Vergi islahatı:  1 milyon qeyri-rəsmi işçi qüvvəsi leqallaşacaqmı?
Ölçü:

Rövşən AĞAYEV,
İqtisadçı ekspert

Milli Məclisin sosial komitəsinin rəhbəri Hadı müəllimin proqnozuna görə, aparılan vergi islahatları nəticəsində gələn il azı 1 milyon nəfər qeyri-rəsmi çalışan işçi qüvvəsi leqallaşacaq.
Çox güman ki, muzdlu işçilərin, yəni əmək müqaviləsi əsasında maaşla çalışanların sayının 1 mln. nəfər artımından söhbət gedir. Bu çox böyük rəqəmdir - muzdla çalışanların birdən-birə 60% artması, rəsmi məşğulluğun hazırkı 33%-dən 50%-ə yüksəlməsi deməkdir.
Vergi islahatları deyəndə isə yəqin ki, neftdənkənar özəl sektorda aylıq 8000 manata qədər məvaciblərin gəlir vergisindən tam azad edilməsi, sahibkarların isə əmək haqqı fonduna görə sosial sığorta yükünün 7% azaldılması ilə bağlı plan nəzərdə tutulur.
Nə qədər real proqnozdur? Fikrimcə rəsmi şəxslərin hesablamalarının arxasında çox dəqiq hesablamalar durmalı, belə proqnozlar səsləndirilərkən əlaqəli rəqəmlərə istinadlar olmalıdır. Məsələn, hökumətin proqnozuna görə, 2018-ci ilə nisbətən gələn il qeyri-büdcə sektorundan məcburi sosial sığorta yığımları 89 mln. manat artacaq.
Nəzərə alaq ki, qeyri-büdcə sektoru dedikdə dövlətin büdcədənkənar bütün müəssisə və şirkətləri (SOCAR da daxil) nəzərdə tutulur. Yəni 89 mln. manalıq artımda özəl sektorla yanaşı büdcəyə aid olmayan təsərrüfat hesablı dövlət müəssisələrinin də payı var. Əlavə olaraq, hazırda özəl sektorda 700 min nəfər çalışır və Fonda vəsait ödəyir.Yəni 89 mln. manat artımda onların da payı var. Amma hesab edək ki, bu artım yalnız Hadı müəllimin dediyi 1 mln. nəfər yeni leqallaşan işçi qüvvəsi hesabına verəcək.
İndi belə vəziyyətdə sadə bir hesablama aparaq: 2019-cu ildə məcburi sosial sığorta yığımlarının qeyd edilən artımın 1 mln. nəfərə böləndə hər ay cəmi 7.4 manatlıq yığım yaranır. Bəs bu qədər yığım üçün bir işçiyə ayda nə qədər əmək haqqı almaq lazım gəlir? 29.6 manat. Halbuki ölkədə minimum maaş 130 manatdır. Həttə bütün leqallaşan işçi qüvvəsi minimum əmək haqqı səviyyəsində maaş alsa belə, Sosial Fondun mıcburi yığımlarının 89 mln. manat artması üçün 228 min işçi lazım olardı. Bu isə Hadə müəllimin dediyindən təxminən 5 dəfə azdır.
Eyni hesablamanı işsizlik sığortası üzrə də aparanda oxşar mənzərə yaranır. 2018-ci ilə nisbətən gələn il İşsizlik Sığortası Fondunun qeyri-büdcə yığımları cəmi 3.7 mln. manat artacaq. Bu fondun yığımları əmək haqqı fondundan 1% tutulmaqla formalaşır (0.5% işçi+0.5% işəgötürən). Oxşar vəziyyətdir: 3.7 mln. manatlıq artımı təmin etmək üçün hətta leqallaşan işçi qüvvəsi minimum əmək haqqı səviyyəsində maaş alsa belə, 237 min işçi qüvvəsi tələb edilir.
Aydındır ki, minimu əmək haqqına çalışanların ümumi məşğulluqda payı 10%-i ötmür. Bütün amilləri nəzərə alanda, vergi islahatları nəticəsində leqllaşan muzdlu iş qüvvəsinin ən yaxşı halda 150-200 min nəfər aralığında dəyişəcəyi deyilsə idi, daha real görünürdi.
Hər halda ilin 1-c yarısının yekununda bu 2 proqnozu müqayisə etmək imkanımız olacaq.
Bir vacib məqamı deyim: yuxarıda adını çəkdiyin hər 2 sosial fond öz büdcə prqonozunda dövlət və özəl sektordan daxilolamaları ayrıca proqnozlaşdırmalıdır. İndiki təcrübədə isə büdcə və qeyri-büdcə təsnifatəndan istifadə edir. Yuxarıda dediyim kimi, qeyri-büdcə sektoruna isə özəl subyektlərlə yanaşı dövlət mülkiyyətində olan bütün qeyri-büdcə müəssisələri aiddir.
İslahat aparmaq üçün statistikadan və dürüst hesabatlılıqdan başlamaq çox vacibdir...
18.11.2018 14:33:00
Oxuma sayı: 321