Meydan hərəkatını Qarabağ uğrunda hərəkata necə çevirməli? - Pənah Hüseyn yazır
Ölçü:


Pənah Hüseyn,
Azərbaycanın sabiq baş naziri

Elçibəy hakimiyyətinin Baş naziri olmuş, Xalq Partiyasının sədri PƏNAH HÜSEYNnin “musavat.com”da Azərbaycanda Meydan Hərəkatınının 30 illiyinə həsr edilmiş maraqlı bir yazısı yayımlanıb. Bu məqaləsində o, 30 il əvvəl başlanmış Meydan Hərəkatının Azərbaycanın taleyini necə dəyişdiyinə qısa və tənqidi ekskurs etməklə yanaşı, tarixi təcrübədən yararalanmaqla onu yenidən dirçəltmənin motiv və məqsədlərini də göstərir.

Koordinat.az
mövzunun aktuallığını nəzərə alaraq, Pənah Hüseynin həmin məqaləsini oxucularına təqdim edir:

1.
Meydan Hərəkatından danışarkən, birinci olaraq müəyyən edilməsi lazım gələn məsələ bu Hərəkatın xarakteridir. 1988-ci il noyabr-dekabr hadisələri və ya Meydan Hərəkatı 1920-ci ildə Demokratik Cümhuriyyət devrildikdən və müstəqil dövlətçilik rus-bolşevik işğalı nəticəsində ləğv edildikdən sonra Azərbaycan xalqının “Millətlərə istiqlal!” şüarı ilə fasiləsiz davam etdirilən milli davasının və onun ən yüksək mərhələsi olan milli azadlıq hərəkatının, müstəqil dövlətin bərpası uğrunda, paramparça edilmiş Vətənimizin birləşdirilməsi – Bütöv Azərbaycan uğrunda, milli-mənəvi dəyərlərimiz uğrunda mübarizəsinin ən qüdrətli hadisələrindən biridir.

Bununla yanaşı, 1988-ci ilin noyabr-dekabr Hərəkatı şərqdə ilk demokratik cümhuriyyət qurmuş bir millətin kommunist totalitarizmi əleyhinə, “İnsanlara hürriyyət!” şüarı altında insanın və vətəndaşın azadlıqları uğrunda mübarizəsinin, demokratiya hərəkatının ən parlaq səhifələrindən biridir. Bu baxımdan, Meydan Hərəkatının xarakterini müəyyən edərkən, onu milli – demokratik hərəkat kimi ifadə edirik ki, bu doğrudur. Meydanda Azərbaycan xalqının milli iradəsi, milli kimliyi ortaya qoyuldu və Meydanla Azərbaycan xalqı dünya qarşısında bütün əzəməti ilə ortaya çıxdı.

Eyni zamanda, Meydan Hərəkatının bu vaxta qədər qeyd olunan, lakin xüsusən sonrakı dövrlərdə qabarıq ifadə olunmayan, yuxarıdakı məzmun və mahiyyətlə sıx əlaqədə olsa da, üçüncü – müstəqil bir mahiyyəti və məzmunu vardır. Bu da ondan ibarətdir ki, Meydan Hərəkatı erməni ekspansiyasına, torpaqlarımızın ələ keçirilməsinə, Vətənin işğalına qarşı, Qarabağ uğrunda ümummilli müqavimət hərəkatı idi.

Meydan hadisələrindən danışarkən, heç vaxt unutmaq olmaz ki, 17 noyabr mitinqi konkret olaraq ermənilərin Topxana meşəsini qırmasına etiraz şüarı ilə başlanmışdı. Əlbəttə, konkret situasiyada “Topxana” bütövlükdə Qarabağın və Azərbaycanın – Vətənin simvolu kimi qavranılmışdı. Xalqın kollektiv şüuru Topxana qırğınını doğru olaraq insanlarımızın qırğını, böyük müharibənin başlanması kimi qəbul, hiss və dərk etdi. Beləliklə, Meydan Hərəkatının xarakterindən danışarkən, onun milli azadlıq, demokratiya hərəkatı ilə yanaşı, erməni təcavüzünə qarşı ümummilli müqavimət hərəkatı xarakterini də ayrıca qeyd etmək lazımdır ki, ən düzgün olanı da məhz budur.

Meydanda 30 il əvvəl erməni təcavüzünə, erməni ekspansiyasına, erməni işğalına qarşı dövləti müqavimət yetərli olmadığından, xalq müqaviməti, xalq faktoru meydana gəldi. 30 il sonra – bu günümüzdə də, dəyişmiş tarixi şərait və şərtlərdə də işğal olunmuş torpaqların qaytarılması uğrunda savaşda mübarizəni dövlət səviyyəsindən, – dövlət səviyyəsi əsas kimi saxlanılmaqla, – onu ümummilli, ümumxalq səviyyəsinə qaldırmaq , “xalq faktorunu” meydana gətirmək lazımdır.

Qarabağ Komitəsi ideyasının da mahiyyəti və məramı bundan ibarətdir.

2.
Qeyd etmək istədiyim ikinci amil Meydan Hərəkatının subyektləri və əsas subyekti məsələsidir.

Meydan Hərəkatı, əlbəttə ki, konkret şəxslərin və konkret təşkilatların, konkret qrupların, sosial təbəqələrin başlatdığı və apardığı bir fəaliyyət, proses idi. Bu konkret simaları inkar etmək yanlışlıq və ədalətsizlik olardı. Tarixi fakt ondan ibarətdir ki, 17 noyabrda mitinq Azərbaycan SSR EA- nın əməkdaşı Ənvər Əliyevin və nüvəsini Azərbaycan Dövlət Universitetinin tələbələrinin təşkil etdiyi “Yurd” birliyinin təşəbbüsü və təşkilatçılığı ilə başlanmışdı.

Eyni zamanda, ümumilikdə mitinqin özü 87-ci ilin sonundan başlayaraq, DQMV-də, Ermənistanda Azərbaycana qarşı ərazi iddiaları əleyhinə Azərbaycan ziyalılarının – Xudu Məmmədovun, Ziya Bünyadovun, Bəxtiyar Vahabzadənin, Süleyman Əlyarovun, Mahmud İsmayılovun, Anarın, Sabir Rüstəmxanlının, Rüstəm Behrudinin, Yüsif Səmədoğlunun, Aydın Məmmədovun, Nüsrət Kəsəmənlinin, 70-ci illərdən başlayaraq Azərbaycanın milli azadlıq ideyalarını (Azərbaycan SSR- in SSRİ tərkibindən ayrılaraq müstəqil dövlət olması, Azərbaycan dilinin real dövlət statusuna malik olması, xalqın totalitar sistemdə iqtisadi istismarının ləğv edilməsi və s.) siyasi-təşkilati müstəviyə gətirmiş Əbülfəz Elçibəyin və onun silahdaşlarının, həmfikirlərinin, onun lideri olduğu təşkilatların, konkret dövrdə Azərbaycanı Xilas Cəmiyyətinin, “Varlıq” təşkilatının fəaliyyətinin, Azərbaycanda milli şüurun oyanmasında böyük xidməti olan “Çənlibel”, Azərbaycan Xalq Cəbhəsi Hərəkatı təşkilatlarının qurucusu və lideri Məhəmməd Hatəminin, Azərbaycan SSR Elmlər Akademiyası alimlərinin və əməkdaşlarının (o cümlədən Z. Balayanın “Ocaq” kitabına məşhur “Cavab” hazırlamış İsa Qəmbərin), ictimai-siyasi və milli proseslərdə fəal iştirak edən əmək kollektivlərinin və onların lider nümayəndəsi kimi, Nemət Pənahlının, digərlərinin apardığı fəaliyyətlərinin nəticəsində hazırlanmış ümumi sosial-siyasi-psixoloji mühitin, ovqatın nəticəsi idi.

Mən bu gün bir məsələni də gündəmə gətirmək istəyirəm: o vaxtkı respublika Kommunist Partiyası və sovet rəhbərliyinin Hərəkatın milli azadlıq və demokratik xarakterinə qarşı mövqe və hərəkətləri ziddiyyətli və zərərli, bəzi hallarda antixalq, antimilli, hətta xəyanət dərəcəsində olsa da, ermənilərin və onların havadarlarının Qarabağ əleyhinə və Azərbaycana ərazi iddialarına qarşı milli müqavimətdə rolları məsələsinə yenidən baxmaq lazımdır.

Qarabağın itirilməsinə qarşı milli müqavimətdə həmin qüvvələrin də iştirakı mütləq nəzərə alınmalı və qeyd edilməlidir. Bu cəhətdən 17 noyabr mitinqinin başlanması və genişlənməsində o vaxtkı rəsmi rəhbərliyin, hətta hüquq-mühafizə və təhlükəsizlik orqanlarının iştirakı məsələsinin dəyərləndirmələrinə də yenidən baxılmalıdır. Burda, heç şübhəsiz, genişlənməkdə olan xalq hərəkatını nəzarətdə saxlamaq və onu idarə etmək, bu hərəkatın sistemə qarşı çevrilməsinə yol verməmək, xüsusən sovet imperiyasının əsaslarını dağıtmağa yönəlik istiqlal hərəkatına, kommunist totalitarizminə son qoymağı məqsəd güdən demokratiya inqilabına keçməsinə imkan verməmək motivi ilə yanaşı, erməni ekspansiyasına milli müqaviməti təşkil etmək motivi də vardır və məncə, bu motiv Qarabağa münasibətdə prioritet olmuşdur. Belə ki, biz bu motivi (milli motivi) heç bir kütləvi xalq hərəkatının olmadığı 20-ci illərdə N. Nərimanovun, daha sonra 40-47- ci illərdə M. Bağırovun, 69-cu ildə H. Əliyevin, 87-ci illərdən başlayaraq K. Bağırovun, Ə. Vəzirovun, A. Mütəllibovun Qarabağın Azərbaycanın tərkibində saxlanması məsələsində mövqe və fəaliyyətlərində də müşahidə edirik.

Heç şübhəsiz, 17 noyabr mitinqinin o dərəcədə miqyas almasında və bütün respublikanı əhatə etməsində həmin qüvvələrin də rolu və fəaliyyəti olmuşdur. Bu cəhətdən, 1988-ci il Meydan hadisəsi və hərəkatı, həqiqətən, ümummilli fenomen olub, Azərbaycan tarixində bənzəri olmayan bir hadisə idi.

Yuxarıda mən bu hadisənin siması olan şəxslərin, təşkilatların, təbəqə və sosial qrupların adlarını çəkdim. Lakin xüsusən Meydan hadisələrinin başlanmasında və genişlənməsində təşkilatçıların və meydana rəhbərlik etmiş şəxslərin rolunu inkar etməyərək və onları sayğı və minnətdarlıqla yadda saxlayaraq, birmənalı şəkildə qəbul etmək lazımdır ki, Meydanın tək və həqiqi qəhrəmanı əlahəzrət Azərbaycan Xalqı olmuşdur. Bu, sadəcə metafora, məcaz, mücərrəd bir mülahizə deyildir. 17 noyabrda mitinqi başlamış və ona rəhbərlik edən Ənvər Əliyev və “Yurd” birliyi bir gün sonra tribunadan xalqın içinə endi və mitinqə rəhbərlikdən çəkildi. Onlardan sonra meydana rəhbərlik edən ziyalılar, “Varlıq” təşkilatı, Sabir Rüstəmxanlı, habelə ilk günlərdən başlayaraq meydanda sürətlə populyarlaşan Nemət Pənahlı bir neçə gün ərzində meydanı dağılmağa çağırdı. Fasiləsiz davam etməyə başlamış mitinqin, müvəqqəti olsa da, dayandırılması üçün ilk anlarda loyal mövqe tutan Kommunist Partiyası və sovet rəhbərliyi də həm ziyalılara, Nümayiş Komitəsinə təzyiqlər göstərək, həm də təxribatlar törədərək meydanı dağıtmağa ciddi cəhd göstərdilər. Meydanın dağılması üçün ora “Quran” gətirildi. Hacı Sabirin bəlağətli və təsirli müraciətini orda olmuşlar xatırlamalıdır. Meydanı təşkil və idarə edən, demək olar ki, bütün rəsmi və qeyri-rəsmi qüvvələrin və şəxslərin birgə səyinə, çağırışlarına baxmayaraq, meydan durdusa, davam etdisə və o möhtəşəm tarix yazıldısa, bu, orda gecə-gündüz, soyuqda, yağışda dayanan Xalqın sayəsində mümkün oldu. Bu gün də bu xalqın addım səsləri eşidilməkdədir, iradəsi görünməkdədir və nəfəsi duyulmaqdadır.

3.
Toxunmaq istədiyim üçüncü məsələ, hər şeydə olduğu kimi, Meydan Hərəkatının da tarixi əhəmiyyətinin qiymətləndirilməsində ifratçılıqdan, aşırı şişirtmədən uzaq olmaqdır. Əlbəttə, Meydan ən yeni Azərbaycan tarixinin bu gün də təsirinin davam etdiyi ən mühüm və ən şərəfli səhifələrindən biridir. Əlbəttə, Meydanın Azərbaycanın milli və milli-siyasi şüurunun, bütövlük şüurunun yüksəlməsində ciddi, çox böyük rolu olmuşdur. Lakin o dövrdə Meydanın əhəmiyyətini qeyd etmək, ifadə etmək kontekstində doğru sayıla bilən bir sıra mülahizələr, məsələn, meydandakı çıxışlarda səslənən və bu gün də bəziləri tərəfindən təkrar edilən “Biz Meydana bakılı, qarabağlı, şirvanlı, naxçıvanlı kimi girdik, ordan Azərbaycan xalqı kimi çıxdıq” dəyərləndirməsi doğru sayıla bilməz. Biz qəbilələr toplumu deyilik. Biz, bu coğrafiyada imperiyalar qurmuş millətik. Öz tarixi dövrünə uyğun formada xalq olmayan toplum belə imperiyalar qura bilməzdi. Biz 1918- ci ildə yarandığı ilk gündə Batuma, Dərbəndə, İrəvan və ətrafına iddia edən, bu iddianı rəsmi xəritələrində əks etdirən, Bütöv Azərbaycan planları quran bir Cümhuriyyət qurmuş xalqıq. Ayrı-ayrı regional tayfalar şəkilində olan bir toplum bu Cümhuriyyəti qurub o ərazi iddialarını irəli sürə bilməzdi. Biz rəqiblərə və düşmənə “Bunlar özləri “biz 1988-ci ildə Lenin meydanında xalq olduq” deyirlər, etiraf edirlər” kimi fikirlər səsləndirməyə əsas verib, onun məkrli və xain məqsədlərinə xidmətə yol verməməliyik.

4. Meydan birləşmənin əsasını qoydu, eyni zamanda bu gün də davam edən parçalanmalar da o meydandan başladı. Meydanın birləşdirici təsiri parçalanma yaradan hallarından qat-qat üstün olsa da, bu detal mütləq nəzərə alınmalıdır. Bu sırada Qarabağ uğrunda milli müqavimət hərəkatı ilə milli müstəqillik və demokratiya uğrunda mübarizə arasında süni parçalanma, süni olsa da, öz zərərli təsirini bu günə qədər saxlayır.

5. Niyə məhz 17 noyabr milli dirçəliş günü kimi tanındı? 17 noyabra qədər Azərbaycanda milli tələb və şüarlarla, həmçinin Qarabağ tələbləri və şüarları ilə dəfələrlə mitinqlər və yürüşlər keçirilmişdi. O cümlədən 1988-ci ilin fevralın 19-da Bakıda ilk mitinq məhz Lenin meydanında keçirilmişdi. Və buraya ADU, Politexnik, İnşaat Mühəndislər İnstitutlarının tələbələri “Qarabağı müdafiə etməyə həmişə hazırıq!”, “Rədd olsun şovinizm!” kimi şüarlarla gəlmişdilər və burda Rüstəm Behrudi, Anar, Azərbaycan SSR komsomolunun birinci katibi Sahib Ələkbərov, Mansur Əliyev və “AZİ”-nin rektoru İsmayıl İbrahimov çıxış etmişdilər. Fevralın 21-də Ağdamda on minlərin iştirak etdiyi mitinq olmuşdu. 26 fevralda bütün dünyada geniş əks-səda vermiş on minlərlə insanın iştirak etdiyi Sumqayıt hadisələri baş vermişdi. 16 mayda Bakıda, yenə Lenin meydanında mitinqlər başlamış və bu mitinqlər 18 mayda, iyunda təkrar olunmuş, həmin mitinqlərə yüz minlər qatılmışdı. May-iyun 1988- ci ildə mitinq dalğası Qazax, Ağstafa, Gəncə və digər rayonları bürümüşdü. Bu mitinqlərdə ilk günlərdə “Qarabağ” şüarları ilə yanaşı, “Təbriz” şüarı səslənməyə başlamışdı, Azərbaycan dilinin real dövlət dili olması, ekologiyanın qorunması, tariximizin saxtalaşdırılmasına son qoyulması kimi tələblər qoyulmuşdu. “Çənlibel”, “Varlıq”, Xalq Cəbhəsi təşəbbüs qrupu, Xalq Hərəkatı Cəbhəsi kimi təşkilatlar meydana gəlmiş, o dövrdə ən müasir siyasi səviyyələrdə olan məramnamələr yazılmışdı. Belə olan halda, yuxarıdakı sualı bir daha təkrar etmək lazım gəlir: niyə məhz 17 noyabr Milli Dirçəliş Günü kimi tanındı?

Çünki 1988-ci ilin 17 noyabrından başlayaraq, Meydan sıradan bir mitinq olmaqla qalmadı, mitinq anlayışından fərqli bir varlığa çevrildi fərqli məna kəsb etdi. İlk dəfə olaraq bütöv bir xalq Meydan formasında təşkilatlanmış, Meydan formasında müstəqil orqanizmə çevrilmiş, Meydan formasında bütövləşmişdi.

6. Qarabağ məsələsində 30 il əvvəlki situasiya ilə indiki fərqlilikləri nəzərə almaq lazımdır. Əsas fərqlərdən biri ondan ibarətdir ki, biz imperiya çərçivəsində olsa da, o vaxt bizim olanın saxlanılması uğrunda mübarizə aparırdıq. İndi vəziyyət dəyişib: biz, bizdən alınmış bizim olanın qaytarılması uğrunda mübarizə aparırıq. Yəni, mübarizə Azərbaycan üçün o dövrdə daha çox müdafiə taktikası ilə şərtlənirdisə, indi daha çox hücum taktikası ilə şərtlənməlidir. Bu, təkcə hərbi sahəni yox, siyasi-diplomatik və ideoloji sahəni, informasiya, təbliğat sahəsini də əhatə etməlidir. Şüarlarımızda da dəyişikliklər edilməlidir. Buna uyğun olaraq, bu gün Qarabağ Komitəsinin apardığı prosesi hərəkata çevirmək, bunun üçün lazım gəlirsə, işimizin təşkilati formasında da təshihlər edilməlidir. Bununla bağlı Qarabağ Komitəsinin Qarabağ Azadlıq Hərəkatına çevrilməsi məqsədəuyğun hesab edilərsə, adın da bu şəkildə olması mövzusunu müzakirə etmək olar.
21.11.2018 11:09:00
Oxuma sayı: 656