Əli Kərimli iki maddə ilə ittiham edilir
Ölçü:

Noyabrın 17-də saat 15 radələrində Dirçəliş günü ilə bağlı Şəhidlər Xiyabanına yürüş zamanı həbs edilmiş AXCP sədri Əli Kərimli iki maddə üzrə ittiham olunur.

Koordinat.az xəbər verir ki, bu barədə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli "Facebook" statusunda yazıb. O qeyd edib ki, Əli Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.2-ci və 513.1-ci (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) maddələri ilə ittiham edilir.

Xatırladaq ki, dünən saat 15 radələrində Dirçəliş günü ilə bağlı Şəhidlər Xiyabanına yürüş edən 60-70 nəfər AXCP üzvü ilə polis əməkdaşları arasında qarşıdurma yaranıb. Nəticədə 52 nəfər saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. Orada izahatı alındıqdan sonra 41 nəfər, o cümlədən Cəmil Həsənli buraxılıb. Saxlanılanlardan 11 nəfəri İnzibati Xətalar Məcəlləsinin 513.2-ci ("Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddəsi ilə ittiham olunub. Onlarla bağlı bu gün Səbail Rayon Məhkəməsində qərar veriləcək.

Qeyd edək ki, Əli Kərimliyə qarşı irəli sürülən maddələr üzrə ittiham pul cəzası, ictimai işlərə cəlb etmə və ya 2 ay müddətinə inzibati həbs cəzasını nəzərdə tutur.
.
18.11.2018 12:55:47
Oxuma sayı: 356