Erkən yaşda diş həkiminə gedən uşaqlara necə yardım etməli? - psixoloq məsləhəti
Ölçü:


Diş həkimindən qorxmaq odontofobiya, bəzən də dentofobiya və ya stomatofobiya adlanır. Hər on uşaqdan doqquzunda həmin hala rast gəlmək mümkündür.

Bu barədə  Koordinat.az-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib. O bildirib ki, belə uşaqlar əsasən qandan iyrənir, həkim ağız nahiyəsində işləyərkən eşidilən səs-küydən qıcıqlanır, ağzı davamlı açıq saxlamaq məcburiyyətindən qorxur, həkimin əli onlara toxunanda narahatlıq hissi keçirilər: ”Qorxunun baş verməməsi üçün uşağı diş həkimi ilə erkən yaşda tanış etmək lazımdır. 2 yaşına çatmayan uşaqları diş həkiminə aparmaq məsləhətdir, çünki həmin yaşda olan uşaqların diş həkiminin kreslosuna oturmaqdan xoşları gəlir. Erkən yaşda ağ xalata öyrənən uşaqlar sonralar diş həkiminə gedərkən qorxu hissindən uzaq olurlar".

Psixoloq bildirib ki, həkimə getməzdən əvvəl orda olacaq hadisələr uşağa izah edilməli, psixoloji hazırlıq aparılmalıdır: "Hətta müayinənin necə aparılacağı barədə onda təəssürat oyatmaq lazımdır. Uşağın əlinə qaşıq verərək onunla diş həkimi-xəstə oyunu oynamaq onu həkimə qarşı müalyimləşdirir. Öz növbəsində həkim də sonrakı seanslarda aparılacaq əməliyyat barədə ailə üzvlərinə və uşaqlara məlumat verməlidir. Diş həkiminə qarşı fobiyası olan uşaqlara təcrübəli mütəxəssis həkimlər seçmək lazımdır.

Stomatoloji müayinə və müalicə üçün seçilən klinikada uşaqların psixologiyasına uyğun dekorasiya, musiqi, maraqlı şəkillər və oyun otaqlarının olması böyük əhəmiyyət daşıyır. Uşaq nadinclik edərkən “sakit ol, yoxsa səni diş həkiminə apararam, dişini çəkdirərərəm” demək düzgün deyil, çünki diş həkiminin qorxusuna səbəb olan faktorlardan biri də valideynin tərbiyədə bu cür səhvlərə yol verməsidir. Uşaqlarda həkimə qarşı qorxu hissi aşılamaq düzgün taktika deyil”.

Psixoloq Yeganə Əsgərova daha sonra deyib:”Stomatologiyada istifadə edilən  keyləşdirici krem və spreylər iynənin ağrısını hiss etdirmir. İynə vurdurmaqdan qorxanlar əməliyyatlarda anesteziyadan qaçır və daha çox ağrı hiss edirlər. Həm xəstənin, həm də diş həkiminin psixoloji cəhətdən özlərini rahat hiss etməsi üçün keyidici dərman preparatı vurmaq və ağrı stressini yaşamamaq məsləhətdir.  Belə edəndə müalicə daha az çəkir və uğurla başa çatır. Xəstə qorxularını gizlətməməli və onu öz həkimi ilə paylaşmalıdır. Həkim isə işə sadə müalicələrdən başlayaraq xəstənin etibarını qazanmalıdır. Əks halda xəstə həmin qorxulıarla baş-başa qalır, həkiminə anlatmadığı üçün onların öhdəsindən gələ bilmir.

Qorxunu azaltmaq üçün həkim xəstənin etibarını qazanmalıdır, görüş saatı həm həkim. həm də xəstə üçün uyğun olmalıdır. Digər tərəfdən stomatologiyada istifadə edilən deşici alətin çıxardığı səsdən narahat olanlara müalicə əsnasında qulaqcıqal musiqi dinləmək məsləhətdir. Diş həkimi və ya assistent yumşaq formada təmas və rəftar göstərməli, müalicə vaxtı aparılacaq əməliyyatlar ətraflı şəkildə izah edilməli, ağrı olarkən uşağa əlini qaldıraraq xəbər verməsi başa salınmalıdır. Həmin üsullar fayda vermədikdə  ağrını hiss etdirməmək və xəstəni sakitləşdirmək üçün venadaxili sakitləşdiricilər verilir, bəzən ümumi anesteziya tətbiq edilir”.

“Stomafobiya əsasən dişlərin müalicəsini çətin keçirənlərdə əmələ gəlir. Diş həkimi işləyərkən maska taxdığına görə uşaqlar ondan qorxa bilər, ağızlarını açmaz, alətləri görüb qışqırar, nəticədə fobiya yaranar. Ona görə də böyük və ya kiçik yaşda olan uşaqlar dişlərinin ağrıdığını ətrafdakılara hiss etdirməməyə çalışırlar. Xəstə ağrıya dözə bilməyəndə diş həkiminə getmək məcburiyyətində qalır. Diş ağrısı zamanı xəstələrin qorxu səbəbindən müalicəni gecikdirməsi ciddi diş problemlərinə səbəb ola bilər və müalicə uzun çəkər. Ona görə də bu sahədə diş həkimlərinin üzərinə ağır yük düşür və onların diqqəti olmaları lazımdır. Müalicə zamanı xəstənin diqqətini cəlb edəcək xoş münasibət və diş həkimin psixoloji cəhətdən normal davranışı çox vacibdir. Stomatoloq və psixoloqun əməkdaşlığı diş həkimindən çəkinənlər üçün faydalıdır. İynə və qandan qorxanlar, digər fobiyaları olanların da mütəxəssisə müraciət etməsi məsləhətdir”, -deyə psixoloq söhbətə yekun vurub.
19.11.2018 10:36:03
Oxuma sayı: 439