Azərbaycan üzərindən yükdaşımalar artır - Bakı-Tbilisi-Qars yolu diqqət mərkəzində
Ölçü:


Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri indi ölkəmizə beynəlxalq miqyasda marağı daha da artırmaqda, öz yüklərini ərazimizdən keçirməklə daşımaq istəyən dövlətlərin sayı nəzərəçarpacaq dərəcədə çoxalmaqdadır.  Məsələn, hadisələrin inkişaf axarı göstərir ki, artıq Azərbaycan Orta Asiya ölkələri üçün bundan sonra əsas tranzit məkanlardan biri olacaq.

Koordinat.az xəbər verir ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin işə düşməsi Orta Asiyada yerləşən ölkələrin Azərbaycana marağını xeyli artırıb. Məsələn, məlumdur ki, Bakı və Astana Qazaxıstan neft və qazının Azərbaycandan keçməklə dünya bazarlarına nəqli məsələlərinə dair iki işçi qrupu yaratmağa hazırlaşır. Qazaxıstanın energetika naziri Kanat Bozumbayev bu xüsusda bildirir: “Qazaxıstan neft və qazının hasilat həcmi artacaq və Azərbaycan ixrac marşrutları qismində nəzərdən keçirilir. Bu məhsulların gələcəkdə Azərbaycandan keçməklə dünya bazarlarına nəqli nəzərə alınaraq, Qazaxıstanın Qərbində maye qaz  zavodunun inşası planlaşdırılır”. Onun sözlərinə görə, bununla əlaqədar Qazaxıstan müvafiq nazirlik və idarələrin nümayəndələrindən ibarət xüsusi işçi qrupunun yaradılmasına dair Azərbaycanla razılığa gəlib: “Bu işçi qrup yaxın bir neçə ay ərzində həmin layihənin nə dərəcədə mümkün olacağını öyrənərək bizə hesabat verəcək”. Bozunbayev əlavə edib ki, ikinci qrup Qazaxıstan neftinin Azərbaycandan keçməklə dünya bazarlarına nəqlinin rəqabətədavamlılığını öyrənəcək. Xatırladaq ki, Qazaxıstan onsuz da indiyə qədər neftinin bir hissəsini Azərbaycan üzərindən ixrac edir və Gürcüstanın limanlarına çıxarırdı. Amma Bakı-Tiflis-Qarsın işə düşməsindən sonra Qazaxıstan neft və maye qazını qatarlar vasitəsilə birbaşa Türkiyə limanlarına çıxarmaq imkanı qazanıb və bu, Astana üçün daha sərfəlidir. Elə bu fonda Bakı-Tiflis-Qarsla daşınan qazax yüklərinin həcminin artması gözlənir.

Bundan başqa, Bakı-Tiflis-Qars Özbəkistanın da diqqətini özünə cəlb edir. Artıq məlumdur ki, 2018-ci ilin ilk rübündə Özbəkistan bu dəmir yolu xəttilə pilot qaydada tranzit yükdaşımalarına başlaya bilər.  Özbəkistan prezidenti Şövkət Mirziyoyevin imzaladığı fərmanla ölkənin 2018-2022-ci illəri əhatə edən nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və xarici yükdaşıma marşrutlarının diversifikasiyasına dair dövlət proqramı təsdiqlənib. Proqram Bakı-Tiflis-Qars dəmir yollu xəttilə pilot qaydada tranzit yükdaşımalarının həyata keçirilməsini də nəzərdə tutur. İlk yükdaşımaların həyata keçirilməsinə 2018-ci ilin ilk rübündən etibarən başlanması nəzərdə tutulub. Proqrama əsasən, Özbəkistan tərəfi Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa İttifaqı vahid nəqliyyat dəhlizinin formalaşdırılmasında da iştirak edəcək. Beləliklə, özbək yükləri də Azərbaycan üzərindən daşınacaq.

Azərbaycanın tranzit imkanları Hindistanın da diqqətini özünə cəlb edir. Bu ölkə 2018-ci ilin yanvarından İran və Azərbaycandan keçməklə Rusiyaya konteyner yüklərin daşınmasına başlayacaq. Hindistanın Aksiz və Gömrük Mərkəzi Şurasının komissarı Sandip Kumarın sözlərinə görə, yük daşınması Hindistanın “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaqla baş verəcək. Kumar qeyd edib ki, bu, yüklərin daşınma müddətini indiki 35 gündən 17 günədək azaldacaq.

Xatırladaq ki, “Şimal-Cənub” dəhlizi mühüm əhəmiyyət kəsb edən dəhlizlərdən biridir. Bu layihə Hindistan, Hind okeanı sahilində yerləşən dövlətləri, İran, Azərbaycan, Rusiya və Skandinaviya dövlətlərini vahid nəqliyyat marşrutunda birləşdirir. İndiyə qədər Hindistanla bağlı ticarət dövriyyələrinin əsas hissəsi Hind okeanından Süveyş kanalı, Aralıq dənizi və Baltik dənizi vasitəsilə daşınmaqdadır. Amma bu zaman yüklərin daşınması üçün bir aydan çox vaxt sərf olunur. “Şimal-Cənub”un əsas üstünlüyü isə  tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Bundan başqa, Azərbaycan Hindistana Bakı-Tiflis-Qarsın işə düşməsi ilə “Cənub–Qərb” nəqliyyat dəhlizini də təklif edir.  Mühüm əhəmiyyət kəsb edən bu nəqliyyat Fars Körfəzi-Hindistan – İran – Azərbaycan – Gürcüstan – Qara dəniz – Avropa marşrutu üzrə fəaliyyəti nəzərdə tutur.  Özü də məhz bu  nəqliyyat dəhlizinin inkişaf perspektivi Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsini ildən–ilə genişləndirən Hindistan üçün çox vacibdir. Avropa İttifaqı ilə Hindistan arasında cari ticarət dövriyyəsi illik 25,5 milyon ton təşkil edir və bu dövriyyənin 94 faizi Hind okeanından Süveyş kanalı və Aralıq dənizi vasitəsi ilə Avropa İttifaqına daşınmaqdadır. Lakin buna çox vaxt gedir.  “Cənub–Qərb”  dəhlizinin daşıma müddəti baxımından 50 faiz qısa və tranzit qiyməti baxımından isə rəqabətə davamlıdır. Bu fonda Hindistanın da gələcəkdə Azərbaycan üzərindən daha böyük həcmdə yük daşıması gözlənir. Artıq istifadəyə verilən Transxəzər Beynəlxalq Nəqliyyat marşrutu da Azərbaycana yükdaşımalardan böyük qazanc gətirir. Çin, Mərkəzi Asiya, Xəzər və Qara dəniz hövzələri və Avropa ölkələrindən yük daşımaları dövriyyəsini Azərbaycan üzərindən keçməklə hər iki istiqamətdə təmin edən bu marşruta beynəlxalq maraq getdikcə artır.
11.12.2017 15:18:00
Oxuma sayı: 1310