Zahid Oruc şəhid ailələrinin incidilməsinə etiraz etdi: "Tariximizin ən şanlı səhifələrini yazan şəhidlərin tərcümeyi-halı necə yandırıla bilər?!"
Ölçü:


“Şəhid hərbi qulluqçuların ailələrinə verilən sığorta haqları barədə fərman 11 aprel seçkilərindən sonra prezidentin ilk qərarı idi. Bununla da dövlət başçısı hamıya onu nümayiş etdirdi ki, torpaqlarımız uğrunda canından keçən insanlar onun nəzərində birincidir və dövlətin məhək daşları hesab olunur".

Koordinat.az
xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Zahid Oruc deyib. O qeyd edib ki, Azərbaycanın bütövlüyü uğrunda illərlə böyük iradə və misilsiz xidmətlər göstərən Ali Baş komandan əsgər və zabitlərin qədrini hamıdan yaxşı bilir: "Həmin müqəddəs fərmanı ilahi mahiyyətinə uyğun da yerinə yetirmək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Kommersiya Sığorta Şirkətinin vəzifə borcudur. Təəssüflər olsun ki, son iki ayda biz həmin ailələrin kütləvi xarakterli şikayət və müraciətləri ilə üz-üzə qalmışıq. Nə baş verir? Burada yaranan sualları aydınlaşdırmaq üçün qeyd etməliyəm ki, əvvəlki nazir Səlim Müslümov vəzifəsindən getsə də, onun keçmiş fəaliyyəti qanunsuz elan olunmayıb və elə olan halda hörmətli Səlim müəllimdən gətirəcəyim sitatı kimsə şübhə altına ala bilməyəcək. Fərmanın dərcindən bir gün sonra Səlim müəllim nazirliyin rəsmi saytında deyir: "Fərman 8800 ailəyə şamil olunacaq".

Deməli, belə bir hesablama həmin günlərdə aparılıb. İndi nə baş verir? Cavabdeh sığorta qurumunun yaşlı bir xanım işçisi həssaslıq və diqqət tələb edən minlərlə şəhid ailəsinin qarşısına iki ədəd köhnə, nimdaş bir dəftərlə çıxıb və sübut etməyə çalışır ki, o insanların çoxu haqsızdır.
O boyda qurum müasir texnologiyalarla həmin sənədləri bu on ildə kompüterləşdirə bilməzdimi? Sonra uydurdular ki, arxiv yanıb. Bu, necə ola bilər, axı, millətimizin tarixinin ən şanlı səhifələrini yazan adamların tərcümeyi-halı necə yana bilər? O nimdaş dəftərlərdə olan qeydlərdən iqtibaslar gətirmək istəyirəm. Guya yaşlı bir ana oğlunun “yeddi”si çıxmamış gedib o pulu alıb. Yaxud, varis olmadığından iki yaşlı nənə və baba nəvələri üçün sığorta pulunu 40 mərasimi çıxmamış, hələ dərd soyumamış alıblar. Adicə çəkilən imza bunun saxta oldugunu göstərir. 90 yaşlı baba sanki Donald Trampın məlum möhtəşəm qolunu çəkib”.

Zahid Oruc hesab edir ki, buna inanmaq mümkün deyil: "Ona görə düşünürəm ki, bu işin içərisində hansısa bir “qara əl” var. Adamlar gedib öz haqqını məhkəmələrdə sübut edir. Bu, yaxşı hal deyil. İndi də hüquqi varis məsələsini ortaya atıblar. Halbuki sadə vətəndaş belə düşünür ki, Londonda saray həbsxanasında olan Zamirə Hacıyevanın dəbdəbəyə xərclədiyi 130 milyon manatla 1988-1997-ci illərin bütün şəhidlərinin haqqını vermək olardı.

Cahangir Hacıyevin  milyardları ilə o şəhidlər hər il kompensasiya ala bilərdi. Ona görə  gələn ilin büdcəsində bu məqsədlə ayrılmış 50 milyon manatı böldükdə onu alacaq 4500 ailə ilə bağlı sığorta təşkilatı hər həftə cəmiyyətə məlumat verməlidir və o müqəddəs fərmanın ruhuna xələl gətirən bütün addımlardan daşınmalıdır” .
 
14.11.2018 15:24:00
Oxuma sayı: 335