müsahibə”ni təqdim edirik.

- Cənab nazir, “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda göstərilir ki, ölkə əhalisinin təxminən 48 faizi kənd təsərrüfatından kənar fəaliyyətlə məşğul olur. Hədəf isə göstəricini 80 faizə qədər yüksəltməkdir. Maraqlıdır, buna necə nail olmağı düşünürsünüz?
- “Məşğulluq strategiyası” önəmli bir sənəddir. Azərbaycan prezidentinin ölkə əhalisinin məşğulluğunun təmin edilməsi sahəsində gördüyü və irəli sürdüyü bir konsepsiyadır. Konsepsiyanın əsas istiqaməti ondan ibarətdir ki, bizim bazarda ixtisaslı kadrların sayı artırılmalıdır, insan əmək resursları ilə işçi tələbatı arasında balans yaradılmalıdır.
Biz mütəmadi olaraq təhlillərlə çıxış etməliyik ki, qarşıdan gələn üç il ərzində hansı sahədə işçilərə ehtiyac var, eyni zamanda, hansı sahələrin inkişafı stimullaşdırılmalıdır. Həm insan resursları, həm də işçi qüvvəsi bazasından çıxış edərək, xüsusi istiqamətləri stimullaşdırmalıyıq, digər tərəfdən, inkişaf edəcək sahələri nəzərə alaraq həmin sahələr üzrə işçilər hazırlamalıyıq.
Əlbəttə, ölkənin inkişafı üçün kənd təsərrüfatı önəmlidir. Amma bu, iqtisadiyyatın bir mərhələsidir, digər mərhələləri sənaye inqilabıdır, süni intellekt, nanotexnologiyaların tətbiqidir. Bu istiqamətdə olan irəliləyişləri nəzərə alaraq, Azərbaycan əhalisinin məşğulluğunun təmin edilməsinə çalışmalıyıq.
Qeyd etdiyiniz kimi, məqsədimiz kənd təsərrüfatından kənar fəaliyyətlə məşğul olan əhalinin sayını artırmaq, daha çox ixtisaslı işçi qüvvəsi yaratmaqdır. Burada alətlər çoxdur, stimullaşdırma həm qanunvericilik, həm vergi-gömrük, peşə təhsili, yeni bacarıqların yaradılması və başqa məqsədlərə xidmət edəcək.
 
- Rəsmən nə qədər azərbaycanlı iş axtarır?
- İşaxtaranlarla bağlı 200 mindən artıq rəsmi qeydiyyat var. Onların peşə yönümlərinə gəlincə, invertarizasiyasını aparırıq, elektron sistem yaradılır və təhlil bölməsində bütün nəticələri görəcəksiniz. İşsizlər arasında rəsmən ixtisası olmayanlar daha çoxdur. Başqa bir məsələ var ki, insanın əlində peşəsi var, sadəcə olaraq, onun ixtisasının formal olaraq tanınması yoxdur.
Bunlar iş prosesində öyrənən insanlardır. Azərbaycanda hələlik iş prosesində öyrənilmiş bacarıq və peşələrin tanınması nümunəsi yoxdur. Bu məsələnin həlli istiqamətində Təhsil Nazirliyi ilə birlikdə işləyirik. Məsələn, maşın ustası var, 20 ildir ki, çalışır. Amma onun iş yerində qazandığı bacarığı biz dövlət olaraq tanımırıq, sertifikasiyası yoxdur.
Düşünürəm ki, gələn ilin ilk aylarında biz yekun sənəd layihəsini ortaya qoyacağıq və informal ixtisasların, səriştələrin tanınması imkan verəcək ki, biz işçilərin arasında ixtisaslı və ixtisassız işçilərin real balansını görək. Bu gün biz meyarları desək, ancaq attestat, diplom, sertifikat üzrə bölə bilərik, amma digər geniş peşələr açıqda qalacaq.

- Azərbaycanda çalışan əcnəbi işçi miqrantlarla bağlı vəziyyəti necə dəyərləndirmək olar?
- Əcnəbi miqrantlar və azərbaycanlı əməkçi emiqrantlarla bağlı hər iki istiqamətdə fəaliyyəti dəstəkləyirik. Azərbaycan beynəlxalq bazarlara, beynəlxalq iqtisadiyyata inteqrasiya olunub. Biz yüksəkixtisaslı kadrların ölkəmizə gəlməsində maraqlıyıq. Həmçinin Azərbaycan vətəndaşlarının xaricdə işləyib təcrübə qazanmalarının, yenilikləri öyrənmələrinin tərəfdarıyıq. Əmək və məşğulluq sahəsi iqtisadiyyatla birgə addımlayır. Biri inteqrasiya etdikdə digəri inteqrasiya etməyə bilməz.

- İş axtarmaqdan söz düşmüşkən, rəhbərlik etdiyiniz nazirlik müxtəlif vəzifələr üzrə 213 işçi axtardığı barədə vakansiyalar açıqladı. Kadr islahatlarında məqsəd nədir?
- Sizə deyim ki, 213 vakansiya axtardığımız işçilərin bir qismidir. Ümumilikdə nazirlikdə 1044 vakant yerə işçi qəbulu həyata keçiriləcək. Dövlət qulluğuna qəbul çərçivəsində artıq namizədlərin seçilməsinə başlanılıb. Məqsədim nazirliyə potensial imkanları böyük olan yüksək elmli və bacarıqlı gəncləri cəlb etməkdir.
 
- Müşavirlərin təyinatında yenilik varmı?  
- Yeniliklər nazirlikdə çoxdur və qarşımıza qoyduğumuz məqsədlər, ölkə rəhbərliyinin tapşırıqlarının həyata keçirilməsi üçün səylərimizi artırmalıyıq. Qeyd edim ki, kadr seçiminə çox ciddi yanaşıram. Əslində, bilirəm sualı hara gətirmək istəyirsiniz, müavinlər məsələsinə, düzdürmü? (gülür)
 
- Bəli, tam doğrudur. Vəzifəsindən azad edilən müavinlər uzun müddət idi bu sahədə çalışırdılar…
- Bilirsiniz ki, müavinlərin təyinatı və azad edilmələri ilə bağlı sərəncamları cənab prezident imzalayır. Deyə bilərəm ki, işdən ayrılmış müavinlər bacarıqlı, böyük təcrübəyə malik insanlardır və onların hər birinə böyük hörmətim var. Yeni təyinat almış müavinlərim də savadlı kadrlardır və hesab edirəm ki, birlikdə cənab prezidentin qarşımıza qoyduğu vəzifələri layiqincə yerinə yetirəcəyik.
 
- Cənab nazir, əlillik dərəcələri ilə bağlı açıqlanan son statistika ətrafında söz-söhbətlər yaranıb. Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycanda əlilliyin verilməsinə ciddi maneələr var və bu səbəbdən də statistika reallığa uyğun deyil.
- Xüsusi olaraq vurğulamaq istərdim ki, burada hər hansı maneə və baryer yaradılmayıb. Mexanizm ciddi şəkildə təftiş olunur, olan boşluqlar, saxtakarlıqlar aradan qaldırılır. Səhiyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə birgə iş aparır. Birinci rüblə müqayisədə əlillik təyinatı 70 faizədək azalıb. Elə birinci qrupda azalma 65 faizdir.

- Bu, nəyin nəticəsidir?
- Bu, birbaşa onun nəticəsidir ki, həm Səhiyyə, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsələni ciddi nəzarətə götürüb. Biz hər bir təsdiq olunan göndərişi və hər bir imtina olunan göndərişi əlavə yoxlayırıq. Yəni əlillik barədə göndəriş gəlibsə, ona əlillik verilirsə, biz yoxlayırıq.
Eyni zamanda, imtinanı da yoxlayırıq. Məsələn, avqust və sentyabr ayı üzrə verilmiş 700 imtinanı hər iki nazirliyin müvafiq İşçi qrupu yoxladı. Orada olan səhvləri də qiymətləndirdik. Bu, birmənalı proses deyil ki, deyək, tam səhvsiz olacaq, bu, qeyri-mümkündür. Çünki vətəndaş səhiyyə mərkəzində müayinə olunur və elektron formada sənəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olur.
Nazirliyin əməkdaşı vətəndaşı görmür və verilən sənəd üzərindəki məlumatdan çıxış edərək qərar verir. Bır sıra hallarda bizə mətbuat və qəbullar nəticəsində məlum olub ki, vətəndaş ağır vəziyyətdədir və ona imtina verilib. Araşdırıb imtinanın səbəbini müəyyən edirik.
Məlum olur ki, bunu səhiyyə müəssisəsi səhv doldurub, formanı səhv yazıb, xəstəliyi düzgün əhatə etdirməyib və ya əksinə, düz yazıb və bizim həkimimiz imtina verib. Hər iki hala baxırıq, səhv hardadırsa, onu düzəldirik. Amma xüsusi olaraq onu vurğulamaq istərdim ki, ciddi nəzarət yaranandan sonra tək təyinatlar deyil, müraciətlər də 50 faiz azalıb. Proses yüzdə-yüz ideal vəziyyətdədirmi, soruşsanız, deyə bilərəm ki, xeyr. Buna də əmin olun ki, daxil olan müraciətlərin hamısı araşdırılır (Fed.az).
21.11.2018 15:21:35
Oxuma sayı: 348