İcbari tibbi sığortanın tətbiqi üçün “Yol Xəritəsi” hazırlanıb
Ölçü:


İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı “Yol Xəritəsi” hazırlanıb.

Koordinat.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) bildiriblər. Hazırda “Yol Xəritəsi” müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Növbəti ildə “Yol Xəritəsi”ndə dövlət tibb müəssisələrinin icbari tibbi sığortanın prinsiplərinə əsasən hazırlanması və səhiyyə sisteminin icbari tibbi sığortaya tam inteqrasiyası nəzərdə tutulub.

“Yol Xəritəsi”ndə maliyyə dayanıqlığının təmin edilməsi üçün icbari tibbi sığortanın müxtəlif mənbələrdən maliyyələşdirilməsi nəzərdə tutulur. Bu maliyyə mənbələrinə dövlət büdcəsi, əhalidən toplanan sığorta haqları və alternativ maliyyə  mənbələri aiddir.

Rəsmi məlumata görə, növbəti il dövlət büdcəsində icbari tibbi sığorta üçün nəzərdə tutulan vəsait alternativ maliyyə mənbələrinə aiddir və “Yol Xəritəsi”nin tələblərindən irəli gələn məsələlərin icrası üçün rezerv (ehtiyat) vəsaitdir.

Xatırladaq ki, gələn ilin dövlət büdcəsində icbari tibbi sığortaya 224 milyon manat vəsait ayrılması nəzərdə tutulub. 2019-cu ildə icbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiq olunması üçün yekun hazırlıq işləri həyata keçiriləcək. Sistemin bütün ölkə üzrə tətbiqinə 2020-ci ildən başlanması gözlənilir.
07.11.2018 11:26:00
Oxuma sayı: 168