Nemət Pənahlı niyə həbs olunmuşdu? - özü danışır
Ölçü:


Milli azadlıq hərəkatının öncül isimlərindən olan, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı bir aylıq inzibati həbs cəzasından sonra noyabrın 12-də azadlığa buraxılıb.

Koordinat.az xəbər verir ki, Nemət Pənahlı “Yeni Müsavat”a açıqlamasında səhhətində problemlər olduğunu deyib: “Məndə bir xarakter var, həbsə düşdümsə, bilirəm ki, artıq dörd divar arasındayam. Üç il ərzində oxuya bilmədiyim kitabları oxudum, yaza bilmədiyim şeirlərimi yazdım. Ailəm demək olar hər gün mənə yemək gətirirdi. Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanası təmirə bağlandığı üçün Nəsimi Polis İdarəsində cəzamı çəkdim. Ailəm, dostlarım isə bundan bir neçə gün sonra xəbər tutublar. Həbsimə reaksiyalar kifayət qədər qaneedici olub. Siyasilərdən hər kəs münasibətini bildirib. Hətta əleyhdarlarım belə həbsimin haqsız olduğunu söyləyiblər”.

Xatırladaq ki, ilk dəfə 1988-ci il dekabrın 31-də həbs edilən N.Pənahlı 1989-cu il fevralın sonlarında azadlığa buraxılıb. İkinci dəfə 2011-ci ilin yanvar ayında həbs edilərək “silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda müqəssir bilinərək” 6 il müddətinə azadlıqdan məhrum edilib. 17 mart 2016-cı il tarixində verilən əfv sərəncamı ilə azadlığa çıxıb.
14.11.2018 12:56:00
Oxuma sayı: 468