Şəkər xəstələri üçün olan dərmanlara ayrılan pul tələbatı ödəmir
Ölçü:


“Bu il şəkərli diabet xəstələri üçün dövlət tərəfindən ayrılan maliyyə vəsaiti artırılaraq 36 milyon manata çatdırılıb, amma dərmanlar xarici valyuta ilə alındığı üçün bu vəsait çatmır”.

Koordinat.az xəbər verir ki, bunu Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Salek deyib. Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsində şəkərli diabet xəstələri üçün ayrılacaq maliyyə vəsaitinin artacağı gözlənilir. Bu yaxınlarda şəkərli diabet xəstələrinin dərman preparatları ilə təminatında yaranan problemə də toxunan B.Salek bildirib ki, dərmanların alınması zamanı növbələrin yaranmamasından ötrü bölgələrdəki bütün həkimlərə xəstələrə dərmanların fərqli günlərdə verilməsi barədə tapşırıq verilib: “Bölgələrə məlumat göndərildi ki, rayonlardakı xəstələrin hamısına dərman 1-3 gün ərzində paylanılmasın. Xəstələr bir ay ərzində elə bölüşdürülsün ki, onlar ayın müəyyən günlərində dərmanlarını alsınlar. Xəstələrin hamısının 1-3 gündə kiçik bir aptekdən dərman alması böyük növbələrin yaranmasına və nəticədə ajiotaja səbəb olur. Digər tərəfdən, iki gün ərzində xəstələr müraciət edəndə endokrinoloqun işi yalnız resept yazmaq olur, digər xəstələrin müayinəsinə isə vaxt qalmır. Problemin çıxış yolunu bunda görürük ki, bu ildən etibsrən rezidenturada təhsil alan endokrinoloqların sayı artırılsın”.

B.Salek əlavə edib ki, hazırda respublika üzrə 359 endokrinoloq var: “Elə bölgələrimiz var ki, orada 2600 xəstəyə cəmi 2 endokrinoloq baxır. Onlar bu işi çatdıra bilmədiklərindən gələn ildən etibarən həm tibb bacıları üçün treninqlər keçiriləcək, həm də bu işə terapevtlər cəlb ediləcək. Treninqdən sonra terapevtlər ikinci tip diabetin başlanğıcında olan xəstələrin müalicəsini apara biləcəklər”.
12.11.2018 16:12:42
Oxuma sayı: 328