Əli Kərimli həbsdən buraxıldı - 2500 manat cərimə müqabiləndə
Ölçü:


Milli Şuranın icazəsiz yürüşü ilə bağlı həbs edilən şəxslər cərimələnərək azadlığa buraxılıb.

Koordinat.az
-ın məlumatına görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs edilən AXCP sədri Əli Kərimli 2500 manat, “Kanal 13” internet televiziyasının əməkdaşı Nurlan Libre, bloger Fatimə Mövlamlı, AXCP üzvü Ramiz Cəfərov 500 manat, AXCP fəalları Sərdar Qubadsoy və Ramid Nağıyev 400 manat cərimə ediliblər.

Onlar məhkəmə iclas zalından azadlığa buraxılıb. Bir qədər sonra qalan 5 nəfərin daha 2-si cərimələnərək sərbəst buraxılıb, 3 nəfərə isə (Ağababa Cəfərli, Ruslan Əmirov, Cavid İbrahimov) 20 sutka həbs cəzası kəsilib.
 
Rəsmi məlumata görə, noyabrın 17-si saat 16 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyasının təxmini sayı 150 nəfərə qədər olan üzvü Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən əvvəlcədən xəbərdarlıq edilmələrinə baxmayaraq, Şəhidlər xiyabanı istiqamətində yürüş-mitinq keçirməyə cəhd göstəriblər. Ərazidə xidmətdə olan polis əməkdaşlarıicazəsiz yürüş-mitinqin qarşısı alıb və aksiyanın 52 nəfər iştirakçısı Səbail Rayon Polis İdarəsinə aparılıb. Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli də aksiyanın digər iştirakçıları ilə birlikdə saxlanılıblar. Sonradan C.Həsənli sərbəst buraxılıb. Sonra 41 nəfəri xəbərdarlıq edilərək sərbəst buraxılıb.

AXCP sədri Əli Kərimli başda olmaqla aksiyanın təşkilatçıları olan 11 nəfər saxlanılıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində İnzibati Xətalar Məcəlləsinin 513.1 və 513.2-ci maddələri ilə inzibati protokollar tərtib olunub və toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Əli Kərimli İnzibati Xətalar Məcələsinin 513.1. maddəsi (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin qaydasının pozulmasına görə) ilə ittiham olunub. Qanunda göstərilir ki, bu maddə ilə ittiham olunan şəxs min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir, yaxud iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs tətbiq oluna bilər.
19.11.2018 13:07:00
Oxuma sayı: 518