Bakı Dövlət Universitetində Rusiya xofu - Ukrayna ilə bağlı tədbir təxirə salınıb
Koordinat.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu özünün "Facebook" səhifəsində məlumat yayıb. O qeyd edib ki, dəyirmi masada Ukraynadan dəvət olunan alimin məruzəsi dinlənilməliydi. Lakin BDU rəhbərliyi son anda tədbirdən imtina etdiyindən Ukraynanın Bakıdakı səfirliyi dəyirmi masanı noyabrın 15-də səfirlik binasında keçirmək qərarına gəlib.
Xatırladaq ki, Ukraynada “Qolodomor” dövründə 4 ildə 7 milyon insan həlak olub. Bu, Stalin rejiminin repressiyasıdır. Elxan Şahinoğlu bildirib ki, “Qolodomor” olaylarını bütün dünya bilir və qəbul edir: "Bunu Stalin rejimi edib, o rejim ki, məmləkətimizin də minlərlə tanınmış insanını ölümə məhkum edib. Yəni Stalinin etdiklərinin indiki Rusiya hakimiyyəti ilə əlaqəsi yoxdur".
Politoloq milyonlarla ukraynalının xatirəsinə həsr olunmuş tədbirdən imtina edilməsini Azərbaycanda Rusiya xofunun mövcudluğu, universitet rəhbərliyinin qorxaqlığı kimi dəyərləndirib: "Stalinin etdiklərinin indiki Rusiya hakimiyyəti ilə əlaqəsi yoxdur. Belə isə nədən və kimdən qorxursunuz? Bəlkə ehtiyat edirsiniz ki, Rusiyada kimlərsə Bakı Dövlət Universitetində “Qolodomor”a dair konfransın keçirilməsinə etiraz edər? Bəs, bir gün Ukrayna hakimiyyəti Kiyevdə Xocalı soyqırımı ilə bağlı tədbiri təxirə salsa və ya bizim qan yaramız olan hadisəyə etinasız yanaşsa nə deyəcəyik, necə reaksiya verəcəyik? Bu haqda düşündünüzmü?"
BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova isə bildirib ki, universitetə belə bir məktub daxil olsa da, tədbirin noyabrın 15-də keçirilməsi ilə bağlı hansısa razılaşma olmayıb: "Sadəcə, noyabrın 15-də universitetdə öncədən planlaşdırılmış tədbirlərin keçirilməsi səbəbindən həmin dəyirmi masanın başqa vaxta təyin edilməsi məsələsi gündəmdə olub. Yəni biz razılıq verib sonra tədbirdən imtina etməmişik, cədvəl səbəbindən həmin gün alınmayıb. Növbəti günlərdə belə bir tədbirin keçirilməsi müzakirə oluna bilər".
Politoloq isə bildirib ki, BDU-da keçirilməli olan və sonradan imtina edilən tədbirə dair dəvətnamələrdə dəyirmi masanın dəqiq ünvanı və vaxtı göstərilmişdi.
Diqqət çəkən məqamlardan biri də odur ki, noyabrın 15-də Bakı Dövlət Universitetdə keçiriləcək digər tədbir barədə hər hansı məlumat açıqlanmır.
Politoloq Elxan Şahinoğlunun bu statusu sosial şəbəkələrdə xeyli müzakirələrə səbəb olub.
14.11.2018 10:24:35
Oxuma sayı: 763